Siyasət (4-02-2021, 14:42)
“Keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytarmalıyıq”
"Əgər biz bu işi onların öhdəsinə buraxsaydıq, bilinmir neçə il lazım olacaqdı. Mən müharibə başa çatandan sonra Müdafiə Nazirliyinə göstəriş vermişdim ki, əlavə istehkamçı taborlar yaradılsın və onlar yaradılıbdır”.
Mediatv.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vüqar Süleymanovu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, azad edilmiş torpaqlarda minalardan təmizləmə işi ilə bağlı ona müntəzəm olaraq məlumat verilir:
“Bu günə qədər işin təqribən 80-90 faizini Müdafiə Nazirliyinin istehkamçıları görüblər. Amma sizin rəhbərlik edəcəyiniz agentlik bundan sonra işin əsas hissəsini öz üzərinə götürməlidir. Əlbəttə, Müdafiə Nazirliyinin istehkamçıları bundan sonra da çalışacaqlar. Çünki işin həcmi kifayət qədər böyükdür. Ancaq Minatəmizləmə Agentliyinin elə imkanı olmalıdır ki, bu agentlik ümumi işimizə böyük töhfə versin. Çünki əvvəlki agentliyin texniki təchizatı çox aşağı səviyyədə idi, say tərkibi aşağı səviyyədə idi. Əgər biz bu işi onların öhdəsinə buraxsaydıq, bilinmir neçə il lazım olacaqdı. Bizim vaxtımız yoxdur. Biz keçmiş köçkünləri tezliklə öz doğma torpaqlarına qaytarmalıyıq. Ancaq hər kəs bilməlidir ki, birinci dərəcəli məsələ minalardan təmizləmədir”.