Ermənistan özünün darmadağın edilmiş, iki milyard dollarlıq hərbi texnika və silah-sursat itirmiş, ölü və yaralı hərbçilərlə bağlı hələlik dəqiq statistikası məlum olmayan ordusunun yaradılmasının ildönümünü “qeyd edib”. Ötən illər ərzində ermənilər bu tarixi həm İrəvanda, həm də Xankəndində “parad”la qeyd edirdilər. Budəfəki ordu günündə isə ermənilər 44 günlük döyüşlərdə aldıqları sarsıdıcı zərbələrdən dərs alıb, susmaq əvəzinə, yenə də həyasızcasına revanş haqqında danışırlar.
Belə ki, həm keçmiş prezident Serj Sərkisyan, həm də müxalifətin yeni lideri Vazgen Manukyan həyasızcasına iddialar səsləndiriblər. Birinci Qarabağ müharibəsində törədilən cinayətlərdə kifayət qədər “pay”ı olan bu canilər Ermənistan ordusunun yenidən “dirçələcəyi”ni və təhlükəsizliyin qarantı olacağını, düşmənə qalib gələcəyini sərsəmcəsinə vurğulayıblar. Azərbaycan Prezidenti dəfələrlə öz çıxışlarında bəyan edib ki, ordumuz Sərkisyan-Köçəryan cütlüyünün yaratdığı ordunu darmadağın edib. İşğalçı ölkənin ordusunun 80 faizinin darmadağın olduğunu hətta xarici ekspertlər də dəfələrlə vurğulayıblar. Bu gün Ermənistan hakimiyyəti əhalini yaşatmaq üçün minimum imkanlara belə malik olmadığı halda, onun özlərini siyasətçi adlandıran nümayəndələri revanş barədə düşünürlər. Hansı ki, Rusiyanın moderatorluğu ilə əldə olunan anlaşmalar, xüsusilə də kommunikasiyaların açılmasını nəzərdə tutan qərarlar həm də Ermənistanın dalandan çıxarılmasını, xarici aləmə çıxış imkanları əldə etməsini özündə ehtiva edir. Belə olan halda erməni siyasətçilərin həyasızcasına Azərbaycana yönəlik təhdid fikirlərini dilə gətirməsi qəbulolunmazdır, amma səbəbsiz də deyil.
Heç şübhəsiz ki, burada Rusiya sülhməramlılarının bölgədə yerləşməsi öz sözünü deyir. Hər kəsə bəllidir ki, əgər 10 noyabr üçtərəfli razılaşması olmasaydı, Azərbaycan ordusu Xankəndi və digər əraziləri də bir-iki günə terrorçu qruplaşmalardan təmizləyəcək, Paşinyanın etiraf etdiyi kimi, 20 minlik silahlı birləşmələr tam mühasirəyə düşəcəkdi. Kapitulyasiya aktına imza atmağa vadar olan N.Paşinyan daxil, ermənilərin bir neçə ay sonra yenidən baş qaldırmasının “sirri”ni məhz Rusiya sülhməramlılarında axtarmaq lazımdır. Azərbaycan Prezidenti şəxsən sülhməramlıların bir sıra hallarda onlara aid olmayan fəaliyyətlə məşğul olduğunu nəzərə çatdırıb və narazılıqlar ifadə olunub. Bəzi hallarda sülhməramlı kontingentin əhatə dairəsini genişləndirmək cəhdləri, yeni xəritə yayması, Rüstəm Muradovun Araik Arutyunyanla səmimi görüşləri və sair hallar Azərbaycan ictimaiyyətində haqlı etirazlar doğurur. Təbii ki, rəsmi Bakı daha çox Rusiya prezidenti Vladimir Putinin siyasi iradəsinə və Qarabağla bağlı korrekt davranışına istinad edir. Putinin “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” bəyanatı kifayətdir ki, sülhməramlılar da çərçivədən kənara çıxmasınlar, separatçıların bölgədən çıxarılmasını tezləşdirsinlər.
Qeyd edək ki, sülhməramlıların bölgədə nə qədər müddətdə qalıb-qalmamasına dair 10 noyabr sənədindəki bənddə Ermənistanın adı keçir. Həmin bəyanatda aydınlaşacaq bir mühüm məqam var. Əgər Azərbaycan, müəyyən müddətdən sonra - sənəddə həmin müddət 5 ilin bitməsinə 6 ay qalmış olaraq göstərilib - Rusiya sülhməramlı qüvvələrinə ehtiyac qalmadığı qənaətinə gələrsə və Ermənistan isə onun əleyhinə olursa, o zaman necə olacaq? Bu, qeyri-müəyyənlik yaradan maddədir. Bir sıra ekspertlər deyir ki, Rusiya hərbi qüvvələrinin Qarabağda sülhməramlı statusu Rusiya-Türkiyə-Azərbaycan üçtərəfli formatında müəyyən edilməlidir. Azərbaycanda yerləşən Rusiya qüvvələrinin statusunu biz Ermənistanla niyə müzakirə etməliyik? 10 noyabr bəyanatının 5-ci maddəsinə görə, Rusiya-Turkiyə Birgə Müşahidə Mərkəzi qurulur. Və bu mərkəz bilavasitə sülhməramlıların işinə nəzarət etmə funksiyası da daşıyır. Həm bu mərkəzin mandatı və həm də sahədəki rus sülhməramlılarının mandatı Rusiya-Turkiyə-Azərbaycan formatında müəyyən edilməlidir. Qeyd edək ki, artıq Ağdamda qurulacaq sözügedən mərkəzlə bağlı işlər tamamlanmaq üzrədir və yaxın günlərdə fəaliyyətə başlayacaq. Türkiyə dövləti Qarabağla bağlı hər zaman Azərbaycanın yanında olacağını daim bəyan edir və qardaş ölkənin əməli də buna şübhə yeri qoymur. Düzdür, Türkiyənin elə rus sülhməramlılarının sayı qədər bölgəyə hərbçi göndərəcəyi barədə gözləntilər hansısa səbəblərdən reallaşmadı. Ancaq Azərbaycanda heç kəs şübhə etmir ki, Türkiyənin burada hərbi kontingenti olmasa belə, qardaş ölkə istənilən vaxt qardaşlarının köməyinə yetişə bilər. Üstəlik, türkiyəli minaaxtaranlar Qarabağda fəaliyyətdədir, həmçinin generalın rəhbərlik etdiyi hərbçilərdən ibarət heyət mərkəzdə fəaliyyətə başlayacaq.
Lakin yuxarıda qeyd etdiyimiz kimi, sülhməramlılara münasibətdə Azərbaycan və Ermənistanda mövcud olan və gələcəkdə də mövcud ola biləcək fərqli yanaşmalar anormal vəziyyət yarada bilər. Bəlkə elə bu səbəbdən də qardaş ölkənin prezidenti rusiyalı həmkarı ilə telefon söhbətində bildirmişdi ki, elə vəziyyət yaranmalıdır, sülhməramlılara ehtiyac qalmasın. Hər halda, şübhələr, narahatlıqlar az deyil. Ermənistanın imzaladığı kapitulyasiya sənədində əksini tapan sözügedən məqam, sadəcə, boşluqdur, yoxsa gələcək üçün basdırılan “mina”? Ekspertlərimizin mövcud durum və gələcəkdə yarana biləcək situasiya ilə bağlı maraqlı yanaşmaları var.
Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, müəyyən dövr keçəndən sonra Rusiya sülhməramlılarının missiyasının mənasız olduğu ortaya çıxacaq: “Ermənistanda elə indi bu barədə danışırlar, deyirlər ki, ruslar əslində Ermənistanın müstəqilliyini məhdudlaşdırıb. Əlbəttə, əgər Ermənistanla biz bir çox məsələlərdə anlaşa bilsək, rus qüvvələrinin 5 ilin sonunda getməsi istəniləcək”. Ekspert hesab edir ki, sülhməramlılarla bağlı İrəvandan kimsə icazə, ya razılıq istəməyəcək: “Rusiya sülhməramlıları Azərbaycan ərazisində iş aparır, Ermənistanın razılığına ehtiyac yoxdur. Bəli, imzalanan bəyannamədə ”tərəflərdən biri" ifadəsi var, əslində bu, yanlışdır. Ermənistan burada tərəf ola bilməz. Bəli, yalnız Azərbaycan 6 ay öncə bu təklifi verə bilər". Q.Çaxmaqlı əmindir ki, Türkiyənin Müşahidə Mərkəzində olması gələcəkdə onu da maraqlı tərəflərdən biri halına gətirəcək: “Rusiya sülhməramlılarının burada nə statusu, nə də mandatı var. İkili razılaşma ilə Azərbaycan Türkiyəni dəvət edə bilər. Ermənistanı heç zaman hesaba qatmaq lazım deyil, yavaş-yavaş onun Qarabağla bağlı maraqlarını azaltmaq üçün tədbirlər görülməlidir. Problem varsa, o bizim problemimizdir. Rusiyanın və yaxud Ermənistanın yox. Elə etmək lazımdır ki, başqaları nəyi, nə zaman, necə edəcəyimizi bizə diktə edə bilməsinlər”.
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı qəzetimizə bildirdi ki, 10 noyabr razılaşmasının mətnində bəzi boşluqlar var: “Amma bu, kimlərinsə Azərbaycana qarşı istifadə edəcəyi qədər təhlükəli deyil. Bir məsələni dəqiq bilməliyik ki, Rusiya həmin sənədin imzalanmasına təkid edərkən və buna nail olarkən ilk növbədə Ermənistanı deyil, özünü xilas edirdi. Azərbaycan Ordusunun Xankəndinə girməsi Ermənistandan çox, Rusiyanın məğlubiyyəti demək idi. Bu, Rusiya üçün həm hərbi məğlubiyyət demək olardı, həm də ondan sonra Rusiya hərbi bazasının Ermənistanda qalması mənasını itirirdi, Qarabağı itirmiş Ermənistan çox asanlıqla və sərt şəkildə Rusiya hərbi bazasının xidmətindən imtina edə, onun çıxarılmasını tələb edə bilərdi. Ona görə Putin o cür canfəşanlıqla, tələm-tələsik sənədin imzalanmasını istəyir, Rusiyanı xilas etməyə çalışırdı”. A.Nağının fikrincə, indiki şəraitdə Rusiya üçün sülhməramlı məsələsi regionda qalmaq üçün vasitədir: “Amma Türkiyə və Azərbaycanın mövqeyi bu məsələdə getdikcə konkretləşir. Türkiyə prezidenti artıq niyyətini arzu şəklində bildirdi ki, region sülhməramlıların xidməti olmadan yaşaya bilsə, yaxşı olar. Azərbaycan da sülhməramlıların statusu ilə bağlı məsələnin konkretləşdirilməsini, Azərbaycan əsgərlərinin prosesdə iştirakının vacibliyini vuğulayır. Üstəlik, Türkiyə monitorinq mərkəzi çərçivəsində leqal şəkildə regiona daxil olur. Ona görə də sülhməramlıların 5 il burada qalması mümkün olmayacaq. Rusiyanın özü də bunu başa düşür. Bu ilin sonuna qədər məsələlərə tam aydınlıq gələcək”.
Bu arada ATƏT-in Minsk Qrupu həmsədrlərinin bölgəyə səfərə hazırlaşması xəbəri sürpriz olmasa da, məmnunedici məlumat deyil. Rusiyanın aktiv iştirak etdiyi prosesə Paris və Vaşinqtonun da qatılmaq cəhdləri davam edir. Bu, iki paytaxt heç cür kənarda qalmaları ilə barışmaq istəmirlər. Əslində bu, Ermənistan üçün xilas formulu da sayıla bilər. Həmsədrlər ötən illərdə olduğu kimi, yenə də prosesdə gutya “vasitəçi” statusunda iştirak edib “cəhənnəmə getmiş status” söhbətini diriltmək istəyirlər. Ancaq Azərbaycanın dövlət başçısı keçən dəfə sözünü demişdi: onları bu dəfə də Bakıya kimsə dəvət etməyib...
Xəbər lenti
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
5 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024
4 11 2024