Siyasət (21-09-2014, 15:18)
Leyla Yunus və onun kamera yoldaşı ictimaiyyətə səsləndi
Bakı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxs Nuriyyə Hüseynova ictimaiyyətə müraciət ünvanlayıb.
“Mediatv.az” Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin saytına istinadən xəbər verir ki, müraciətdə deyilir:
“Mənim 53 yaşım var. Mənimlə eyni kamerada saxlanılan şəxslərlə münasibətim normaldır. Lakin son zamanlar mənimlə eyni kamerada saxlanılan həbs olunmuş şəxs Yunusova Leyla İslam qızının “vəkilləri” bəzi mətbuat orqanlarında mənim şərəf və ləyaqətimi alçaldan yazılar yazmışlar. Məni residivist, siqaret çəkən bir qadın kimi təqdim ediblər. Mənim 3 övladım var, 2 nəvəm var. Mənim haqqımda vəkillərin dərc etdikləri bu cür məqalələr mənim yaxınlarıma mənfi psixoloji təsir edir”.
Nuriyyə Hüseynovanın iddiasına görə, Leyla Yunusun vəkili Əlayif Həsənov kamerada saxlanılan qadınları cinayətkar adlandırıb və bundan sonra qarşırma daha da güclənib:
“Vəkil Əlayif Həsənov hüquqşünas olaraq bilməlidir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kim cinayətkar adlandırıla bilməz. Xahiş edirəm, mənim pozulmuş hüquqlarımın bərpasında, Azərbaycan qadını olaraq ictimaiyyət arasında mənim haqqımda mənfi fikir formalaşdırılmasının qarşısının alınmasında mənə yardımçı olasınız”.
Maraqlısı budur ki, bu gün eyni məzmunlu məktubla Həbsdə olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus da müraciət ünvanlayıb.
Turan Agentliyinin yaydığı məlumata görə, Leyla Yunus Nuriyyə Hüseynova tərəfindən ona qarşı növbəti təxribatın hazırlandığını bildirib:
“Kürdəxanı təcridxanasında mənə qarşı növbəti təxribat hazırlanır. Cinayətkar Hüseynova Nuriyyə Musa qızını hər gün çağırıb təlimatlandırırlar. Çox güman ki, təxribat şənbə ya bazar gününə planlaşdırılıb.Bundan başqa, təcridxana əməkdaşları kameradakı digər qadınlara da təzyiq göstərməyə başlayıb. Onları çağırıb tələb edirlər ki, Hüseynovanın mənə hücum etmədiyini yazılı şəkildə təsdiqləsinlər.
Öz növbəsində hədələyir ki, yaxın vaxtda mənə elə hücum edəcək ki, (ən çirkin ifadələrdən istifadə edir) bədənimdə qançır olmayacaq, ancaq mənə bundan da pis olacaq”.