Siyasət (27-02-2018, 17:30)
Nazir: Xocalı faciəsini törədənlər ədalət qarşısında cavab verməyiblər
Ermənistanın silahlı təcavüzünün nəticəsi olaraq Azərbaycan ərazisinin 20 faizi 25 ildən çoxdur ki işğal altındadır. Bir milyondan çox azərbaycanlı etnik təmizlənməyə məruz qalıb və doğma yurd-yuvalarını tərk edərək öz vətənlərində qaçqın və məcburi köçkün olmağa məcbur edilib.
Mediatv.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı zamanı deyib.
Nazir vurğulayıb ki, Azərbaycan 1.2 milyon nəfər qaçqın və məcburi köçkünə sahib olaraq 10 milyonluq əhalisi ilə adambaşına düşən qaçqın və məcburi köçkün sayına görə dünyada ən yüksək göstəricilər sırasında qərarlaşıb.
“Ermənistan, Azərbaycanın ərazi bütövlüyünü bir daha təsdiq edən və işğal olunmuş ərazilərdən Ermənistan silahlı qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini və digər beynəlxalq təşkilatların aidiyyəti sənədlərini inkar etməklə Azərbaycan ərazilərinin işğalını davam etdirir.
Dünən, 26 fevral 2018-ci ildə Ermənistan tərəfindən törədilmiş və bunun nəticəsi olaraq 106-sı qadın, 63-ü uşaq və 70-i yaşlı insan olmaqla Azərbaycanın Dağlıq Qarabağ regionunda kiçik şəhərin 613 sakininin qətlə yetirildiyi Xocalı soyqırımının 26-cı ildönümü yad edildi.
1992-ci ildə törədilmiş bu soyqırımın nəticələri açıqca göstərdi ki, Xocalıdakı niyyətli kütləvi qırğınlar təcrid olunmuş və ya təsadüfi hərəkətlər deyil, 1988-ci ildən bəri törədilən Ermənistanın sistemli etnik təmizləmə siyasətinin tərkib hissəsi idi.
Təəssüflər olsun ki, bu cür ağır cinayətlərə görə məsuliyyət daşıyanlar hələ də cəzalandırılmayıb və hələ də ədalət mühakiməsi qarşısına çıxarılmayıb”, - deyə nazir bildirib.
E. Məmmədyarov əlavə edib ki, beynəlxalq ictimaiyyətin Azərbaycanda törədilmiş insanlıq əleyhinə cinayətlərə münasibətdə səssizliyindən cəsarətlənərək Ermənistan azərbaycanlı qaçqın və məcburi köçkünlərin əsas insan hüquqlarını pozmaqda davam edir:
“Buna görə də, BMT-nin İnsan Hüquqları Şurasını, onun mandat sahiblərini və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarını BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyanın müvafiq qətnamələrinə uyğun olaraq azərbaycanlı qaçqın və məcburi köçkünlərin pozulmuş insan hüquqlarının səmərəli müdafiəsini qəti surətdə təmin etməyə çağırırıq.
Davamlı genişmiqyaslı insan hüquqları pozuntuları Azərbaycan xalqının beynəlxalq hüququn aliliyinə və BMT-nin insan hüquqları mexanizminin səmərəliliyinə etimadını möhkəm sarsıdıb”.