Siyasət (27-02-2018, 11:55)
Natiq Məmmədov: Seçicinin səsi azad ifadə olunmalıdır
Mərkəzi Seçki Komissiyasının (MSK) maarifləndirmə proqramı çərçivəsində fevralın 27-də növbəti layihəyə - seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan üç günlük seminarlara start verilib.
Mediatv.az-ın məlumatına görə, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə yönəlmiş tədbirdə MSK üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi və Komissiya Katibliyinin təmsilçiləri iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan MSK-nın sədr müavini Natiq Məmmədov bildirib ki, Azərbaycan dövləti xalqın seçkilərdə iradəsini azad şəkildə ifadə etməsi üçün şərait yaradıb.
MSK sədrinin müavini bildirib ki, hər bir seçicinin səsi azad ifadə olunmalıdır:
“Bu prosesin həyata keçrilməsi üçün kifayət qədər imkanlar, o cümlədən qanunvericilik bazası var və dünya standartlarına cavab verir. Eyni zamanda, ölkədə seçki komissiyalarının maddi-texniki şəraiti var və dünya ölkələri ilə müqayisə etsək, görərik ki, Azərbaycan ön sıralarda dayanır”.
Qeyd edək ki, seminarların keçirilməsində məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatların artırılması, praktiki vərdişlərin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.
Martın 1-dək davam edəcək seminarların ümumilikdə ölkə üzrə 125 dairə seçki komissiyasının bütün ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur.