Siyasət (23-10-2015, 17:26)
Ombudsman əməkdaşları seçkiləri izləyəcək
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovanın təşəbbüsü ilə Mərkəzi Seçki Komissiyası (MSK) ilə birgə Ombudsman Aparatında əməkdaşlar üçün seçki hüquqları mövzusunda treninq təşkil olunub.
Mediatv.az-a Ombudsman Aparatının mətbuat xidmətindən verilən məlumata görə, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı bildirib ki, qarşıdakı parlament seçkiləri ilə bağlı seçki hüquqlarının, o cümlədən seçmək və seçilmək hüquqlarının prioritet məsələ olduğunu, seçki hüquqları sahəsində MSK ilə səmərəli əməkdaşlığı, Müvəkkilin və əməkdaşlarının ölkəmizdə keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərini mütəmadi olaraq müşahidəçi qismində izlədiyini, bu istiqamətdə kifayət qədər təcrübə qazanıldığını diqqətə çatdırıb.
Ötən seçkilərdə olduğu kimi, Müvəkkilin və əməkdaşlarının qarşıdakı seçkiləri də müşahidəçi qismində izləyəcəyi diqqətə çatdırılıb.
MSK Katibliyinin Treninq sektorunun müdiri Ramil Nəsrullayev qarşıdakı parlament seçkilərinin ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.
Aparatın rəhbəri Ombudsmanın təkliflərini diqqətə çatdırıb. Belə ki, paytaxt və regionlarda seçki hüquqları üzrə birgə maarifləndirmə işinin daha da genişləndirilməsinin, seçkiqabağı təbliğat və təşviqatın aparılmasında əhəmiyyət kəsb edən təlimatların və yaddaş kitabçalarının, digər hüquqi nəşrlərin daha təkmil işlənib hazırlanmasının, yayılmasının, şəhər və rayonlarda bələdiyyələri, icmaları cəlb etməklə əhali ilə bu istiqamətdə müntəzəm iş aparılmasının, dairə və məntəqə seçki komissiyaları üzvlərinin fəaliyyətinin və seçici siyahılarının daha da təkmilləşdirilməsinin zəruriliyi önə çəkilib.
Əhalinin ictimai fəallığının artırılması, seçkilərin mütəşəkkil keçirilməsi məqsədilə iştirakçılara seçki hüquqları üzrə nəşrlər təqdim olunub.