Siyasət (12-02-2018, 12:30)
Deputat “Metsamor”la bağlı məsələ qaldırdı
Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyası (AES) region üçün birbaşa ciddi təhlükə mənbəyinə çevrilib.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu GUAM Parlament Assambleyasında (PA) Azərbaycan nümayəndə heyətinin üzvü Əli Məsimli Litvanın paytaxtı Vilnüs şəhərində Baltik Assambleyasının (BA) alternativ və bərpa olunan enerji məsələlərinə həsr olunmuş müzakirələrində çıxışı zamanı deyib.
O qeyd edib ki, çıxış zamanı dünyada alternativ və bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalının sürətlə artdığını nəzərə çatdırıb:
“Qeyd etdim ki, həmin enerji növlərinin maya dəyəri sürətlə aşağı düşdüyündən rəqabət qabiliyyəti də artır və bu da istehsalın sürətlə genişləndirilməsini sərfəli edir.
Bu gedişlə alternativ enerji alternativsiz olub, nəinki neft və qazı, həm də atom enerjisini əvəz edəcək. Diqqətə çatdırdım ki, ötən əsrin 70-ci ilərində istismara verilmiş “Metsamor” AES köhnəlib, müasir standartlara cavab vermir və seysmik zonada yerləşir. Ona görə də “Metsamor” region üçün birbaşa ciddi təhlükə mənbəyinə çevrilib”.
Bununla əlaqədar olaraq Ə.Məsimli beynəlxalq ictimaiyyəti, beynəlxalq qurumları, o cümlədən Avropa İttifaqını bu məsələyə diqqəti artırmağa və “Metsamor”un bağlanması, təhlükəsiz yolla istismardan çıxarılması üçün Ermənistan hökumətinə təsir göstərməyə çağırdığını sözlərinə əlavə edib.