Hadisə (18-05-2016, 21:52)
Metsamorun gizli əlaqələri üzə çıxarıldı - FAKTLAR
Mərakeş mediası üç Ermənistan vətəndaşının bir ay əvvəl yüksək zənginləşdirilmiş uranı qaçaqmalçılıq yolu ilə Yaxın Şərqə gətirmək və oradakı terror qruplaşmalarına satmaq planı ilə bağlı bir sıra faktları üzə çıxarıb.
Mediatv.az axar.az-a istinadən xəbər verir ki, mövzuya geniş yer ayıran yerli media erməni qaçaqmalçılarının vaxtilə Metsamor Atom Elektrik Stansiyasının (AES) işçiləri olduğunu diqqətə çatdırır. Mərakeş KİV-i Metsamorun təkcə yerləşdiyi region üçün yox, dünya üçün də ciddi təhlükə mənbəyi olduğunu faktlarla qeyd edir.
Ölkənin ən çox oxunan “əl-İslah və ət-Tənmiyə” qəzeti Metsamorda çalışan işçilərin 2003-cü ildən bəri Yaxın Şərqdəki bir sıra terror qruplaşmaları ilə gizli sövdələşmə ehtimallarının yüksək olduğunu yazır. Məqalədə vurğulanır ki, son illər nüvə və radioaktiv materialların qaçaqmalçılığında ittiham olunan erməni vətəndaşları və ya erməni xüsusi xidmət orqanlarının əməkdaşları regionun müxtəlif ölkələrində həbs olunub və belə cinayət faktlarına dəfələrlə rast gəlinib. Bir ay əvvəl isə Gürcüstanda yaxalanan ermənilərdən ibarət qaçaqmalçı qrupun məqsədi yüksək zənginləşdirilmiş uran və sezium materiallarını Yaxın Şərqdəki qeyri-qanuni qruplaşmalara çatdırmaq və qara bazarda dəyəri milyon dollarlarla ölçülən bu materialların gizli satışını təmin etmək olub. Qəzet qaçaqmalçı qrupun hər 3 üzvünün vaxtilə Metsamorda çalışdığını və indi də həmin atom elektrik stansiyası ilə əlaqədə olduqlarını oxucuların diqqətinə çatdırır.
Mərakeşin nüfuzlu “Agora” xəbər portalı da mövzuya geniş yer ayırıb. Portal qəza vəziyyətindəki Metsamor AES-in kimyəvi materiallarının Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ ərazilərinə gətirilərək torpağa və suya radioaktivlik yayan zəhərli mənbələr yaradıla biləcəyini vurğulayır. Qeyd olunur ki, Ermənistan regional nüvə təhlükəsizliyi üçün təhdiddir. Müəllif Ermənistan tərəfindən müxtəlif dövrlərdə nüvə və radioaktiv materialların qeyri-qanuni satışını əks etdirən tutarlı dəlilləri ərəb və ingilis dillərində oxucuları ilə paylaşıb.