Siyasət (10-01-2018, 18:30)
Rəsulzadənin nəvəsindən prezidentə təşəkkür
“Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır”.
Mediatv.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rais Rəsulzadə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmasına münasibət bildirərkən deyib. O, bildirib ki, Şərqdə ilk demokratik dövlət quruluşunu yaradan Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib: “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir.
2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi çox gözəl addımdır. Bi il çərçivəsində AXC-nin təbliği baxımından ciddi addımlar atıla bilər. Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətimizin banisi olub və onu sevməyən yoxdur. Azərbaycanın azadlığı, istiqlalı onun adı ilə bağlıdır. “AXC ili”ndə həmçinin, Rəsulzadənin mədəni irsini təbliğ etməli, bununla yanaşı, ali təhsil müəssisələrində, məktəblərdə də uşaqlara Rəsulzadə haqqında kifayət qədər məlumat verməliyik. Tarix yanaşmalardan asılı olmayaraq, dəyişməz qalır. AXC dövrü Azərbaycan tarixinin ən şərəfli, ən şanlı səhifəsidir. Bu baxımdan 2018-ci ilin “AXC ili” elan edilməsi bütün müsbət ideyaları, fikirləri özündə birləşdirəcək. Belə gözəl addım üçün mən cənab prezident İlham Əliyevə təşəkkür edirəm!”.