Siyasət (26-07-2017, 07:56)
Naxçıvan Konstitusiyasını dəyişir
İyulun 25-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyası keçirilib.
Mediatv.az-ın xəbərinə gör, Muxtar Respublikanın Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sessiyanın gündəliyinə sosial-iqtisadi inkişafının yekunları, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi və s. məsələlər daxil edilib.
Deputatların və sessiya iştirakçılarının diqqətinə çatdırılıb ki, 2016-cı il sentyabrın 26-da keçirilən referendumla Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilib. Həmin dəyişikliklərə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi üçün qanun layihəsi hazırlanıb. Qanun layihəsi 2017-ci ilin fevral ayında keçirilən Ali Məclisin sessiyasında qəbul edilib.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 50-ci maddəsinin II hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər iki dəfə səsə qoyulur. Buna görə də Qanun layihəsi ikinci səsverməyə çıxarılıb.
“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu oxunub və səsə qoyularaq qəbul edilib.