Siyasət / Slayd (24-06-2016, 07:56)
Həbsdə olan sabiq MTN generallarının tam Siyahısı
Hazırda ləğv edilmiş MTN-də baş verən qanunsuzluqlarla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində cinayət işi başlanıb. Baş Prokurorluğun rəsmi məlumatına görə, iş üzrə istintaqa 22 şəxs cəlb olunub. 1 nəfər axtarışda, 1 şəxs isə ev dustaqlığındadır. Maraqlıdır ki, rəsmi məlumatlarda iş üzrə istintaqa cəlb olunmuş şəxslərin kimliyi haqda məlumat verilmir.
Mediatv.az xəbər verir ki, buna baxmayaraq, “Yeni Müsavat”ın əməkdaşı istintaqa cəlb edilənlərin tam siyahısını dəqiqləşdirə bilib. Hazırda Bakı İstintaq Təcridxanasında 4-ü general olmaqla, ümumilikdə 19 MTN-çi var. İstintaqa cəlb edilmiş daha bir general-mayor, MTN Əməliyyat-texniki idarəsinin sabiq rəisi Natəvan Mürvətova ev dustaqlığındadır. Eldar Mahmudovla badə yoldaşı olan, varlı sahibkarlar haqda məlumatlar ötürməklə onlara “torba tikilməsində” ad çıxaran “Akula Akif” ləqəbli Akif Mustafayev isə axtarışdadır.
İş üzrə ilk həbs olunanlardan biri, MTN-in Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev isə rəsmi məlumatlara görə, Bakı İstintaq Təcridxanasında intihar edib.
İş üzrə həbsdə olan MTN-çilərin siyahısını bir daha təqdim edirik:
1. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov;
2. MTN-in Monitorinq Mərkəzinin rəisi, general-mayor Teymur Quliyev;
3. MTN-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev;
4. MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin rəisi, general-mayor Sübahir Qurbanov;
Monitorinq Mərkəzinin əməkdaşları:
5. Fərhad Atayev,
6. Anar Şirəliyev,
7. Eşqin Əliyev,
8. Elşad Əzizov;
9. Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi, polkovnik Fizuli Əliyev;
10. İstintaq Baş İdarəsinin rəis müavini, şöbə rəisi, polkovnik-leytenant Vüsal Ələkbərov;
11. MTN-in Baş Əks Kəşfiyyat İdarəsinin şöbə rəisi polkovnik Mirəziz Əsgərov;
12. MTN polkovniki Mehman Abdullayev;
13. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin şöbə rəisi Akif Əliyev;
14. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin baş əməliyyat müvəkkili Anar Hüseynov;
15. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsindəki idarələrdən birinin rəisi Səlim Məmmədov;
16. Həmin idarənin işçisi Orxan Osmanov;
17. Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin şöbə rəisi Natiq Alıyev;
18. Əməliyyat-texniki idarənin şöbə rəisi Zaur Məmmədov;
19. MTN-in şöbələrindən birinin sabiq rəis müavini Azər Mehdiyev.
Baş Prokurorluğun “MTN işi” ilə bağlı yaydığı son məlumata görə, iş üzrə 130 epizod araşdırılır. MTN-çilərin cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 65 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. MTN-dən qovulanların isə sayı-hesabı yoxdur.
Bakı İstintaq Təcridxanasında (BİT) saxlanılan MTN generalları, polkovnikləri, kapitanları digər dustaqlardan da təcrid edilmiş şəkildə saxlanılırlar. Onlara münasibət də digər dustaqlardan bir qədər fərqlidir - pulla hüquqlarını gerçəkləşdirmək imkanları minimuma endirilib. Bu münasibəti MTN-çilərin şəxsi əlaqələrindən istifadə edərək istintaqa, zərərçəkənlərə təzyiq etmək imkanlarının qarşısını almağa yönəlib.
Belə xəbərlər də var ki, artıq MTN-çiləri barələrindəki ittihamedici hökmdən sonra da eyni vəziyyətdə saxlayacaqlar. Bunun üçün 9 saylı cəzaçəkmə müəssisəsində həbsdəki MTN-çilər üçün xüsusi korpus tikilir. Kriminal aləmdə “qırmızı zon” adlanan həmin cəzaçəkmə müəssisəsində xüsusi nəzarət altında, digər məhkumlardan təcrid olunmuş vəziyyətdə saxlayacaqlar. Bunun özəl səbəbləri var. Əsas səbəb budur ki, “dəmir barmaqlıq” arxasına salınan MTN-çilərin xidmətlə əlaqəli əldə etdikləri informasiyalar azı 50 il aktuallığını saxlayır. Həmin informasiyalar onlardan digər məhkumların ala bilməsi ehtimalı var.
Xatırladaq ki, MTN-çilərin əksəriyyətinə qarşı CM-in 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1(vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci(qanusnuz dinləmə) maddələri ilə ittiham irəli sürülüb.
General A.Çovdarov isə 308.2 maddəsi ilə yanaşı Cinayət Məcəllənin 311.3.1 (rüşvət alma (passiv rüşvətxorluq), qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2 (rüşvət alma (passiv rüşvətxorluq) təkrar törədildikdə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq) külli miqdarda törədildikdə), 311.3.4 (rüşvət alma (passiv rüşvətxorluq) hədə-qorxu tətbiq olunmaqla törədildikdə) və 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, iki və ya daha çox şəxsə qarşı törədildikdə; təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadına qarşı törədildikdə; yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə; zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; silahdan, yaxud silah kimi istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə, bu əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddələri ilə də ittiham irəli sürülüb.