Siyasət (6-01-2016, 11:35)
İran Ermənistana açdığı “nəfəsliyi” böyüdür
Tehran və Tiflisdən Bakıya qaz zərbəsi; işğalçı ölkə ərazisindən Gürcüstana qaz ötürülməsinə dair danışıqlar aparıldığı təsdiqləndi; Rusiya da prosesin içində...
Mediatv.az xəbər verir ki, İran Ermənistan üzərindən Gürcüstana qaz nəqlinə dair danışıqlar aparır. İranın İRNA agentliyi “National İranian Gas Exports Co” şirkətinin icraçı direktoru Əlirza Kameliyə istinadən belə bir xəbər yayıb. Kameli deyib ki, layihə Gürcüstan və İran arasında müvafiq razılaşmalara uyğun həyata keçiriləcək (virtualaz.org). “Bloomberg” agentliyi isə təxmin edib ki, İran Ermənistan üzərindən Gürcüstana sutkada 300-350 milyon kubmetr qaz nəql edə bilər.
“Gürcüstan İrana qaz üçün müraciət edən sonuncu Qafqaz respublikasıdır. Əgər bu ölkəyə qaz ixracı planı həyata keçirilsə, Qafqaz regionunun bütün respublikaları İran qazının istehlakçıları olacaq” - Əlirza Kameli bildirib.
İran hazırda Azərbaycanın Naxçıvan bölgəsinə və Ermənistana qaz nəql edir. İrandan Ermənistana verilən qazın həcmi ildə 350-400 milyon kubmetrdir. Bu qaz İrəvandakı İstilik Elektrik Stansiyasının tələbatını ödəməyə yönəldilir.
***
Məlumdur ki, Gürcüstan neçə vaxtdır qaz təchizatı mənbələrini şaxələndirmək üçün danışıqlar aparır. Bununla bağlı ölkənin energetika naziri Kaxa Kaladze ilə Rusiyanın “Qazprom” şirkətinin rəhbəri Aleksey Miller arasında bir neçə dəfə danışıqlar da olub. Gürcüstan rəsmiləri həmçinin İran qazının alınmasına dair danışıqlar aparıldığını da bəyan ediblər. İran təbii qazı Gürcüstana ya Ermənistan, ya Azərbaycan üzərindən daxil ola bilər.
Xatırladaq ki, Gürcüstanın qaz təchizatının əsas hissəsini Azərbaycan təmin edir.
SOCAR bu ölkənin qaz təchizatı bazarında inhisarçıdır. Lakin Gürcüstan hökuməti iddia edir ki, SOCAR qaz təchizatını artırmaq və ölkənin sənaye müəssisələrinin artan tələbatını ödəmək imkanında deyil, çünki Azərbaycanın özündə qaz çatışmır. Bu səbəbdən Gürcüstan kommersiya qaz bazarına İran və Rusiyanın qismində yeni oyunçular cəlb etməyə çalışır.
Əgər plan baş tutsa, o zaman Ermənistan ilk dəfə enerji daşıyıcılarının tranzitini az həcmdə də olsa, həyata keçirə biləcək və qaz tranziti ölkəsinə çevriləcək. Bu yerdə yada salaq ki, Ermənistan prezidenti Serj Sərkisyan layihə ilə bağlı anlaşma əldə olunması üçün ötən ilin noyabrında təcili şəkildə Tiflisə səfər eləmiş, bundan 3-4 gün sonra isə Azərbaycan prezidenti İlham Əliyev iki günlük səfərlə Gürcüstanda olmuşdu.
İrəvanın daha böyük hədəfi isə sözsüz ki, İran qazının böyük Avropa bazarına çıxarılmasında da tranzit ölkə statusuna nail olmaq, Türkiyə marşrutunun reallaşmasına mane olmaqdır. Hərçənd əksər ekspertlər bunu qeyri-real sayır. Ən azı 3 səbəbdən: 1. Türkiyə marşrutu daha əlverişli və rentabelli olduğu üçün; 2. Türkiyə boru xəttinin müəyyən hissəsinin artıq indidən hazır vəziyyətdə olduğu və qaz kəmərinin daha tez işə düşə biləcəyi, ucuz başa gələcəyi üçün; 3. Rusiya amilinə görə - Ermənistan Kremlin forpostu olduğundan kəmər avtomatik şəkildə Rusiyanın nəzarəti altına düşəcək ki, buna da Qərb razı olmaz.
Məsələ ilə bağlı şirkət rəsmisi Əlirza Kamelinin fikri də diqqət çəkir. O qeyd edib ki, “İran qazının Avropaya boru vasitəsi ilə nəqli məsələsi hələlik gündəmdə deyil, ona görə ki, Avropa Birliyi sıxılmış təbii qazın tədarükündə daha çox maraqlıdır”.
***
İran öz təbii qazını Azərbaycan deyil, məhz Ermənistan üzərindən Gürcüstana çatdırmaqla əlbəttə ki, həm də siyasi məqsədlər güdür. Bu yolla o, Gürcüstanla yanaşı, Rusiyanın regiondakı əsas forpostunu da özündən daha çox asılı eləməklə istisna deyil ki, gələcəkdə Qarabağ və ya sülhməramlılar məsələsində İrəvan üzərində müəyyən təsirlər qazanmaq niyyətindədir. O halda sadalanan məsələlərdə nə vaxtsa Tehranın mövqeyinə də ehtiyac duyulması mümkündür.
Bu, yəqin ki, Rusiyanın ürəyincə deyil. Çünki bir çox məsələlərdə, o cümlədən Suriya böhranı, Türkiyə və Qərbin Güney Qafqazdakı təsirlərinə qarşı Moskva ilə Tehranın maraqları üst-üstə düşsə də, iki dövlət eyni zamanda geosiyasi rəqiblərdir. Necə deyərlər, “mehriban düşmənlər” kimidirlər.
Ancaq Moskva öz satellitinin minimum səviyyədə ayaqda qalmasını da istərdi. Əks halda, bu, erməni toplumunda Kremlə qarşı etimadsızlığın güclənməsinə gətirə bilər. İndinin özündə ermənilərin bir çoxu işğalçı ölkənin ağır iqtisadi duruma düşməsinin səbəbini Rusiyadan hərbi-siyasi asılılıqda və İrəvanın Moskva ilə birgə Qərbin iqtisadi sanksiyalarının altını çəkməsində görür - hansı ki, ötən ilin əvvəli və ortalarında baş qaldıran etirazlarda özünü göstərmişdi.
Bu üzdən Moskva öz marionetinin “zəncirini” bir az boşaltmaqda və özünə qarşı ermənilərin etimadının artmasında maraqlı ola bilərdi. Ancaq hara kimi boşalda bilər - sual da budur. Bu mənada aparılan danışıqlardan sözsüz ki, Rusiya xəbərdardır. Amma hələlik hansısa reaksiya yoxdur.
Mümkündür ki, danışıqlar elə Kremlin “dobrosu” əsasında aparılır. Hər halda, İrəvan Moskvanın icazəsi olmadan bu cür layihələrdə iştiraka cürətlənməz. O da istisna deyil ki, Ermənistandan keçəcək kəmərin gerçək sahibi də elə Rusiya şirkəti - “Qazprom” olacaq. Onsuz da işğalçı ölkənin iqtisadi və energetik sferası bütünlüklə Rusiyanın nəzarətindədir. Və ya İran qazı “barter” üsulu ilə, amma yenə Rusiya vasitəsilə Gürcüstana çatdırılacaq.
***
Bu arada Gürcüstanın Energetika Nazirliyi qaz danışıqlarının getdiyini təsdiqləyib (APA). Lakin qurumun açıqlamasında hələ ki, konkret razılığın əldə olunmadığı qeyd edilir. Sitat: “Hazırkı mərhələdə İran tərəfi ilə təbii qazın tədarükü ilə bağlı konkret razılıq mövcud deyil. İran dünyanın ən iri qaz istehsalçısıdır və regiondakı potensial tədarükçüləRin hamısı ilə danışıqları davam etdirir. Məqsəd Gürcüstanı uzunmüddətli perspektivdə stabil və fasiləsiz olaraq təbii qazla təchiz etməkdir”. Əli Rza Kamili isə bildirmişdi ki, Gürcüstanla əldə olunmuş razılığa əsasən, İran qazı Ermənistanla sərhədədək çatdıracaq, Gürcüstan isə onu Ermənistanla sərhəddə almalıdır.
***
Ermənistanın qaz tranziti ölkəsinə çevrilməsi sözsüz ki, Azərbaycanın maraqlarına ziddir. Ona görə ki, yekun etibarilə bu, Ermənistanın iqtisadi (yararlılıq) baxımdan özünü daha güvənli hiss eləməsinə gətirəcək, paralel surətdə Qarabağ məsələsində onun radikal mövqeyinin qalmasına xidmət edəcək. İkinci yandan, bu, müsəlman İranın müsəlman Azərbaycanın torpaqlarını 24 ildir işğal altında saxlayan Ermənistanı gücləndirmək niyyətini bir daha ortaya qoymuş olacaq, Tehranın Moskva kimi Qarabağ konfliktinin tezliklə və ədalətli həllində maraqlı olmadığını nümayiş etdirəcək.
Onsuz da İran illərdir təcavüzkardan ötrü “nəfəslik” rolundadır. Belə qənaət hasil olur ki, “islam ölkəsi” təcavüzkara açdığı “nəfəsliyi” böyütməyə hazırlaşır. Bunu Tehranın Bakıya qaz zərbəsi də adlandırmaq olar.
“Dost və strateji tərəfdaş” Gürcüstana gəlincə, əlbəttə ki, rusiyayönlü Tiflis hökumətinin öz enerji mənbələrini şaxələndirmək hüququ var. Ancaq kimin, hansı ölkələrin hesabına, Azərbaycan kimi strateji müttəfiqin maraqları hesablnamı? Axı, hər necə olmasa, Gürcüstan ərazilərini işğal altında saxlayan Rusiya dövləti kimi Ermənistan da işğalçı dövlətdir və İrəvanla Moskva bölgədə eyni destruktiv siyasəti yürüdür. Bu siyasətə hər hansı formada yardımçı olmaq Azərbaycan xalqı ilə yanaşı, gürcü xalqının da maraqları əleyhinə, işğalçılığın isə möhkəmlənməsinə işləyəcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
2 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024
1 11 2024