Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-10-2015, 14:56)
“Vəzifəyə yeni gələn gedənin atasına rəhmət oxutdurur” - Deputat

“Vəzifəyə yeni gələn gedənin atasına rəhmət oxutdurur” - Deputat

Millət vəkili Fəzail Ağamalının “Qafqazinfo”ya müsahibəsi:

- Ölkə başçısı artıq bir neçə dəfədir ki, hökumətin iştirakı ilə baş tutan görüşlərdə bir neçə ünvanların fəaliyyəti ilə bağlı sərt çıxışlar edir. Sonuncu iclasda da prezident növbəti dəfə sərt çıxışını etdi. Bu son çıxışla bundan bir müddət əvvəl baş tutan tənqidi çıxış arasındakı zaman aralığında siyasətçi olaraq hansı müsbət dəyişiklikərin şahidi olmusunuz?

- Ölkə prezidenti ən müxtəlif görüşlərdə, toplantılarda, müşavirələrdə istər ölkənin xarici siyasəti, istərsə də ölkənin daxili siyasəti ilə bağlı problemlərin üzərinə çox böyük cəsarətlə, açıq şəkildə getməkdədir. Biz bunun dəfələrlə şahidi olmuşuq. Son illərdə də ölkə prezidentinin korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizəsi daha kəskin hal alıb. Bu bəlanın qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görülür. Ölkə prezidentinin layihəsi, Azərbaycan brendi olan “ASAN Xidmət” yaradılıb. Rüşvətxorluğun, korrupsiyanın olacağı bütün sahələrin əksəriyyəti həmin “ASAN Xidmət” vasitəsilə həyata keçirilir.

Lakin buna baxmayaraq, ölkə prezidenti səviyyəsində məsələnin son dərəcə qabarıq şəkildə qoyulması, prezidentin özünün ifadə etdiyi kimi hövsələsinin olmadığını dilə gətirməsi sübut edir ki, bir sıra məmurlar ölkə prezidentinin tənqidi çıxışlarından, onlara etmiş olduğu xəbərdarlıqdan nəticə çıxarmayıblar. Ona görə də son müşavirədə ölkə prezidenti daha kəskin şəkildə fikirlərini ortalığa qoydu. Sahibkarların yersiz yoxlamalarına son qoymağı onlardan çox ciddi şəkildə tələb etdi. Bu onu göstərir ki, ölkə prezidenti rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizədə qətiyyətlidir. Bu da Azərbaycan xalqının ürəyindəndir.

“Xəbərdarlıqdan nəticə çıxarılmırsa, deməli psixoloji cəhətdən xəstələniblər”

- Sizcə, tənqidə məhəl qoymayanlar vəzifədən uzaqlaşdırılmalıdır?

- Düşünürəm ki, ölkə prezidentinin son çıxışından nəticələr çıxarılmasa, onlar nəinki vəzifədən uzaqlaşdırılmalıdır, həmçinin iş yerlərini Qobustandakı daş karxanalarındakı iş yerləri ilə dəyişməlidirlər. Nə qədər xəbərdarlıq etmək olar? Xəbərdarlıqdan nəticə çıxarılmırsa, bu insanlar demək ki, psixoloji cəhətdən xəstələniblər. Artıq bunlar rüşvət almadan, oğurluq etmədən yaşaya bilmirlər. Bu insanların artıq idarəçilikdə yeri olmamalıdır. Azərbaycan xalqının ölkə prezidenti ilə üst- üstə düşən rəyi də belədir, həm də bu, birmənalı olaraq sosial sifarişdir.

Nəzərə alsaq ki, dünyada maliyyə iqtisadi böhran getdikcə dərinləşir, ətrafımızda müharibənin miqyası artır, neftin qiymətinin aşağı düşməsi Azərbaycanın iqtrisadiyyatına da mənfi təsirini göstərir, belə olan halda büdcənin doldurulması üçün yeganə mənbə olan qeyri-neft sektoru və bunun aparıcı sahəsi olan sahibkarlığın inkişafına kiminsə bitib-tükənməyən nəfsi əngəl törədirsə, deyə bilərəm ki, bunlar nəinki xalqa, eyni zamanda dövlətə xəyanət edən insanlardır.

- Sahibkarların işinə icra orqanları tərəfindən mane yaradılması problemi dəfələrlə onların dilindən mətbuatda işıqlandırılıb. Sahibkarlar bildirirlər ki, onların hüquqlarının pozulması və bunun qarşısının alınması məsələsi istiqamətində aparılan işlər neftin qiymətinin aşağı düşməsindən və büdcədə azalmaların yaranmasından sonra qabardıldı. Niyə əvvəldən mübarizə tədbirləri zəif aparılırdı?

- Büdcənin formalaşmasında vaxtilə neftdən gələn vəsait ciddi rol oynayırdı. Demək olar ki, sahibkarların sıxıntılar keçirməsi, onlara qarşı qeyri-qanuni sanksiyaların tətbiq edilməsi, ən müxtəlif səviyyələrdə yoxlamalar aparılması, kimlərinsə bunlardan pul qopartmaq məsələsi o qədər qabarıq şəkildə hiss olunmurdu. Ölkənin büdcəsi ölkə daxilində yığılan vergilərin hesabına deyil, həm də neftdən gələn gəlirin hesabına formalaşırdı. Neftin qiymətinin aşağı düşməsindən və büdcəyə transfertlərin azalmasından sonra əsas ağırlıq mərkəzi qeyr-neft sektorunun üzərinə düşdü. Bu sektorda isə həlledici söz sahibi sahibkarlardır. Sahibkarların sıxışdırılması, nəticədə 30 minə yaxın iş yerinin bağlanması, verilmiş olan siqnallar ölkə prezidentinin bu məsələyə bir daha ciddi şəkildə qayıtmasına gətirib çıxardı.

"Yeni gələn gedənin atasına az qala rəhmət oxutdurur"

- Siz əvvəldə qeyd etdiniz ki, prezidentin tapşırıqlarına əməl etməyənlər vəzifədən uzaqlaşdırılmalıdır. Ölkə başçısı isə müşavirədə qeyd etdi ki, insanların dəyişməsi səmərə vermir, əsasən sistem xarakterli islahat təklifləri hazırlanıb təqdim edilməlidir. Çox vaxt ictimaiyyət nümayəndələri də sistem xarakterli islahatın vacibliyini dilə gətirirdi...

- Əlbəttə, prezidentin bu yanaşması tamamilə doğrudur. Çünki rüşvətxorluğu və korrupsiyanı doğuran amillərlə mübarizə aparılmasa, fərdlərlə mübarizə bir o qədər də effekt vermir. Bunu çıxardırsan, onun yerinə gələn ondan betər olur. Gedənin atasına az qala rəhmət oxuyurlar. Ancaq mən bununla yanaşı, fərdlərə qarşı mübarizənin tam sərtləşdirilməsinin tərəfdarıyam. Cinayət Məcəlləsinə görə qanun qarşısında xalqdan, dövlətdən oğurladıqlarına görə cavab verməlidirlər. Baxın, bir müddət əvvəl Beynəlxalq Bankda baş verən proseslərə. Xalqın malını özlərinin dədə malı kimi xərcləyiblər, sonradan məlum olub ki, külli miqdarda dövlət vəsaiti oğurlanıb.

Təsadüfi deyil ki, Nəqliyyat Nazirliyində uzun illərdən bəri hər birimizə bəlli olan özbaşınalıq, rüşvətxorluq, korrupsiya halları mətbuatda da işıqlandırılırdı, ən müxtəlif auditoriyalarda da geniş şəkildə müzakirə olunurdu. Bunun üçün ölkə prezidenti artıq konkret addımlar atıb. Nazirliyin bir səlahiyyətləri alınaraq ASAN Xidmətə, bəziləri isə Dövlət Yol Polisinə verilib. Azərbaycan Dəmir Yolları QSC isə müstəqil kimi təsis edilib.
Biz indi əminikmi ki, Dövlət Yol Polisi həmin metodu başqa formada tətbiq etməyəcək və orada hər şey şəffaf və təmiz olacaq? Bunun üçün qanunvericilikdə dəyişikliklər edilməlidir. Elə olmalıdır ki, həmin hallar bir daha təkrarlanmasın.

- Nəqliyyat sektorundakı problemlərə toxundunuz. Son bir neçə aydır ki, artıq mətbuatda davamlı olaraq Nəqliyyat Nazirliyinin fəaliyyəti ilə bağlı yazılar yazılır. Hətta son olaraq bir neçə vacib sahələrin nazirliyin tərkibindən çıxarılması ilə hesab olunur ki, bu qurum ləğv ediləcək. Siz necə düşünürsünüz?

- Struktur dəyişiklikləri birbaşa olaraq cənab prezidentin iradəsi ilə müəyyən olunur. Yəqin ki, ölkə başçısı bununla bağlı yaxın zamanlarda mövqeyini ortaya qoyacaq. Mənim fikrimcə isə, Nəqliyyat Nazirliyinin səlahiyyətlərində demək olar ki, elə də önəmli məsələlər qalmayıb. Nəzərə alsaq ki, su və hava nəqliyyatı nazirliyin struktunda yox idi. Bir “Azəryolservis” qalıb. O isə səhmdar cəmiyyətdir, tamamilə müstəqil fəaliyyət göstərə bilər. Uzun müddət bu qurum müstəqil fəaliyyət göstərib. Beləliklə, artıq Nəqliyyat Nazirliyinə yer qalmır. Belə olan halda da, bir aparatın saxlanılmasına külli miqdarda dövlət vəsaitinin xərclənməsinə məncə, ehtiyac yoxdur. Bu məqamda paralel strukturların ləğv edilməsinə, ya da başqalarına birləşdirilməsinə ehtiyac var.

“Ziya Məmmədov çətin durumdadır”

- Siz bu sektora rəhbərlik edən Ziya Məmmədovun vəzifədən azad edilməsinin tərəfdarısınız?

- Əgər bu sualı Ziya Məmmədovun çətin olmayan vaxtında versəydiniz, cavab verərdim. İndi isə Ziya Məmmədov çətin durumdadır. Görünən budur ki, artıq Ziya Məmmədov etimadı itirib. Etimadı itiribsə, vəzifədən getməlidir. Mənim tərəfdar olub-olmamağımdan asılı olmayaraq bu məsələni həll edən ölkə prezidentidir. Burada siyasətçilərin və vətəndaşların məsələyə reaksiya verməsi həlledici deyil. Mənə elə gəlir ki, sizin sualınıza konkret cavab verə bilməyəcəm.

- Ziya Məmmədovla şəxsi əlaqələriniz varmı?

- Əlbəttə, şəxsi əlaqələrim olub. Vaxtilə mən nazirlikdə işləyəndə müxtəlif toplantılarda görüşüb salamlaşmışıq. Onunla mənim məsafəli münasibətim olub.

- Son proseslər zamanı, nazir barəsində yazılanlardan sonra onunla ünsiyyətiniz olub?

- Yox olmayıb. Bir daha təkrar edirəm ki, onunla görüşlərim ancaq rəsmi tədbirlərdə baş tutub. Onunla son dəfə hansı tədbirdə rastlaşmağım yadıma gəlmir. Ümumiyyətlə isə, mənim ölkənin icra strukturları, nazirləri ilə ölçülü- biçili münasibətim var. Mən münasibətlərin bu cür saxlanılmasına üstünlük verirəm və bu mənim seçimimdir.

- Tutaq ki, Ziya Məmmədov vəzifədən getdi, nəticə olaraq nə dəyişəcək sizcə? Bunu ona görə soruşuram ki, az öncə qeyd etdiniz ki, bəzən gələn gedənin atasına rəhmət oxuyur...

“Gömrükdə insanlar çətinliklərə rast gəlir”

- Əlbəttə, bu baş verməməlidir. Bunu həyat təcrübəsi, proseslərin özü də dəfələrlə sübut edib. Ölkə prezidentinin də dediyi kimi, təkcə fərdlərin dəyişilməsi ilə deyil, idarəçilik sistemində elə dəyişikliklər aparılmalıdır ki, onun yerinə gələn hətta istəsə belə, rüşvətxorluğu, korrupsiyanı davam etdirə bilməsin. Bu baxımdan düşünürəm ki, Nəqliyyat Nazirliyində aparılan bu islahatlar, bu quruma indiki durumda ölkə prezidentinin münasibəti məhz baş vermiş olan xoşagəlməz halların birdəfəlik aradan qaldırılmasına xidmət edir. Təbii ki, biz bunun konkret nəticələrini görəcəyik.

- Prezident iclasda tapşırıq verdi ki, bundan sonra izafi xərclər vergi və gömrüyün hesabına ödənilməlidir. Bu baxımdan Vergilər Nazirliyində bir neçə struktur islahatları aparılıb, yeni idarələr yaradılıb. Amma insanlar ən çox gömrükdən narazı olduqları halda, bu sahədə hansısa islahatın şahidi olmadığını vurğulayırlar...

- Bəli, gömrükdə insanlar bir sıra çətinliklərə rast gəlirlər. Ölkə prezidentinin söylədiyi kimi, bu sahədə inhisarçılığa son qoyulmalıdır. Çünki ölkənin bütün strukturlarında islahat gedirsə, yenilənmələr aparılırsa, gömrük bu proseslərdən kənarda qala bilməz. Mənə belə gəlir ki, bu yaxın zamanlarda gömrük sistemində daha ciddi, radikal dəyişikliklərin şahidi olacağıq.

- Parlamentdə büdcə müzakirələri zamanı həmkarınız Yevda Abramovun gömrükdə insanlara yaradılan problemlərlə bağlı çıxışına maraqlı reaksiya verdiniz. Bildirdiniz ki, kimlərin gömrükdə insanlara mane yaratması hər kəsə məlumdur. Konkret kimi nəzərdə tuturdunuz?

- Söhbət gömrük sisteminin özündən getmir. Bu sistemdən başqa, elə nüfuzlu şəbəkələşmiş şəxslər var ki, sadəcə olaraq Gömrük Komitəsinin məmuru da bu adamlarla bacara bilmir. Ona görə də mən birbaşa bu komitənin üzərinə getmədim. Mən inhisarçılıqla məşğul olanların üzərinə gedərək vurğuladım ki, artıq bəsdir. İmkan vermək lazımdır ki, xaricdən gətirilmiş olan istənilən məhsulla bağlı Azərbaycan vətəndaşı da, digərləri də ölkədə öz ticarətini qura bilsin. Elə işlər aparımalıdır ki, bu sahə şəbəkələşmiş inhisarlardan azad olsun. Xaricdən ölkəyə mal gətirən sahibkarların sayı çox olarsa, ölkədə həm bolluq olar, həm də rəqabət nəticəsində qiymətlər də ucuzlaşa bilər.

- Bir şəbəkədən bəhs etdiniz. Bu şəbəkə kimlərdən ibarətdir?

- Mən siyasətçiyəm, bunların təsnifatını aparmaq marağında deyiləm. Ancaq siz jurnalistlər bu sahədə kifayət qədər fəalsınız, mən ona görə də, sizə məsələni ünvanlayıram ki, bunun bir tədqiqatını aparın. Yəqin ki, çox maraqlı faktlarla rastlaşacaqsınız.

- Fəzail müəllim, jurnalist araşdırması başqa, amma siz millət vəkili olaraq əminəm ki, bunların kim olduğunu bilirsiniz. Çünki sahibkarlar problemləri ilə bağlı sizə də müraciət edirlər. Ona görə də konkret ad çəkməyinizi istəyirəm...

“Niyə bir ölkənin sərvətini “Azərsun” şirkəti pulla satmalıdır”

- Məsələn, mənə deyirlər ki, ölkəyə gətirilən bir sıra məhsullar “Azərsun” Holdinqin inhisarı altındadır. Çaydan başlamış digər məhsullara kimi. Və kimsə əgər ölkəyə çay gətirirsə, hökmən ya “Azərsun” Holdinqdən icazə almalıdır, ya da ki onun xətti ilə gətirməlidir. Təbii ki, holdinq də buna imkan vermir. Bax, bu cür şəbəkələşmiş şirkətlər ölkədə var. Mən birinin adını çəkdim. Qalanlarını siz araşdırın.

Bu yaxınlarda mənə belə bir fakt bəlli olub ki, Masazırda duz gölünün qırağını çəpərləyiblər. İnsanlar bəzən orada gedib müalicə alırdılar. Eyni zamanda qışda qar yağanda oradan duz götürüb yollara tökürdülər ki, buz ərisin. Bu ölkənin sərvətidir. İndi mənə bəlli olub ki, oradan duz götürmək üçün tonuna 60 manat pul ödəmək lazımdır. Bu nə deməkdir? Niyə bir ölkənin sərvətini “Azərsun” şirkəti pulla satmalıdır, bundan gəlir qazanmalıdır? Halbuki, o duza pul verməyə ehtiyac yoxdur. Bu Allah tərəfindən xalqımıza verilmiş olan tükənməyən sərvətdir.

O duzdan məişətdə xörək duzu kimi istifadə olunur. Gedin baxın, Novxanının bütün kanalizasiya xətləri yola axıdılır. Antisanitariya orada baş alıb gedir. Ordan da duz istehsal edirlər və Azərbaycan vətəndaşları da o duzdan xörək duzu kimi istifadə edir.

- Ölkədə 30 minə yaxın iş yeri bağlanıb. Bu o deməkdir ki, nə qədər insanlar işsiz qalıb. Həm özəl sektorda, həm də dövlət sektorunda ixtisarlar aparılır. Əhali bu aspektdən çox narahatdır. Sizcə, ağır iqtisadi şərait yaranıb deyə, işsizlik olmalıdır?

- Dünyada yaranmış olan maliyyə iqtisadi böhranı götür-qoy etsək, görərik ki, Azərbaycan bunların içərisində ən üstün imkana malik olan ölkədir. Düzdür, bu gün müəyyən yerlərdə ixtisarlar aparılır, işsizlik əmələ gəlib, lakin işsizliyin kütləvi hal alması baş verməyəcək. Çünki artıq ölkə prezidentinin son müşavirədə söyləmiş olduğu fikirlər və konkret addımlar var. Bu da imkan verməyəcək ki, ölkədə işsizlərin sayı artsın. Ancaq dövlət qurumlarında təbii ki, ixtisarlar gedəcək. Azərbaycanın qanunlarından istifadə edərək hər kəs öz həyat şəraitini qura bilər. Çünki biz bazar iqtisadiyyatı dövründə yaşayırıq.

- Neft sahəsi üzrə ixtisaslaşmış bir sıra ekspertlər məsələn, hələ beş il bundan öncə proqnoz verirdilər ki, bir neçə ildən sonra dünyada bu cür ağır proseslər baş verəcək və təbii ki, bizim ölkəmizə də sirayət edəcək. Deyirdilər ki, belə bir halda çətin durumla rastlaşmamaq üçün məhz qeyri- neft sektorunun inkişafı daha sürətli aparılmalıdır. Elə millət vəkillərinin dilindən də bu sözlər çox eşidilib. Sizcə, proseslər niyə ləng aparılırdı?

- Proseslər çoxdan başlayıb. Qeyri- neft sektorunun inkişafı dövlətin diqqət mərkəzində olub. Ölkə prezidenti də bunla bağlı konkret addımlar atıb. Məhz buna görədir ki, Azərbaycan iqtisadiyyatının inkişafına görə Cənubi Qafqazda liderliyini qoruyub saxlayıb. Dünyanln maliyyə institutlarınınn vermiş olduğu rəydə də bildirilir ki, Azərbaycan iqtisadiyyatı öz rəqabətə dözümlülüyünü qoruyub saxlayıb. Bu qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Azərbaycan iqtisadiyyatının inkişafı son on ildə inkişaf etməyə başlayıb. Son 10-15 ildə yeni təlabat sisteminin, bazar iqtisadiyyatının yaradılması və burada sahibkarlığın müxtəlif istiqamətlərdə inkişafı qeyri- neft sektorunun bizim arzuladığımız səviyyədə qurulması zaman baxımından mümkün deyildi. Ancaq ortada iradə var və qeyri- neft sektorunun inkişafına xidmət edən layihələr həyata keçirilməkdədir.

Ancaq biz kənd təsərrüfatının inkişafına vaxtilə çox diqqət yetirə bilərdik. Ora daha çox vəsaitin ayrılmasını, fermerlərə güzəştli kreditlərin verilməsinə, onların kənd təsərrüfatı avadanlıqları ilə təsis olunmasına daha geniş yanaşılmalı idi. Bir neçə ildir ki, bununla bağlı ciddi addımlar atılır, ancaq bu on il bundan qabaq atılsaydı, indi bu sahənin inkişafı tamam başqa vəziyyətdə olardı. İndi yaranmış situasiya qeyri-neft sektorunun inkişafına yeni imkanlar açır və zaman məcbur edir ki, bu sahə daha da inkişaf etdirilsin.

Günel Türksoy

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024