Siyasət / Slayd (6-04-2015, 22:06)
Fərhad Qəribovun qələmi niyə qırıldı - Bitirirlər
Bu gün parlamentdə elə millət vəkilləri var ki, seçiciləri onların üzlərini görmədikləri kimi, Milli Məclisin tribunasından da səslərini eşidən olmayıb. Misal kimi, əslən Kürdəmir rayonunun Muradxan kəndindən olan Fərhad Qəribovu göstərmək olar. Dia.az "Gündəlik-Bakı" qəzetinə istinadən xəbər verir ki, onun 1974-cü ildə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Nazirliyi Şirvan qışlaqlarının su ilə təminatı sisteminin istismarı idarəsində mühəndis vəzifəsində çalışdığını deyən məlumatlı şəxsin sözlərinə görə, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə ilə Fərhad Qəribovun dostluğu təxminən, həmin dövrlərə təsadüf edir.
Fərhad Qəribovun 5 övladının olduğunu deyən mənbə iddia edir ki, son dövrlər deputatın başının üstünü qara buludlar alıb: "Onun Elnur, Zöhrab, Rəşad, Anar və Aytən adlı 5 övladı var. Nəhəng biznes şəbəkəsinə nəzarət edən Fərhad Qəribovun işlərini onun oğlanları həyata keçirir. Belə ki, deputatın biznes şəbəkəsinə aid olan obyektlərini Elnur, Zöhrab, Rəşad və Anar Qəribovlar idarə edir. Son bilgilərə görə, artıq Fərhad Qəribovun oğlanlarının ikisi vergi cinayəti ilə bağlı axtarışa verilib. Deyilənlərə görə, deputatın dörd oğlundan ikisi nəzarətlərində olan şirkətlərdə külli miqdarda vergidən yayınma halına yol veriblər. Atasının nüfuzuna arxayın olan qardaşlar qazandıqları böyük vəsaitlərdən dövlət büdcəsinə vergi keçirməyiblər. Beləcə, dövlətə külli miqdarda ziyan dəyib. Millət vəkilinin oğlanları açıq-aşkar şəkildə vergi cinayəti törədiblər. Məlum olduğu kimi, son vaxtlar vergi qanunvericiliyinin tələblərini pozan, vergidən yayınan şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Buna görə də Fərhad Qəribovun oğlanları barəsində vergi cinayəti ilə bağlı axtarış elan edilib".
Deputatın iki övladının tezliklə məsuliyyətə cəlb olunacağının real göründüyünü bildirən məlumatlı şəxsin sözlərinə görə, Fərhad Qəribovun oğlanlarından Zöhrab Qəribov 2011-ci ildə atasının başına əməlli-başlı cəncələ salıbmış. Mənbənin bildirdiyinə görə, 2011-ci ilin oktyabr ayının 6-da Kürdəmir Şirə Zavodunun qətlə yetirilən mühasibinin oğlu Kərim Mehdiyev "Yeni Müsavat"a dəhşətli faktlarla zəngin məktub yollamışdı: "Məhz həmin məktubla Kürdəmirdə yerləşən şirə zavodunun mühasibi Nadir Mehdiyevin ölümü ilə bağlı yeni məqamlar üzə çıxmışdı.
Belə ki, mərhumun oğlu Kərim Mehdiyev atasının ölümü ilə bağlı bir sıra məqamlara aydınlıq gətirmişdi. İlk öncə onu qeyd edim ki, şirə zavodunun mühasibi Nadir Mehdiyev 2011-ci ilin aprel ayının 7-də səhər saatlarında Kürdəmir rayonunun Xırdapay kəndindəki evindən çıxıb və bir daha geri qayıtmayıb. Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları Nadir Mehdiyevin cəsədini aprelin 29-da Kür çayının Carlı kəndi ərazisindən keçən hissəsindən tapıblar. Onun oğlu bildirib ki, aprelin 7-si atası Nadir Mehdiyevə deputat Fərhad Qəribovun Kürdəmirdəki şirə zavodunun direktoru Şahid zəng edib, işə gəlməsini tapşırıb. Onun sözlərinə görə, atasını sonuncu dəfə Kürdəmir bazarının qarşısında Fərhad Qəribovun oğlu Zöhrab Qəribovun maşınına minən görüblər".
Məlumatlı şəxs qeyd edir ki, Nadir Mehdiyevin oğlu elə həmin gündən atasının itkin düşdüyünü vurğulayıb: "Deputatın oğlu həmin vaxt "HENKEL-AZ KİMYA" MMC-nin direktoru idi. Kərim Mehdiyevin yazdığına görə, Zöhrab Qəribov vaxtilə Yasamal Rayon Polis İdarəsində polis zabiti işləyib. O, bildirib ki, atasının itkin düşməsi Zöhrab Qəribovun şirkətinin bəndatma işlərinə dair tenderin qalibi olması ilə əlaqəlidir. "Bəndatma adı ilə Fərhad Qəribov Milli Məclisdən oğlu Zöhrab Qəribovun hesabına külli miqdarda pul köçürdüb. Yeyinti izini itirmək üçün atamı qurban veriblər", deyə Nadir Mehdiyevin oğlu qeyd edib". Kərim Mehdiyevin sözlərinə görə, atasının ölüm işi ört-basdır edilir: "Bildiyimizə görə, Fərhad Qəribov külli miqdarda pul mənimsəyib, başqa ölümlərlə nəticələnən cinayətlər törədib. O, oğlu Rəşad Qəribovun uşaqlıq dostu Eldəniz Qurbanovu evinin qapısı qarşısında ağzından güllə ilə vurdurub. Eldəniz Qurbanov da vaxtilə Bakı Şəhər Baş Polis İdarəsinin zabiti olub. Bundan başqa, 2008-ci ildə Rəşad Qəribov Emin Əmirovla işbirliyi qurub bina satmaq adı ilə Bakı sakini Valeh Əliyevə 5 milyon manat "atıb". İzi itirmək məqsədilə Fərhad Qəribov Emin Əmirova 11 illik həbs cəzası verdirib. Pulu əlindən alınan Valeh və Rüstəmə şikayət edəcəkləri təqdirdə türk iş adamı və Eldəniz Qurbanov kimi öldürəcəkləri ilə təhdid edirlər".
Fərhad Qəribovun Tovuzdan olan iş adamı Akif Qurbanovla qohum olduğunu deyən mənbə bildirir ki, əgər aidiyyəti qurumlar deputatın və oğlanlarının fəaliyyətini araşdırsalar, o zaman bir çox mətləblərə aydınlıq gətirilə, bəzi cinayətlərin üstü açıla bilər: "Akif Qurbanov Fərhad Qəribovla qudadır. Belə ki, Akif Qurbanovun oğlu Vüqar Qurbanov deputatın kürəkənidir. Vüqar Qurbanov bir müddət Bakı Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində çalışıb. Lakin bir müddət sonra o, tabel silahını itirir. Həmin vaxt Məhərrəm Əliyev Bakı Şəhər Baş Polis İdarəsinin rəisi olub. Vüqar Qurbanov başa düşür ki, kimin oğlu, ya da qudası olmağına baxmayaraq, Məhərrəm Əliyev onu bağışlamayacaq. Bakı Şəhər Baş Polis İdarəsində onun barəsində başlayan xidməti yoxlama zamanı Vüqar Qurbanov deyir ki, guya silahını ictimai tədbirdə itirib. Ancaq təhqiqatçılar ona başa salırlar ki, Məhərrəm Əliyevin əmrinə əsasən ictimai tədbirdə odlu silah gəzdirmək qəti qadağandır. Bu zaman işə Fərhad Qəribovun keçmiş qudası, millət vəkili Ərəstun Cavadov müdaxilə edir və Vüqar Qurbanovun məsələsi həll olunur. Bununla da, Fərhad Qəribovun kürəkəni Vüqar Qurbanov Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə rəis müavini göndərilir. Orada bir müddət işlədikdən sonra nədənsə öz xahişilə daxili işlər orqanlarından uzaqlaşır. Maraqlı məqam ondadır ki, məhz həmin vaxt Fərhad Qəribovun oğlanları Zöhrab və Elnur Qəribov qardaşları da polis orqanlarından kənarlaşdırılırlar. Əgər müvafiq qurumlar bu və digər məsələləri araşdırsalar, onda bir çox qaranlıq məqamlara aydınlıq gətirilə bilər".
Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.