Siyasət / Slayd (29-03-2015, 13:46)
PA rəhbəri Ramiz Mehdiyev işə çıxdı - qorxuya düşənlər var
Ötən ilin dekabrın 3-də ABŞ və Avropanı sərt tənqid edən məqaləsi yayıldıqdan sonra uzun müddət rəsmi tədbir və mərasimlərdə gözə dəyməyən, bu səbəbdən də barəsində müxtəlif şayiələr yayılan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, nəhayət ki, bütün dedi-qodu və intizarlara son qoyub.
Strateq.az-ın əldə etdiyi məlumata görə, səhhətində yaranmış problemlə bağlı müalicəsini başa vuran akademik artıq yenidən əvvəlki nizam-intizam və enerji ilə işinin başına dönüb.Rəsmi olaraq, iş günü olmasa da, PA rəhbərinin hətta bayram günlərində belə, o cümlədən dünən Administrasiyaya gəlib-getdiyi və ciddi şəkildə hansısa elmi məqalə üzərində işlədiyi bildirilir. Gözlənilir ki, hər yazısı böyük rezonans yaradan akademikin aprel ayında növbəti maraqlı məqaləsi işıq üzü görsün.
Məlumat üçün bildirək ki, bir neçə gün əvvələdək siyasi çevrələrdə Ramiz Mehdiyevin bir daha işə çıxamayacağı xəbəri yayılmış, onun yerinə iddialılar arasında amansız bir rəqabətin başladığı haqda informasiyalar sızdırılmış, hətta bu şayiələrin mətbuatda da yayılmasına səy göstərilmişdi.
Strateq. az-a daxil olan məlumata görə, akademikin əvvəlki qaydada Administrasiyaya gəliş-gedişi onun uğurunu istəməyənləri xeyli məyus edib, üstəlik, bir çoxlarının canına əməlli-başlı vəlvələ salıb. Bəziləri hətta çox ehtiyatlanır ki, akademik, o olmadığı müddətdə bir çox məmurun özünü necə aparmasından artıq tam məlumatlıdır və mütləq şəkildə Administrasiya dəhlizlərində vurnuxanların barəsində ölçü götürəcək.
Xatırladaq ki, öz həyat və fəaliyyəti ilə gerçək bir dövlət adamı olduğunu çoxdan sübut etmiş akademik Ramiz Mehdiyevin aprelin 17-də 77 yaşı tamam olacaq.