Siyasət (13-03-2015, 18:29)
Ramil Səfərovla Rövşən Əkbərov Gəncədə - Marafonda+Fotolar
Bu gün Müdafiə Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Gəncədə faşizm üzərində qələbənin 70 illiyinə həsr edilmiş “Ordu ilə xalq birdir” devizi ilə keçirilən bədii-təşviqat marafonuna start verilib.
“Mediatv.az”-a daxil olan məlumata görə, açılış tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycanın sabiq müdafiə naziri, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri,ehtiyatda olan general-mayor Dadaş Rzayev, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov, Milli Qəhrəman Ramil Səfərov, Müdafiə Nazirliyinin rəsmiləri, Böyük Vətən müharibəsi iştirakçıları, eləcə də şəhər ictimaiyyəti iştirak ediblər.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbir iştirakçılarını salamlayaraq, “Ordu ilə xalq birdir” devizi altında keçirilən bədii-təşviqat marafonunun Gəncədən başlamasını şəhər sakinləri üçün əlamətdar hadisə adlandırıb.
Sonra müstəqil Azərbaycanın ordu quruculuğunda qazanılan uğurlardan danışan Elmar Vəliyev deyib ki, indi Azərbaycan Ordusu nəinki regionda, eləcə də dünyada ən güclü ordulardandır.
Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyorları dahi mütəfəkkir, şair Nizamı Gəncəvinin, igid sərkərdələr Cavad xanın, Nuru Paşanın obrazlarında xalqımızın qəhrəmanlıq tarixini canlandırıblar.
Sonda Azərbaycanın görkəmli incəsənət ustaları Mübariz Tağıyevin, Zaur Rzayevin, Gülyanaq və Gülyaz Məmmədovaların, Zümrüd Məmmədovanın, şəhərimizin musiqi, mədəniyyyət və incəsənət kollektivlərinin geniş proqramla konserti olub.