Siyasət / Slayd (4-03-2015, 20:53)
Qədim şəhərin müasir həyatı
Biləsuvarda müasir sənaye məhəllələrinin yaradılması üçün 10 hektar ərazi ayrılıb
“İndi Azərbaycanın iqtisadiyyatı çox sürətlə inkişaf edir. Biz iqtisadi artım sürətinə görə dünyada birinci dövlətlər sırasındayıq. Həmin yüksəliş bölgələrin inkişafında da aydın görülür. Biləsuvar rayonunun inkişafı üçün müəyyən işlər görülüb. Bununla yanaşı, Azərbaycanın digər bölgələrində olduğu kimi, Biləsuvarda da daha böyük proqramların həyata keçirilməsi nəzərdə tutulub və inanırıq ki, bütün bu tədbirlər öz bəhrəsini verəcək”.
Prezident İlham Əliyevin hələ bir neçə il əvvəl söylədiyi bu fikirlər artıq real əksini tapmaqdadır. Belə ki, ötən il biləsuvarlılar 11 min hektar ərazidə buğda, 14 min hektar ərazidə arpa, 4416 hektar ərazidə pambıq əkmişdilər. Əkin sahələrindən 28646 ton buğda, 34966 ton arpa yığılmışdı. Bu əkin sahələrinin suvarılması üçün xeyli əlavə tədbirlər də həyata keçirilib.
Kənd təsərrüfatında mühüm yer tutan pambıqçılıqdan da rayon sakinləri xeyli gəlir əldə edə biliblər. Heyvandarlığın inkişafında da uğurlar qazanılıb. Belə ki, bu rayonda iribuynuzlu heyvanların sayı 40,3 min başa, xırdabuynuzluların sayı 138 min başa çatdırılıb.
Xatırladaq ki, Muğan düzündə yerləşən, 1938-1991-ci illərdə Puşkin adlandırılan, hazırda 1397 kvadratkilometr ərazisi olan, İranla həmsərhəd Biləsuvar rayonu qədim tarixə malikdir. Bu rayonun iqtisadiyyatında taxılçılıq, pambıqçılıq və heyvandarlıq əsas yer tutur. Rayonda fəaliyyət göstərən Cənub-Muğan Kanal İstismar və Suvarma Sistemləri İdarələrinə tələbata uyğun ayrılan vəsaitlərin həcmi artırılıb, müasir texnika və avadanlıqlarla təchizat yaxşılaşdırılıb. Suvarılan 38891 hektar əkin sahəsinə 1859,7 kilometr suvarma kanalı, 66 nasos stansiya, 1356 hidrotexniki qurğu, 184 digər obyekt və avadanlıqlar xidmət göstərir.
Biləsuvarda təhsilin inkişafına da xüsusi diqqət yetirilir. Ötən il rayonda 3 yeni məktəb inşa edilib, 1 məktəbdə əsaslı təmir işləri aparılıb. Bütövlükdə isə son bir neçə ildə Biləsuvarda inşa edilən məktəblərin sayı 13, təmir olunanların sayı 6-ya çatdırılıb. Məhz bu sahəyə ayrılan diqqətin nəticəsində ötən il rayon məktəblərini bitirmiş şagirdlərdən 240-ı tələbə adını qazanıb. Onlardan 21 nəfəri 600-dən, 46 nəfəri isə 500-dən çox bal toplayıb. Ali məktəblərə qəbulda şəhər 1, 2, 4, 6 saylı, Xırmandalı kənd 1 saylı, Zəhmətabad, Yuxarı Cürəli, Bəydili, Aşağı Cürəli kənd tam orta məktəbləri daha çox fərqlənib. Rəvan Məmmədov, Orxan İbayev, Bəhruz Nəbili 2014-cü ildə “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri olub.
Faktlar nə deyir?
Yeri gəlmişkən, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 113 sahibkarın subyektinə 1,4 milyon manat kredit ayrılmışdır. Biləsuvarda yeni açılan iş yerlərinin 1445-i 2014-cü ilin payına düşür. Hazırda Biləsuvarda əsas kapitala yönəlinən investisiyalar 32,1 milyon manat, pərakəndə əmtəə dövriyyəsi 151,8 milyon manat təşkil edir. Rayon üzrə əhalinin gəliri 270 milyon manat, adambaşına düşən gəlirin həcmi 2670 manat olub.
2014-cü ilin “Sənaye ili” olması ilə əlaqədar Biləsuvar rayonunda bir sıra təqdirəlayiq işlər görülüb. Rayonda müasir sənaye məhəllələrinin yaradılması üçün 10 hektar ərazi ayrılıb. Əhalinin təbii qaz ehtiyacını ödəməkdən ötrü Biləsuvar şəhər və 18 kənd yaşayış məntəqəsi tamamilə qazlaşdırılıb, sayğaclaşma işləri yekunlaşıb. Hazırda Ağayrı, Nərimankənd və Günəşli kəndlərində qaz xətlərinin çəkilişi aparılır. Biləsuvarlılara daha keyfiyyətli rabitə və internet xidmətlərinin göstərilməsi üçün rayon mərkəzində, eləcə də kəndlərdə yeni Elektron ATS-lər quraşdırılıb. Kəndlərarası birləşdirici rabitə xətləri fibro optik kabellərlə əvəz edilib. Tikinti-abadlıq işlərinin miqyası xeyli genişləndirilib. Ələt-Astara magistral avtomobil yolunda təmir işləri yüksək keyfiyyətlə davam etdirilib. Təmir işlərində 1850 ton asfalt-beton işləri görülüb. Yolda olan körpülər və yolun 116-cı kilometrliyindəki istirahət zonasında təmir və rəngləmə işləri aparılıb.
Biləsuvar şəhərinin C.Cabbarlı və L.İbrahimov küçələrində 100 və 200 yerlik uşaq bağçalarının inşası başa çatdırılıb. H.Əliyev küçəsində yolun genişləndirilməsi, yolkənarı hasarın tikintisi, piyada səkilərinə üzlük daşların döşənməsi, müasir işıqlandırma sisteminin quraşdırılması da yekunlaşıb. Bu ərazidə 1,2 kilometr uzunluğu olan küçədə 15100 kvadratmetr asfalt-beton salınıb.
13000 əhalinin yaşadığı, 6 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 16 kilometr olan Günəşli-Ağayri-İsmətli-Aranlı-Çinarlı-Əliabad yolunun tikintisi yekunlaşdırılıb, 10000 nəfər əhalinin yaşadığı, uzunluğu 6 kilometr olan Əskərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi başa çatmaq üzrədir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının tikintisini yekunlaşdırmaq üçün bütün vasitələrdən istifadə edilir.
Sağlam gənclik sağlam gələcəkdir
Biləsuvardakı əhalinin üçdə bir hissəsini təşkil edən gənclərin ideya-siyasi, hərbi vətənpərvərlik tərbiyəsinin inkişaf etdirilməsi də daim gündəmdədir. Son aylar yeni ailə quran gənclərin Heydər Əliyev Mərkəzində nikah mərasiminin keçirilməsi artıq ənənəyə çevrilib. İndiyədək belə mərasimlərin sayı 130-dan çox olub. Rayon gənclər və idman idarəsi tərəfindən keçirilən bir sıra tədbirlər regionda əks-səda doğurub.
Biləsuvarda hərbi vətənpərvərlik tərbiyəsi daim diqqətdə saxlanılır. Ölkəmizin iftixar ünvanı olan Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun bir vaxtlar yaşadığı mənzil minlərlə gəncin hər gün üz tutduğu məkandır. Onun göstərdiyi igidlik, qəhrəmanlıq bugünkü gəncliyin tərbiyəsində, yurd-yuva sevgisində müstəsna rol oynayır. 2014-cü ildə Biləsuvarda nümayiş etdirilən “Mübarizlik zirvəsi” sənədli filminin nümayişi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə nəşr olunmuş “Hər şey qələbə üçün” kitab-albomunun təqdimat mərasimi yüksək səviyyədə keçirilib. Dövlət Bayraq gününə həsr edilmiş “Qəhrəmanlıq ənənələrini yaşadaq” şüarı ilə keçirilmiş hərbi vətənpərvərlik günü daha yaddaqalan olub. Respublika prezidentinin təşəbbüsü ilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən ekskursiya turunda Biləsuvar ümumtəhsil məktəblərinin 40 nəfər əlaçı şagirdi Gəncə-Şəmkir-Göygöl marşrutu ilə bölgənin tarixi abidələri, görməli yerləri ilə tanış olublar.
Səxavət Məmmədli