Siyasət / Slayd (20-02-2015, 20:40)
“Qərib Məmmədov heç bir işə dəvət olunmayıb” - Komitənin keçmiş işçisi
“Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunandan sonra Qərib Məmmədov heç bir işə dəvət almayıb. Ona görə də hələ ki işsizdir”. Bunu Modern.az-a açıqlamasında ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin keçmiş üzvü deyib.
Adının çəkilməsini istəməyən şəxs Qərib Məmmədovun elmi sahədəki fəaliyyətindən də danışıb: “Qərib Məmmədov hazırda elmi fəaliyyətini davam etdirir. Akademik kimi Elmlər Akademiyasında çalışır”.
Qeyd edək ki, Qərib Məmmədov 1997-ci il iyunun 25-də Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin sərəncamı ilə Dövlət Torpaq Komitəsinin, 2001-ci il aprelin 18-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, 2004-cü il oktyabrın 23-də isə prezident İlham Əliyevin sərəncamı ilə yenidən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri təyin olunub.
Bu yaxınlarda isə İlham Əliyevin sərəncamı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib.