Sağlamlıq (8-06-2015, 20:33)
Azərbaycanda hansı qan qrupuna daha çox ehtiyac var? - DONORLUQ
“Donor həyat daşıyıcısıdır. Qanvermə aksiyalarına baxmayaraq, bizim yenə də qana ehtiyacımız var. Pozitiv əhval-ruhiyyə ilə verilən qanın keyfiyyəti də fərqli olur”. Bu fikirləri APA TV-də efirə gedən “Sosium” proqramının qonağı, Qan Donorları Assosiasiyasının rəhbəri Fuad Əsgərov deyib.
Assosiasiyanın rəhbəri əvvəlki illərdə qana tələbat və qan xəstəlikləri ilə bağlı maariflənmənin zəif olduğunu qeyd edib: “Qan Donorları Assosiasiyası 2007-ci ildə təsis olundu və 2008-ci ildə rəsmi qeydiyyatdan keçərək fəaliyyətə başladı. Bizim sahəmiz və fəaliyyətimiz bur az spesifikdir. Assosiasiya yarandığı illərdə donor tapılması ilə bağlı ciddi sıxıntılar vardı, bizim qurum üç təsisçidən ibarət idi. Bunlardan biri donor, biri qana ehtiyacı olan insan, digəri isə hüquqşünas idi. Qana ehtiyac olduqca qlobal bir problem idi. Bunun da səbəbi həmin dövrlərdə qan qıtlığının olması, pərakəndəlik, maarifləndirmə işinin zəifliyi ilə bağlı idi. İnformasiya o qədər az idi ki, hətta diş həkimlərin çoxu qanaxmanı saxlaya bilməyəcəyindən ehtiyat edib hemofiliyalı xəstələrdən imtina edirdi. Eyni zamanda donorlara olan diqqət və qayğının yetərincə olmaması da insanları bu işə həvəsləndirmirdi. İnsanın orqanizmin bir parçası olan qanını kiməsə təmənnasız verməsi çox həssas məsələdir”.
Qonaq donorlara xüsusi diqqətin artırılmasının əhəmiyyətindən danışıb: “Qan yeganə tibbi vasitədir ki, insan onu son anlarında istifadə edir, bu adi baş ağrı dərmanı deyil, insanın həyatda qalması üçün zəruri olan tibbi vasitədir, öz qanını başqasına verən adama xüsusi diqqət və qayğı olmalıdır, hörmətlə yanaşılmalıdır, çünki onun verdiyi qan həyat mənbəyidir, donor həyat daşıyıcısıdır. Hər insan donor ola bilmir, bunun üçün sağlam olmaq, müvafiq tibbi standartlara cavab vermək lazımdır. Burada boyun, çəkinin, qan verən zaman insanın əhval-ruhiyyəsinin, illər ərzində keçirdiyi xəstəliklərin, aldığı travmaların, keçirdiyi əməliyyatların hamısı yoxlanılır. İnsan bir digərinə qan verən zaman öz həyatını təhlükəyə atmamalıdır. Lakin sevindirici haldır ki, bu gün kimlər donor ola bilər sualı ilə az rastlaşırıq, bu da illərdən bəri aparılan maarifləndirmənin nəticəsidir”.
Fuad Əsgərov qanvermə aksiyalarının əhəmiyyətini xüsusi vurğulayıb: “Əvvəllər qanvermə aksiyaları proqram şəklində həyata keçirilirdi, lakin artıq fərdi müraciətlər də olur. Hətta bəzi qurumlar il ərzində dəfələrlə qanvermə aksiyası keçirir. Lakin bütün bunlara baxmayaraq, bizim yenə qana ehtiyacımız var”.
Qonaq irsi qan xəstəliklərinin əsas səbəbinin insanların məsuliyyətsizliyi və eyni genlərin qohumluğu ilə bağlı olduğunu bildirib: “Qohumluq nikahları, bərabər genlərin yenidən birləşməsi kimi problemlər qan xəstəliklərinin əsas səbəblərindəndir. Azərbaycanda hələ də elə bölgələr var ki, bir nəsil başqa yerdən qız almır. Nikahdan əvvəl tibbi müayinənin yaxın gələcəkdə çox müsbət təsirinin olacağına əminəm. Bu sahədə insanları maarifləndirməyə çox böyük ehtiyac var. Valideyn olaraq dünyaya sağlam uşaq gətirmək hər kəsin həyat prinsipi olmalı və öz geninə bələd olmalıdır. Bizdə çox nadir hallarda insanlar qan analizinə gedirlər. İnsan hər 3, 6 aydan profilaktik olaraq öz qanında baş verən prosesləri bilməlidir”.
Fuad Əsgərov son zamanlar qan xəstəliklərinin qarşısının alınmasına xüsusi diqqət və qayğının səmərəli nəticə verdiyini deyib: “Azərbaycanda qan donorluğunun mədəniyyət forması alması üçün işlər görülür, Azərbaycanda donorluğunun şəbəkəsinin qurulması üçün ciddi addımlar atılır. Mərkəzi Qan Bankı QHT-lərlə yaxından əməkdaşlıq edir. Azərbaycanda Gənc Donorların Respublika Forumu keçirilir. Ölkənin bütün regionlarından gənclər paytaxta gəlirlər, bu donorlar dövlət qurumları tərəfindən mükafatlarla təltif olunurlar”.
Donorluğun ilk növbədə insanın öz orqanizminə faydasından danışan qonaq qan aldırmanın hələ qədimdən sağlamlıq üçün əhəmiyyətli olduğunu deyib: “Qanın yenilənməsi üçün insan qanının bir hissəsi çıxmalıdır. Qan verdikdən sonra orqanizm tam olaraq bərpa olunur, qan hüceyrələri yenilənir, sinir sistemi tənzimlənir, orqanizmdə oksigenin daşınması yenilənir. Yeni qan kütləsi orqanizmə daxil olur. Hər bir sağlam insan potensial donordur. Bu o demək deyil ki, qan verməyən insan sağlam deyil, sadəcə, donor olmağın şərtləri var. Donor qan verən zaman çox pozitiv yanaşmalıdır. Pozitiv əhval-ruhiyyə ilə verilən qanın keyfiyyəti də fərqli olur”.
Fuad Əsgərov donorun qan verdiyi adamı tanımasını məqsədəuyğun hesab etmir: “Qan verən adam qanı kimə verdiyini bilmir, çünki xəstə mənəvi cəhətdən özünü borclu hiss edir və həmişə kiməsə borclu olduğunu düşünə bilər. Dünya təcrübəsində də bu belədir. Bir çox qanvermə aksiyaları talassemiya xəstəlikləri üçün keçirilir. Məncə qan vermək mənəvi vətəndaşlıq borcudur”.
Assosiasiya rəhbəri medianın bu sahədə fəaliyyətinin müsbət və mənfi cəhətləri olduğunu deyib: “Bu gün cəmiyyətdə talassemiyalı, hemofiliyalı insanlara çox nadir hallarda xəstəlik haqqında artıq suallar verilir. Bu, həm də medianın doğru fəaliyyətinin nəticəsidir. Amma sosial şəbəkələrdə bəzən elə olur ki, qan elanı bir ay paylaşılır. Bu zaman heç kəs elanın vaxtına, nə qədər paylaşıldığına baxmır”.