Problem (18-11-2015, 17:33)
"Prezidentimizə mənimlə bağlı yanlış məlumat çatdırıblar" - Nazpəri Dostəliyeva
Xalq artisti Nazpəri Dostəliyeva media nümayəndələri ilə görüşüb.
Mediatv.az-ın məlumatına görə, müğənni telekanallara çıxmamasının səbəbini açıqlayıb:
“Bilirəm ki, nəsə yanlışlıq olub. Prezidentimizə mənimlə bağlı yanlış məlumat çatdırıblar. İnanmıram ki, bizim prezident kiminsə sözü ilə mənə qadağa qoya. Bu günə kimi məni ANS və Region TV çəkinmədən efirə dəvət etdi. Bu müddət ərzində boş oturmamışam. Bir çox deputat mənim bu halıma qarşı çıxıb. Ümidim jurnalistlərədir. Bu işi siz araşdırın. Mənə qarşı edilən bu haqsızlığın arxasında kimlər dayanır tapılmalıdır. Kanallardan səbəbi soruşanda deyirlər ki, hər şey qaydasındadır. Bəs, Lider telekanalında çəkildiyim veriliş niyə efirə getmir? 3 ildir veriliş hazırlanıb. Vətənimin bir övladının toyunda iştirak etdiyim üçün mənə böhtanlar atıldı. Bu məsələ siyasiləşdirildi, böyüdüldü. Lakin mən vətənimi, dövlətimi, xalqımı sevirəm”.
N.Dostəliyeva ulu öndər Heydər Əliyevdən də bəhs edib:
“Mən Heydər Əliyevin sevimli müğənnisi olmuşam. Onun bütün tədbirlərində, özəl məclislərində iştirak etmişəm. Uşaqkən Leyla Əliyevanın mənə yazdığı şeirlər hələ də qalır”.
Qeyd edək ki, N.Dostəliyeva 2013-cü ilin aprelində Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbərin toy mərasimində iştirak etmişdi.