Problem (11-09-2015, 16:51)
Elçin Cəfərov verilişləri "asıb-kəsdi" - FOTO
Müğənni Elçin Cəfərov bir müddətdir efirlərə çıxmamağının səbəbini açıqlayıb.
Mediatv.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi verilişlərdə bəyənmədiyi cəhətlərdən danışıb:
"Bir müddətdir yaradıcılıqdan, efirlərdən uzaqlaşmışam. Verilişlər məni qane etmir. Ona görə də qatılmıram. Sənətçi işləyir ki, efirdə bunu nümayiş etdirsin. Amma yazdığımız, hazırladığımız mahnını aparıb güdaza veririk. Suallar düzgün qurulmur. Təcrübəsizlik var. Dekorasiyaları yaxşı olmur. Bir az pul xərcləsələr, yaxşı olar. Dünyada sənətçilər necə qarşılanır, suallar verilir? Bizdə bu yoxdur. Sənətçiləri ancaq incitməklə məşğuldurlar. Kiminsə nəyisə varsa, üstünə beşini qoyub deyirlər. Müğənni suallara cavab verir, amma sonradan baxırsan ki, xoşagələn deyil. Mən oturub verilişin, hansısa kanalın mənə qadağa qoyub-qoymayacağını düşünmürəm. Başımı salıb aşağı, yeniliklərimi edirəm. Bundan sonra da yaradıcılığımla məşğul olacam".
E.Cəfərov yeni mahnılarından da bəhs edib:
"Məmmədbağır Bağırzadənin repertuarından "Əhdini danmış" adlı mahnını oxumuşam. Yeni aranjmanla təqdim edəcəm. Bir az daha ritmik etmişəm. Bir aşıq havası var, onun üzərində işləyirəm. Faiq Sücəddinovdan, Aygün Səmədzadədən mahnılarım var".
Müğənni həmkarlarının onun mahnılarını el şənliklərində icazəsiz oxumasına isə belə münasibət bildirib:
""Mənə onu çağırın gəlsin" artıq xalq mahnısı kimi yadda qalacaq. Ona görə də mahnının musiqisini sosial şəbəkəyə yerləşdirdim. Bayağı formada oxumaqdansa, səviyyəli səsləndirsinlər".