Problem (12-06-2015, 16:57)
"Sevgi həyatımda birinci yerdədir" - Aygün
Xalq artisti Aygün Kazımova APA.Tv-də yayımlanan “Sən demə…” verilişinin qonağı olub.
Axşam.az-ın məlumatına görə, müğənni həyatda hər çətinliyin öhdəsindən gəldiyini açıqlayıb:
“Mənim üçün həyatda çətin olan bir şey varsa, onu fəth etməyi qarşıma məqsəd qoyuram və çox zamanlar da öhdəsindən gəlirəm. Mənim üçün dəyərli olan çox şey var. Ailəm, bir çox insanlar, sənətim, vətənim, dostlarım mənə çox dəyərlidir. Ölkəmdə sahəsindən asılı olmayaraq baş verən bütün hadisələrdən xəbərim var. Mən şou-biznesdən çox xəbərləri izləyirəm”.
Hər şeyi açıq-aşkar etiraf etməyi sevən A.Kazımova xasiyyətinin sevmədiyi tərəflərindən də söz açıb:
“Tənbələm. Mən nə qədər qoçaq, ritmli, enerji dolu olsam da, hərdən tənbəlliyim tutur. Ancaq mənim bu qədər yüksək əhval-ruhiyyədə olmağım əsas səbəbi hər şeyə sevgi ilə yanaşmağımdır. Sevgi mənim həyatımda ən birinci yerdədir. Bir işi görmədən öncə onu sevirəm. Bəlkə də bu, mənim fantaziyamdır, amma mən cansız bir şeydən belə sevərkən sevgi ala bilirəm".
Müğənni heyvanları çox sevdiyini də bildirib:
“Bəlkə də kimlərisə kövrəltməyən hadisələr mənə çox pis təsir edər. Məsələn, yolda it, pişik görərəm, kövrələrəm, ağlayaram, elə bilərəm o acdır. Ürəyimdə deyirəm ki, bəlkə onun qayğıya, sevgiyə ehtiyacı var. Amma o, küçədədir. Heyvanlara qarşı mənim çox böyük sevgim var. Bəlkə kimlərsə bunu zarafat kimi qəbul edir, amma nə vaxtsa səhnədən uzaqlaşsam mütləq heyvanlarla işləyəcəyəm. Məni zooparkın müdiri qoysunlar. Ya da fermer olub, heyvanlara qayğı göstərərəm. Mən bəlkə də heyvanları insanlardan çox sevirəm. Əslində, mənim ən qorxduğum varlıq insanlardır. İnsanlardan biri-birinə zərbə, xəyanət gələr".