Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (1-06-2015, 12:41)
Təranədən oğul həsrətində olan Musaya cavab: “Mən təklif etsəm də...”

Təranədən oğul həsrətində olan Musaya cavab: “Mən təklif etsəm də...”

 

İllərdir ki, səhnədə də, həyatda da qoşa addımlayırlar. Birini o birisi olmadan təsəvvür etmək olmur. Elə bu təsəvvürün nəticəsidir ki, rejissor da onları öz filmində qoşa görüb.

Mediatv.az xəbər verir ki,  Publika.az-ın dəvətini də qoşa qəbul edib, qoşa müsahibə verdilər. Səhnədə və həyatda qoşa qarıyan Musa Musayev - Təranə Qumral cütlüyü ilə söhbətimizi məhz musiqidən film sənayesinə sıçrayışları üzərində qurduq. “Qız atası” serialında tamaşaçı sevgisi qazanan cütlük həyatda 3 qız övladı sahibi olsalar da, filmdə oğula ata-analıq etməyə cəhd göstəriblər. Biz də necə alındığını, bu obrazda özlərini necə hiss etdiklərini elə onlardan soruşduq.

 

KİNOYA DA QOŞA ÇƏKİLDİLƏR

 

-  Bir ailədə iki sənətkar... Belə bir ailəni idarə etmək çətin deyil?

- M.M: Hələ biri də yetişir. Sevgim balam gimnastikaya gedir, yaxşı səsi var, pianoda da ifa edir. Biz ikimiz isə bir adamıq.

- T.Q: Ayrı-ayrı bədəndə olsaq da, ikimiz birik.

 

 İki bədəndə bir ruh?

- M.M: Onu deyənlər bizim dünyaya gələcəyimizi düşünüb bizim üçün deyiblər...

 

-  O ruhu da idarə eləmək çətin olar. Bədənlər hər biri ayrı-ayrı istiqamətlərə üz tutanda ruhun halı necə olur?

- M.M: Bizim bədənimiz heç vaxt ayrı-ayrı istiqamətlərə getmir.

- T.Q: Parçalamaq istədilər, alınmadı.

 

-  Artıq filmə də çəkilmisiniz... Özü də qoşa...

- M.M: Rejissordan təklif alandan sonra ssenari ilə tanış olduq. Ssenari xoşumuza gəldi. Hesab etdim ki, biz bu filmdə üzərimizə düşən vəzifəni yerinə yetirə bilərik. Burada Təranə xanımla mən ata-ana obrazında çıxış edirik. Bir oğlumuz var. Valideyn olaraq, üzərimizə müəyyən vəzifələr qoyulub. Ssenari də bizə uyğun idi, təklif olunan rollar da. Başqa cür olsa, dəvəti qəbul etməzdim. Yəni, Təranə xanıma mənim həyat yoldaşım deyil, başqa rol verilsəydi, onun çəkilməsinə razı olmayacaqdım.

 

FILMDƏ ELƏ OYNADI KI, ELƏ BILDIM HƏQIQƏTƏN DALAŞIR

 

-  Filmdə üzərinizə düşən vəzifəni yerinə yetirə bildinizmi? İlk dəfə aktyor oyunu sərgiləyirdiniz? Oynaya bildinizmi? Sizcə, necə alındı?

- T.Q: Məndə o qədər də yaxşı alınmasa da, Musa yaxşı oynayır. Filmdə elə oynadı ki, elə bildim həqiqətən dalaşır. Prodüser ev yiyəsinin pulunu götürüb qaçmışdı. Musa müəllim də gedib ondan pulumuzu tələb edirdi. Orada prodüserlə dalaşdı. Rol onun xarakterinə uyğun seçilmişdi. Mən də həyatdakı missiyama uyğun olaraq onları aralayırdım. Yaxşı filmə çəkilsə, yüksək səviyyədə oynayar. Ümumiyyətlə, ciddi rollar Musaya çox yaraşar. 

- M.M: Rolun öhdəsindən gəlib-gəlmədiyimi filmin ssenari müəllifi, rejissoru daha yaxşı deyə bilər.

 

-  Həyatdakı obrazınıza yaxın bir surət yaratdınız...Amma həm də fərqli bir obraz idi...

- M.M: Elədir. Həyatda 3 qız böyüdüb ikisini artıq ər evinə yola salmışıq. Kinoda isə oğul valideynləri olaraq övladımıza qız aldıq.

 

HƏMİŞƏ DEYİRDİM Kİ, KAŞ BİR OĞLUM OLARDI

 

- Azərbaycan kişiləri oğul atası olmaq üçün can yandırır. Qız atası Musa Musayev kinoda oğul atasını oynayarkən nə hiss etdi?

- M.M: Allah bilən məsləhətdir. Həmişə deyirdim ki, kaş bir oğlum olardı. Oğul arzusu ilə balaca balamız da dünyaya gəldi.

- T.Q: Arzulayırsansa, hələ gec deyil. Problem yoxdu. Mən neçə dəfə təklif etsəm də, Musa istəməyib.

- M.M: Qızlarıma qurban olum. Valideyn üçün qız daha yaxşıdır. Oğlan düşmən qarşısına çıxmaq üçündür. Təranə xanımın yeganə qardaşı şəhid oldu. İndinin özündə də cəbhədən acı xəbərlər alırıq. Oğul bu günlər üçün lazımdır. Ancaq, məncə, ata atadır. Fərqi yoxdur ki, qız atasısan, yoxsa, oğlan. Mən elə fikirləşirəm ki, valideyn üçün fərqi olmamalıdı.

 

OĞUL ARVADI ÜÇÜN YAXŞIDIR?

 

- T.Q: Oğul arvadı üçün yaxşıdır.

- Söhbət ki, oğula münasibətinizdən düşdü, Musa müəllim, Azərbaycanda anası, qohumları ilə arvadı arasında qalan və seçim etmək məcburiyyətində olan nə ilk , nə də son kişisiniz... Sizin taleyinizi yaşayan kişilərə məsləhətiniz varmı?

- M.M: Ana oğlunu həmişə qısqanır, bunu anlamaq çətin deyil. Ananın bir qızı da olsa, həyatı düzgün başa düşərdi. Qardaş-bacı isə evlənənə qədər doğma olur. Evlənəndən sonra hamının öz ailəsi daha önəmli olur. Hamı öz ailəsində sağ olsun. Ancaq ailədə ağsaqqal və ya ağbirçək yerində olmalıdır. Evdə bir nəfər sözükeçən adam olanda, övladın oğul ya qız olmasından asılı olmayaraq, hamı öz yerini bilir. Həmin ailədə hər hansı ciddi yanlışlığa yol verilmir. Təranə xanımla sevib ailə qurmuşamsa, buna hörmətlə yanaşılmaldır. Ancaq özümünkülər də kənar adamlar kimi bu xoşbəxtliyə paxıllıq edirlər. Halbuki mənim ailəm sevərək evləndiyimə, xoşbəxt ailə qurduğuma görə, bütün pis vərdişlərimdən uzaqlaşdığıma görə sevinməli idi. Ancaq gördüm ki, ailəm üçün Musa içki düşkünü, küçələrdə qalan, masalarda yatan, orda-burda dalaşıb hadisə çıxaran olaraq qalsa, daha yaxşı olardı. Onlar bu 18 ildə Musada baş verən müsbət dəyişikliklərə sevinmirlər. Əksinə, bu dəyişiklikdən şok keçirib narahat olurlar. Axı, Musa batmalıydı. Onlar narahatdır ki, niyə Musa arvadı ilə efirə çıxıb mahnı oxuyur? Niyə Musa xanımı ilə sevilir. Axı, niyə belə olmalıdır? Onlar da məni sevsə, nə olar? Mənə doğru addım atsalar, ziyan görərlər? Onlar mənə sarı bir addım atsalar, mən də onlara yaxınlaşaram. Onlar məni sevsələr, mən də qazandığım pullardan onlara da xərcləyərəm. Ancaq onlar xərclədiyimi danır, mənə paxıllıq edir, məndən qaçırlar. Həmişə demişəm. Millətimizin içində pis, nadan, əzazil insan çoxdur. Ancaq onlar ətraflarına baxıb yaxşılardan nümunə götürsünlər. Çünki hamımız özümüzə görə cavab verəcəyik.

 

-  Elə bir obraz varmı ki, filmdə məhz onu yaratmaq istəyirsiniz. Hansı obrazda olmaq istərdiniz?

- T.Q:  Musa yaxşı at çapır. Dedektiv, cəngavər kimi obrazları yaxşı yaradar.

- M.M: Təranə xanımla Təbrizdə bir toya getmişdik. Mənə hələ İranda demişdilər ki, at belində, qılıncla bir qəhrəman obrazına dəvət edəcəklər. Məni onlar da xarakterimə uyğun olan və çox sevdiyim bu obrazda gördülər.

 

ÖZÜMDƏ 10 NƏFƏRİN GÜCÜNÜ HİSS EDİRƏM

 

-  Musa müəllim, Təranə xanım sizi bir qəhrəman obrazında görür. Bəs, siz onu?

- M.M: Təranə xanım filmə ancaq mənimlə, mənim xanımım obrazında çəkilə bilər.

- T.Q: Axır vaxtlar mənə çox deyirlər. Daxilən çox güclü qadın olduğum üçün məni Hürrəmə bənzədirlər. Bu bənzətmədə haqlıdırlar. Həqiqətən də, daxilən çox güclüyəm. Hərdən mənə elə gəlir ki, daxilimdə məni tutub saxlayan 10 nəfər adam var. Özümdə 10 nəfərin gücünü hiss edirəm. Hamının bildiyi, eşitdiyi qalmaqallar vaxtı da çox güclü dayandım. Baş verənlərin məni depressiyaya salmadığına təəccüblənənlər oldu. Mən, ümumiyyətlə, depressiyaya düşmürəm.

 

- Bəs ətrafınızda neçə adam var?

- T.Q: Ətrafımdakı adamların sayı azdır. Olanlar da mənə bəsdi. Mən heç kimə güvənmirəm. Ailəmi, özümü isə, ümumiyyətlə, heç kimə etibar etmərəm. Əslində,  sağlam insan azdır. Mənim də üzümə gülüb arxamdan zərbə vuran çox olub. Çünki mənimlə qarşı-qarşıya mübarizə aparacaq gücləri yoxdur. Heç kimi arxadan vurmağı xoşlamıram. Sözüm olanda üzə deyirəm. İnsanlarla etik normaları həmişə gözləyirəm, çərçivədən çıxmıram. Çünki özümdən də çox düşündüyüm uşaqlarım var. Hər hansı addım atanda ən çox onları düşünürəm.

- M.M: Əvvəllər güvənirdim insanlara. Elə hesab edirdim ki, onlara inanmaq olar. Ancaq sonra gördüm ki, yanılmışam. Adamın üzünə gülüb arxasınca danışanlar olduğunu gördüm və elələrindn uzaqlaşdım. Deyirlər ki, qadınlar qeybət qırır. Mənim fikrimcə, artıq bu sahədə qadınlar kişilərdən çox geri qalır. O qədər onun-bunun dalınca danışırlar ki, danışıqlarını, şərəfini, mənliklərini itiriblər. Şantajdan tutmuş kişiliyə sığmayan bir çox hərəkətləri kişilər özlərinə yaraşdırırlar. İnsanların xisləti pisdir. Ona görə də, tanışlar çox olsa da, dostlar, güvəniləcək insanlar ya 1 olar, ya 2. Mən də bu həyatda yalnız Təranə xanıma güvənirəm.

- T.Q: Mən həmişə Musanın arxasındayam. Qadın olsam da, Musanı çox qoruyuram.

 

BİR RƏFİQƏM YOXDUR

 

-  Nədən qoruyursunuz?

- T.Q: Çox şeydən.  Musa çox sadəlövhdür, təsir altına tez düşür. Qısqanclığından istifadə edib qıcıqlandırırlar. Amma məni yoldan çıxartmaq, fikrimdən daşındırmaq çox çətindir. Elə jurnalistlərə qarşı da çox ehtiyatlı davranıram. Tutaq ki, zəng edib kiminsə barəmdə dediyi sözə münasibətimi soruşurlar. Mən cavab verməzdən əvvəl məsələnin əsası ilə mütləq maraqlanıram. Suyu üfürə-üfürə içən adamam. Deyirlər ki, qorxan gözə çöp düşər. Bilmirəm, gözlərimə çöpü kim saldı. Ancaq qırağa sirr verməyən, ailəm haqqında danışmayan bir adam olmuşam. Bir rəfiqəm yoxdur ki, ona nədənsə danışım, ailəmin sirrini verim, ya da o evimə gəlib hansısa sirrimi görsün. Qapalı insanam. Həyat tərzim də qapalıdır. Elə uşaqlarımı da özüm kimi tərbiyə eləmişəm.

 

-  Daxilən qapalısınız?

- T.Q: Bəli

 

- Bəs deyirlər ki, qapalı insanlar depressiyaya daha tez düşürlər...

- T.Q: Yox, mən elə deyiləm. Məlum hadisələr zamanı hamı inadla bildirirdi ki, efirə zəng vurmalıyam, hər şeyi danışmalı və məsələni aydınlaşdırmalıyam. Ancaq mən onlara qəti bildirdim ki, həyatıma qarışmasınlar. Elə o gərgin vəziyyətdə girdim otağıma. Təxminən bir saat oradan çıxmadan fikirləşdim. Ailəli olanlar barədə belə deyirlər ki, biri od olanda o birisi su olmalıdır. Mən də öz ailəmdə həmişə su oldum. İcazə vermədim ki, bizi vursunlar. Həmişə su oluram. Kişilər dəlisov, ərköyün olurlar. Mən Musanın da ərköyünlüyünü nəzərə almışam. Onu bir ana kimi qorumuşam. Düzdü, mən də küsürəm...

 

- Nədən küsürsünüz?

- M.M: Musanın qısqanclığından. Musanın qısqanclığı ifrat dərəcədədir. Bundan kiminsə rahatca istifadə edə bilməsi məni çox incidir.

 

-  Amma dözürsünüz?

- T.Q: Hə.

 

- Sual: Niyə?

- T.Q: Çünki inanıram ki, ailədə biri od olanda o birisi su olmalıdır. Bizim ailədə də Musa od, mən də suyam...

 

Səadət

Foto: Elçin Murad

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024