Mədəniyyyət (6-08-2021, 13:09)
Anar Kərimov İraqın rabitə naziri ilə görüşdü
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov İraqın ölkəmizdə rəsmi səfərdə olan rabitə naziri Arkan Şihab Əhməd Əl-Şaibani ilə görüşüb.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, Anar Kərimov görüşdə ölkələr arasında münasibətlərin tarixi, mədəni və dini bağlar üzərində inkişaf etdiyini vurğulayaraq, həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə əməkdaşlığın həyata keçirildiyini qeyd edib.
Azərbaycan və İraq arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan nazir hazırkı səfərin də faydalı müzakirələrin aparılması üçün imkanlar yaratdığını bildirib. 2011-ci ildə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və İraq Respublikasının Mədəniyyət Nazirliyi arasında imzalanmış mədəniyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumundan söz açan Anar Kərimov bu sahədə əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
Mədəniyyət Nazirliyinin beynəlxalq tərəfdaşlarla birgə başladığı “Mədəniyyət naminə sülh” (Peace4Culture) qlobal kampaniyasından danışan Anar Kərimov bildirib ki, bu kampaniyanın əsas məqsədi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində mədəniyyətə qarşı törədilmiş soyqırımını, habelə ölkəmizin işğaldan azad olunmuş ərazilərində sülhün bərqərar olması ilə mədəniyyətin və həyatın dirçəlməsinin başqa regionlara da nümunə ola biləcəyini dünyaya çatdırmaqdır.
Anar Kərimov söhbət zamanı İraqın mədəniyyət nazirinin Azərbaycana dəvət olunması, iki ölkə arasında mədəniyyət sahəsində yeni sazişin imzalanması, İraq ərazisində yaşayan türkmənlərlə Azərbaycan xalqının tarixi-mədəni bağlılığı, dahi Azərbaycan şairi Məhəmməd Füzulinin İraqın Kərbəla şəhərindəki məqbərəsinin bərpası məsələlərinə də toxunub.
Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.