Mədəniyyyət (8-12-2022, 10:43)
Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir
Mədəniyyət Nazirliyinin başı üzərindən qara dumanlar çəkilmir. Korrupsiya, rüşvət, yeyinti (özü də mədəniyyət sahəsində!) halları ilə bağlı araşdırmalar başa çatmamış, indi də yaşlı aktyorların teatrdan uzaqlaşdırılması məsələsi gündəmə gəlib. DİA.AZ qeyd edir ki, məsələ Milli Məclisdə də müzakirəyə çıxarılıb. Millət vəkili Aqil Abbas teatr direktorlarının özlərini ağa kimi apardığını deyib: “Son zamanlar teatrlardan müraciətlər çoxdur. Yaşlı aktyorları məcburi qaydada təqaüdə göndərirlər. Sənətkarın yaşı olmur. Şairə demək olar ki, 85 yaşdan sonra şeir yazma? Sənətkar yaradıcı adamdır.
Aktyor da eləcə. Xüsusilə Gənc Tamaşaçılar Teatrı və başqalarından söhbət gedir. Mədəniyyət Nazirliyi bu işə əncam çəkməlidir. Teatr direktorları özlərini ağa kimi aparırlar. Tariyel Qasımov Azərbaycanın ən böyük aktyorlarından biridir, onu istefaya göndəriblər. Eləcə də başqalarını. Seyid Şuşinski, Xan Şuşinski neçə yaşına kimi oxuyub, o halda onlara deyərdik ki, oxuma?! Teatrları veriblər direktorların əlinə, onlar da istədiyi kimi davranır. Mədəniyyət Nazirliyi bu məsələyə diqqəti artırsın”. İndiyədək Gənc Tamaşaçılar Teatrından Xalq artisti Lətifə Əliyeva, Yasin Qarayev, aktrisa Məsumə Babayeva işdən çıxarılıb.
Xalq artisti Tariyel Qasımov millət vəkili Aqil Abbasın səsləndirdiyi fikirlərin həqiqət olduğunu deyib: “Sağ olsun ki, sənətkarları düşünərək, onların müdafiəsinə qalxıb”. Bu sözləri Xalq artisti Tariyel Qasımov deyib. Xalq artisti Azərbaycanda yalnız bir teatrda yaşlı aktyorların işdən çıxarıldığını deyib: “Azərbaycanda hər zaman yaşlı aktyorlar səhnədə olub. Rəhmətlik Ağasadıq Gəraybəyli 90 yaşını keçmişdi, gözləri görmürdü, amma səhnədə parlaq obrazlar yaradırdı. Rafiq Əzimovun 84 yaşı var, amma teatrda çalışır. Çoxdur belə aktyorlarımız. Yalnız Gənc Tamaşaçılar Teatrında yaşlı və ömrünü səhnəyə həsr edən sənət adamları işdən kənarlaşdırılır. Bunun da səbəbkarı həmin teatra təyin olunan direktordur. O xanım direktor kimə arxayındır, arxasında kim dayanır, bilmirəm. Hər halda nazirlik buna göz yumur. O, digər yaşlı sənətkarlar kimi məni də teatrdan çıxardı. Gəldi ki, səninlə işləmək istəmirəm, vəssalam.
Çünki istedadlı insanlarla, sənətkarla işləmək çətindir. Dünyanın heç bir ölkəsində sənətkara qarşı belə davranış olmayıb. Hətta xəstə aktyorları belə hörmət-izzətlə teatra gətiriblər. Həmin aktyorun səhnəyə çıxması bəs edib ki, o tamaşa anşlaqla keçsin”.
Yaranmış vəziyyətlə bağlı “Şərq”lə fikirlərini bölüşən yazıçı-publisist Nəriman Əbdürrəhmanlı qeyd etdi ki, hər bir sənət ocağında nəsil dəyişməsinin baş verməsi labüddür, lakin bu dəyişikliyin mümkün qədər ağrısız və ya az ağrılı olmasına çalışmaq lazımdır:
- Yaradıcı təşkilatların imkanları sonsuz deyil. Nəsil dəyişməsi labüddür. Yaşlı aktyorlar öz yerini gənclərə verməlidir. Onlar daim səhnədə qalmaq istəyirlərsə, bəs gənc aktyor nəsli harada, necə yetişsin? Mən bu məsələdə gənclərin tərəfindəyəm. Lakin yaşlı aktyorların teatrdan, səhnədən və sənətdən tamamilə təcrid edilməsinə qarşıyam. Gənc aktyorlarla yaşlı aktyorlar arasında balans yaradılmalıdır. Elə bir balans ki, həm gənclərə qayğı göstərilsin, həm də ömrünü, həyatının illərini teatra, sənətə həsr etmiş aktyor və aktrisalara. Bunu necə etmək olar? Bu yolla ki, yaşlı aktyorlarla yaradıcılıq müqavilələri bağlansın, onlar da tamaşalara cəlb edilsin, onlara da uyğun rollar həvalə edilsin. Sənətkarlar kövrək, dəymə-düşər, tez inciyən, küsən olur. Yaşlı aktyorları incitmək, onları sənətdən, həyatdan küsdürmək olmaz. Yaradıcı təşkilatlar yaşlı aktyor və aktrisaları həm tamaşalara cəlb edə bilər, onları efirə, kinostudiyaya istiqamətləndirə bilər. Televiziyalar, kinostudiya onların imkanlarından isitfadə edə bilər.
Məsələn, səsləndirmədə, dublyajda. Televiziya tamaşalarında, filmlərdə onlara rol tapşırılsın. Aktyorluq sənətinin tələb olunduğu sahələrə cəlb edilsinlər. Teatrda da bu aktyorlar müqavilə ilə işləməkdə davam edə bilər. Pyeslərdə yaşlı obrazlar da olur və aktyorlara bu rollar təklif edilməlidir. Şərt deyil ki, bir aktyor ömrünün sonunadək teatrda ştatda qalsın. Belədə gənc nəslə yer olmayacaq, gənclərə imkan yaranmayacaq. Yaşlı aktyorlar özləri gənc aktyorların yetişməsində, təcrübə toplamasında maraqlı olmalıdır.
Amma yaşlıların daha gənc olanlarla əvəzlənməsi prosesi yumşaq aparılmalıdır. Aktyorları sənətdən incik salmaqla yox. İstedadlı aktyorlarımız özləri başa düşməli və qəbul etməlidirlər ki, həyat davam edir, nəsillər bir-birini əvəzləyir. Onların çoxu səhnədə öz sözünü deyib artıq.
Vaxtilə onlara yaradılan imkanlardan da bəhrələniblər. İmtiyazlardan istifadə ediblər.
Əksəriyyəti fəxri ad alıb. Artıq cavanlara yol açsınlar ki, cavanlar da yaradıcılıq imkanlarını nümayiş etdirə bilsinlər. Hesab edirəm ki, belə olarsa yaşlı aktyorlar inciməz, gənc istedadların da yaradıcılıq imkanları genişlənər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024