Kriminal (23-05-2018, 16:00)
DTX əməliyyat keçirdi: Milyonlar oğurlayan hakerlər saxlanıldı
2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olub.
Mediatv.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrii Borisoviç müəyyən edilərək saxlanılıb, onlara məxsus bank hesablarında olan vəsaitlər müəyyən edilərək dondurulub, müvafiq əməliyyatların həyata keçirilməsinin qarşısı alınıb.
Lunin Pavel Sergeyeviç və Serb Andrii Borisoviç Azərbaycan Cinayət Məcəlləsinin 177 (oğurluq) və 272 (kompyuter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.