Kriminal (5-10-2017, 10:41)
Bakıda kişi bacısı ilə qonşusuna ağır xəsarət yetirdi
Bakıda kişi bacısını və qonşuda yaşayan qadını döyərək, onlara ağır xəsarət yetirib.
Mediatv.az Report-a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, Goradil bağları adlanan yaşayış massivindəki evlərdən birində Azər Cəlilov qonşusu, 50 yaşlı Quliyeva Kifayət Həsənbala qızı ilə birlikdə yeyib-içib. İçki məclisi zamanı qonşular arasında mübahisə yaranıb. Nəticədə A.Cəlilov qadını döyərək, ona çoxsaylı xəsarətlər yetirib.
O, bundan sonra K.Quliyevanı zorla özünün yaşadığı evinə gətirib. A.Cəlilovun bacısı, 38 yaşlı Arzu Cəlilova da davanın qarşısını almaq istəyən zaman qardaşı tərəfindən döyülüb. Hər iki yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gətirilib və onlara tibbi yardım göstərilib.
Müayinə zamanı həkimlər K.Quliyevanın kəllə-beyin travması aldığını və burnunu sındığını müəyyən ediblər. A.Cəlilovanın vəziyyəti isə qənaətbəxşdir. O, çoxsaylı xəsarətlər alsa da, sınığı olmayıb.
Hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinə məlumat verilib və A.Cəlilov polis əməkdaşları tərəfindən saxlanılaraq bölməyə gətirilib. Məlum olub ki, o, hadisəni törədən zaman sərxoş vəziyyətdə olub.
Araşdırmalar davam edir.