Kriminal (31-03-2016, 12:46)
Univermaqdan 300 minlik - Oğurluq
Bakının Nəsimi rayonu, Cavadxan küçəsi, 5 ünvanında fəaliyyət göstərən "Moskva" univermağından oğurlanan qızıl-zinət əşyalarının məbləği açıqlanıb.
Mediatv.az xəbər verir ki, Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, qarət zamanı univermaqdan ümumilikdə 300 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları faktla bağlı əməliyyat axtarış tədbirlərini davam etdirir. Məlumata görə, oğurluq hadisəsilə bağlı univermaq işçiləri də daxil olmaqla 10-dan artıq şəxs Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Bölməsində dindirilsə də, hələlik bu hadisə ilə əlaqədar saxlanılan olmayıb.
Məlumatda o da qeyd olunur ki, univermaq Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən mühafizə olunur. Hadisə vaxtı mühafizəçilərin yatdığı ehtimal edilir.
Xatırladaq ki, ötən gecə Moskva Univermağında qarət hadisəsi baş verib. Gecə vaxtı univermağa gələn naməlum şəxslər qapını sındıraraq içəri daxil olub, ticarət mərkəzindən xeyli miqdarda qızıl- zinət əşyaları götürüb hadisə yerini tərk ediblər.
Faktla əlaqədar Nəsimi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.