Kriminal (30-07-2015, 14:30)
11-qat Azərbaycan çempionu bıçaqlandı - FOTO
İyulun 29-da Qaradağ rayonu ərazisində 11-qat Azərbaycan çempionu olmuş, K1 turnirinin qalibi, dünya kubokunun sahibi, 4-qat dünya çempionu və beynəlxalq dərəcəli idman ustası, polis kapitanı Kamil Şərifov xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb.
Bu barədə Oxu.Az-a çempionun dostu, tanınmış məşqçi Kamil Zeynallı məlumat verib.
Məlumata əsasən, Qaradağ rayonunun Qobu qəsəbəsində oğurluq hadisəsini araşdıran polis kapitanı Kamil Şərifov təkbaşına beş nəfər şübhəli şəxsi saxlamaq istəyib. Şübhəli şəxslər polisə tabe olmayaraq, ona hücum ediblər və cinayətkarlardan biri polis kapitanına qəflətən 3 bıçaq zərbəsi endirib.
11 dəfə Azərbaycan çempionunu bıçaqlayan şəxslər ərazidən uzaqlaşıblar.
Onun sözlərinə görə, 4-qat dünya çempionu təcili tibbi yardım avtomobili ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, orada da əməliyyat olunub.
K.Şərifov hazırda Daxili İşlər Nazirliyinin hospitalında müalicə olunur.
K.Şərifovun yaxın dostu, məşqçi Kamil Zeynallı öz İnstagram səhifəsində onun xəstəxana çarpayısında uzanıqlı vəziyyətdə fotosunu yayıb.
Fotonun yanındakı şərh bölümündə isə yazılıb:
"Allah şəfa versin, qardaşım. 2 saat keçən əməliyyatdan sonra yaxşıdır hər şey. Səni belə incidənlər çox getməzlər, qardaşım. "Prince Baku", daima biz dostların sənin yanındayıq... Gecə saat 1-də vəzifə borcunu yerinə yetirərkən 5 şübhəlini saxlayıb, sonda əlbəyaxa olublar, 3 bıçaq zərbəsi alıb".
Qeyd edək ki, K.Şərifov idmançılar arasında "Prince Baku" ləqəbi ilə də tanınır.
Mediatv.az