Kriminal (27-07-2015, 11:45)
Arvadının tanışını öldürməyə cəhd edənə- Ağır cəza
Bakı Apellyasiya Məhkəməsində Əli Ağayevin (1991-ci il təv.) CM-nin 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.9-cu (təqsirkar şəxs üçün aşkar sürətdə köməksiz vəziyyətdə olan adamı öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Mediatv.az oxu.az-a istinadən xəbər verir ki, 2013-cü il noyabrın 20-də 3 saylı kliniki xəstəxanasına kəsilmiş-deşilmiş xəsarətlərlə Binəqədi rayon sakini Şamil Qurbanov (1988-ci il təv.) gətirilib və həkimlərin müdaxiləsi nəticəsində həyatı xilas edilib.
İstintaqla müəyyən edilib ki, Əli Ağayev hərbi xidmətdə olarkən qeyri-rəsmi ər-arvad kimi yaşadığı Şəhla Hacıməmmədovanın kiminləsə görüşməsini eşidib. Həmçinin bilib ki, Şəhla qızlarını valideynlərinin yaşadığı Qazax rayonuna göndərib, özü isə Bakıda qalıb. Əsgərlikdən qayıdan Ağayev arvadı və uşağı ilə anasının Bülbülə qəsəbəsindəki evinə köçüb. Ayın 20-də Əli işdən qayıdan Şəhla və bacısı Fatiməni qarşılamaq üçün avtobus dayanacağına çıxıb.
Təxminən 10-15 dəqiqədən sonra siqaret çəkərkən o, hər ikisinin tanımadığı “VAZ 21099” markalı avtomobildən düşdüklərini görüb.
Əli əsəbi halda onları evə gətirəndən sonra Şəhlanı sorğu-suala tutub, sonra isə onu öldürmək məqsədi ilə mətbəxdən bıçaq götürüb və onu Binəqədi qəsəbəsində yaşayan xalasının evinə aparmaq qərarına gəlib. Dayanacaqda sərnişin avtobusuna minərkən qəflətən Şamil Qurbanov arxadan əl ataraq Şəhlanı saxlayıb, öz maşınına doğru aparmaq istəyib. Bunu görən Əli bıçağı çıxararaq Şamilin üzərinə gedib, sonuncu isə qaçmağa başlayıb. O, Qurbanova çatıb, onu yerə yıxıb, amma zərbələr vurmaq istəyərkən Əliyə Şəhla, həmçinin qəsəbə sakinləri İlkin Dadaşov və Rəşad Mürvətov maneçilik törədiblər.
Fürsətdən istifadə edən Şamil aradan çıxıb, öz avtomobilinə əyləşərkən yanından keçən “VAZ 2104” markalı avtomobil onu vuraraq, hadisə yerindən qaçıb. Həmin vaxt Qurbanova çatan Ağayev ona bıçaqla 3 zərbə vurub. Qəsəbə sakini Elmar Məhərrəmov Əlinin əlindən kəsici aləti alıb. Şamili avtomobilinə yerləşdirən Əli ətrafa yığışanlara onu xəstəxanaya aparacağını bildirib və sükan arxasına oturub.
Onunla bərabər maşına Şəhla da əyləşib. Lakin xəstəxana əvəzinə o, Balaxanı istiqamətində hərəkət edib, amma yolda onlara digər maşında olan Şamilin qardaşı Ramil Qurbanov və dostları çatıblar. Onlar Əli Ağayevi döyərək, Şamil Qurbanovu xəstəxanaya çatdırıblar. Səhərisi gün Əli Ağayev və Şamil Qurbanovu “VAZ 2104” markalı avtomaşınla vurub qaçan Samir Heybətov Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşları tərəfindən tutulub, lakin istintaqın gedişatında Heybətov şahid kimi tanınıb.
Məhkəmə prosesində Əli Ağayev irəli sürülən ittihamlarla özünü təqsirli bilməyib.
Şahid qismində tanınan Samir Heybətov göstərib ki, həmin axşam iş yerindən qayıdırdı, Bülbülə qəsəbəsində N.Nərimanov küçəsi ilə hərəkət edərkən naməlum şəxs qəflətən avtomobilin qarşısından qaçdığı üçün hadisə bir anda baş verib. Buna görə o, əyləci gec basıb, sonra isə qorxduğu üçün dayanmadan yolunu davam etdirib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ə.Ağayev 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işi araşdıraraq birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.
Mediatv.az