Bəzən isə elə hallar olur ki, tikinti şirkətinin özü qurbana çevrilir. “Haqqın.az” saytı belə bir unikal məhkəmə işi ilə qarşılaşmışdır. Bu məhkəmə işinə görə, Bakı sakini 8 il ərzində şirkəti şantaj edərək, böyük yaşayış kompleksinin tikintisini dondurmağa nail olmuşdur. 

Mediatv.az xəbər verir ki, Söhbət “Bağçasaray” MTK-dan gedir. 2014-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən Xətai rayonu Nobel prospekti 134 C ünvanında tikintisinə icazə verilmiş müasir və komfortlu yaşayış kompleksi 6 hektar ərazidə salınmalı idi. Məlumdur ki, bütün dünyada tikinti biznesi “vaxt puldur” qaydasına uyğun inkişaf edir. Bu səbəbdən də, bütün lazımi icazə sənədlərinə malik olan şirkət ləngimədən layihənin icrasına başlamışdır.

Lakin tikinti işlərinə başlamağa imkan tapmamış, tikinti sahəsində Adəm İsmayılov adlı biri peyda olmuş, bu ərazinin ona məxsus olduğunu və şirkətin ərazidə tikinti işlərinin aparmaq hüququna malik olmadığını iddia etməyə başlamışdır. Həmin şəxs məhkəmələrdə “süründürməklə” hədələyərək, şirkətdən böyük məbləğdə pul tələb etmişdir. 
Şirkətin hüquqşünasları bir daha bütün icazə sənədlərini nəzərdən keçirərək yekdil qərara gəlmişlər: “çağırılmamış qonağın iddiaları əsassızdır və bu səbəbdən tikinti işləri davam etdirilməlidir”. 
Lakin buna baxmayaraq, Adəm İsmayılov qohumu Sübhan Zayidovun vasitəsilə, müxtəlif məhkəmə orqanlarına və bütün instansiyalara şikayət ərizələri göndərməyə başlamışdır. Müəyyən məqamda şikayətlərin sayı o həddə çatmışdır ki, məhkəmə orqanları “vəziyyəti aydınlaşdıranadək” yaşayış kompleksinin tikintisinə müvəqqəti qadağa qoymaq qərarına gəlmişlər. 
Beləliklə də, vəziyyətin aydınlaşdırılmasına 8 il vaxt tələb olunub. Çoxsaylı məhkəmə çəkişmələrindən sonra ədalət nəhayət ki, öz yerini tapıb. Azərbaycan Respublikasının ali ədalət mühakiməsi orqanı sayılan Konstitusiya Məhkəməsi də “Baxçasaray” MTK-nin lehinə qərar çıxarıb. 

Nəhayət ki, məhkəmələrin ədalətli qərarları ilə tikinti şirkətinə qarşı 8 illik şantaja son qoyulub. Bununla belə, yaşayış kompleksinin tikinti müddəti ilə bağlı bütün planları alt-üst olub. Şirkətin bu müddət ərzində nə qədər vəsait itirdiyini isə, düşünmək belə qorxuludur.

Qeyd edək ki, Baxçasaray MTK YENİ HAYAT Şirkətlər Qrupuna dixildir.