Karusel (27-11-2014, 00:19)
İŞİD-in islam dini ilə bağlılığı yoxdur
İranla Azərbaycanın tarixi münasibətləri var. Hər iki dövlət biri birinə arxa durmalıdırlar ki, təklənməsinlər. Bu fikirləri İranda “Ekstremizm və sələfilik: müsəlman alimlərinin gözü ilə” mövzusunda keçirilən konfransda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxulislam Allahşükür Paşazadə deyib. A.Paşazadə bildirib ki, Azərbaycan və İran prezidentlərinin qarşılıqlı səfərləri iki ölkə arasındakı mövcud əlaqələri daha da möhkəmləndirəcək. Konfransda son dövrlər islam aləmində baş verən neqativ halların, xüsusilə də İraq və Suriyada İŞİD kimi terrorçu təşkilatın törətdiyi hadisələrin müzakirə olunduğunu deyən A. Paşazadə bu təşkilatın islam dini ilə heç bir əlaqəsinin olmadığını bildirib. İslam dini adam öldürməyin, qətl və qarətin əleyhinədir. Bu təşkilatı yaradanların və arxasında duranların məqsədi islam dinini ləkələməkdən, onun dünya ictimaiyyətinə vəhşiliyi təbliğ edən bir din kimi təqdim etməkdən ibarətdir. Belə təhlükəli tendensiyanın qarşısını almaq üçün islam alimləri bir araya gəlib müzakirələr aparıb çıxış yolları tapmalıdırlar. Azərbaycan da müsəlman ölkəsidir və burada bütün dinlərin nümayəndələri mehribanlıq şəraitində yanaşırlar. Lakin buna baxmayaraq Azərbaycan bu məsələnin müzakirəsindən kənarda qala bilməz. A.Paşazadə qeyd edib ki, İranın bu kimi problemlərin müzakirəsində fəallıq göstərir, müsəlman alimlərini bir araya gətirərək fikir mübadiləsi aparmalarına şərait yaradır. İŞİD kimi qüvvələrin meydana gəlməməsi üçün din xadimləri ilə yanaşı siyasi və dövlət xadimləri də bir araya gələrək dindən istifadə edərək terrorla məşğul olanlara qarşı mübarizə metodlarını tapmalıdırlar.
QMİ sədri İrana səfəri çərçivəsində bu ölkənin ali dini lideri Ayətullah Seyid Əli Xamenei ilə də görüşüb. QMİ-dan «Həftə içi»nə verilən məlumata görə, görüş zamanı İranın dini rəhbəri İslam aləmini təhdid edən dini radiklizm və ekstremizm problemləri və ondan çıxış yolları haqqında öz fikirlərini açıqlayıb. Görüşdə din adı ilə törədilən cinayətlərin İslamla heç bir əlaqəsi olmadığı və belə halların İslama və bütün bəşəriyyətə qarşı bir təxribat olduğu vurğulanıb. İran səfəri çərçivəsində Şeyxülislam A.Paşazadə ayətullah Məkarim Şirazi ilə də təkbətək görüş keçirib. QMİ sədri görüşə görə ayətullah Şiraziyə öz minnətdarlığını bildirib və prezident İlham Əliyevin salamlarını çatdırıb. Şeyxülislam Azərbaycanla İran arasındakı qarşılıqlı münasibətlərin dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını qeyd edib. Vurğulayıb ki, bu münasibətlərin möhkəmlənməsində iki qardaş xalqın ortaq dini dəyərləri bölüşməsi mühüm rol oynayır. Ayətullah Şirazi öz növbəsində dəvəti qəbul edib, beynəlxalq konfransa qatıldığına görə Şeyxülislama minnətdarlığını bildirib və prezident İlham Əliyevə salamlarını çatdırmasını xahiş edib. Sonra QMİ sədri ilə Ayətullah Cəfər Sübhani arasında təkbətək görüş baş tutub. Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Vüsal