Karusel (23-11-2014, 18:14)
“Siğənin fahişəlikdən fərqi nədir?”- Açıqlama
Müxtəlif fikir ayrılığına səbəb olan məsələlərdən biri də siğənin İslam dinində olub-olmaması məsələsidir. Bu gün özünü müsəlman adlandıran Azərbaycan əhalisinin demək olar ki, əksəriyyəti siğənin nə olduğunu bilmir. Yaxud da onu müxtəlif cür izah etməklə insanları çaşdırırlar. Bəs əslində siğə nədir və ya mütləq lazımdırmı?
Mediatv.az ın məlumatına görə, ilahiyyatçı Elşad Miri sualın cavabında analitik.az-a bildirir ki, siğə əxlaqsızlığa dini don geyindirmək istəyənlərin etdiyi bir davranışdır:
“Siğəyə müvəqqəti nikah deyirlər. İslamda müvəqqəti nikah yoxdur. Heç kim öz yaxınına rəva bilmədiyi şeyi başqaları ilə etməməlidir. Bu, bəzi kişilərin uydurduğu bir məsələdir. Özünə hörmət qoyan şəxs belə addım atmaz. Nə peyğəmbərin dövründə, nə də sonradan belə bir anlayış olmayıb.”
Bəzi dindarların siğənin alternativ kəbin olduğu ilə bağlı söylədiyi fikirlərə ilahiyyatçının münasibəti belə oldu:
“Quranın Nisa surəsində 24-cü ayədə bildirilən məsələ, kəbində qadına verilən mülkiyyət haqqı ilə bağlı bir məsələdir. Siğədə bu haqq olmur.” İlahiyyatçı siğənin fahişəliklə eyni olduğunu da vurğuladı: “Qadına müəyyən məbləğ ödəyirsən və o, razılaşırsa qadınla bir yerdə olursan. Bunun fahişəlikdən fərqi nədir? Kim razı olar ki, bir qadın kiminsə 3 saatlıq, 1 günlük, 3 günlük arvadı olsun? Sabah bundan doğulanlar, dünyaya gələnlər necə olacaq? Bu cəmiyyəti parçalamaq üçün ortaya atılmış bir anlayışdır. Ailə anlayışına qarşı çıxan bir anlayışdır. Peyğəmbərdən əvvəl ərəb cəmiyyətində bu kimi məsələlər olub.”
E. Miri qeyd etdi ki, peyğəmbər bu kimi məsələnin heç bir zaman halal olmadığını bildirib:
“Əgər buna icazə verilsəydi, o zaman Əbubəkr, Ömər, Osman və Əli də bunu edərdi. Halbuki Əli evli ola-ola peyğəmbərimiz onun ikinci dəfə evlənməyinə icazə verməyib. Fatimə vəfat edəndən sonra Əli ikinci dəfə evləndi. Əgər elə bir icazə olsaydı, Əli Fatimə sağ ikən gedib kimisə siğə edərdi. Əgər Allahın əmri, hökmü idisə kim siğəyə qarşı gələ bilərdi, kim etiraz edə bilərdi? Peyğəmbər niyə bir neçə qadınla evlənirdi ki, onda? Gedib istədiyi qadınla siğə edərdi əgər belə bir şey var idisə. Bu, bəzi mollaların uydurmasından başqa bir şey deyil.”