Kanadanın “Bombardier Transportation” şirkətinin İsveçdəki törəmə şirkətinin keçmiş menecerinə 2013-cü ildə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə bağlanmış müqavilə üzrə azərbaycanlı məmurlara “otkat” verdiyi barədə rəsmi ittiham irəli sürülüb. Virtualaz.org İsveç KİV-lərinə istinadən xəbər verir ki, Tomas Bimer xüsusilə ağırlaşdırılmış hallarda rüşvətlə ələ almada ittiham olunur və tezliklə məhkəmə qarşısında dayanacaq. Prokurorlar bildirirlər ki, Azərbaycanda dəmir yollarına siqnalizasiya sistemlərinin quraşdırıımasını nəzərdə tutan 350 milyon dollarlıq müqavilədə “dəmir yollarının ən azından bir orta səviyyəli rəhbərinə” 100 milyon dollar rüşvət ödənilib.
“Tomas Bimer şirkətdə bu layihəyə cavabdeh olan şöbənin rəhbəri idi. Biz hesab edirik ki, “Bombardier” şirkətinin Azərbaycandakı sifarişçilərlə sövdələşməyə girdiyi ona məlum olub”,-prokuror Staffan Edlund jurnalistlərə bildirib.
Bildirilir ki, həmin 100 milyon dollar “otkat”ı alan Azərbaycan dəmir yolları məmuru həm də yerli “Trans Siqnal Rabitə” MMC (TSR) adlı şirkəti təmsil edirdi. Həmin şirkət “Bombardier” şirkətinin İsveç nümayəndəliyi ilə birlikdə Nəqliyyat Nazirliyinin elan etdiyi tenderi udub. Stokholm dairə məhkəməsinə təqdim edilmiş cinayət işinin materiallarına əsasən, TSR və “Bombardier Sweden” tenderi elə saxtalaşdırıblar ki, “Bombardier Sweden” onu uda bilsin.
Prokuror qeyd edib ki, həm Tomas Bimer, həm “Bombardier” şirkəti, eləcə də Azərbaycan dəmir yollarının rəhbərliyi hər hansı qanun pozuntusunu inkar edirlər. Hərçənd İsveç müstəntiqləri sonuncuları, yəni Azərbaycan dəmir yollarının rəhbərliyini dindirə bilməyib. Bundan əlavə, tamamilə mümkündür ki, “Azərbaycan Dəmir Yolları” QSC-də həmin rüşvətin bir hissəsini alan başqa əməkdaşlar da olub.
“Mən təhqiqata əsaslanaraq əminliklə deyə bilərəm ki, bu işdə başqalarının da əli var. Lakin rüşvətxorluğu sübut etmək üçün biz göstərməliyik ki, kimsə bu işdən fayda götürüb. Hələlik bu, bir nəfərdir, amma mən məhkəmədə rüşvəti alanların daha çox olduğunu sübut etməliyəm”,-prokuror Edlund deyib. O, bildirib ki, Azərbaycan tərəfi təhqiqat çərçivəsində ona “bəzi sənədləri” göndərib.
Prokuror qeyd edir ki, “Bombardier Sweden” şirkətinin keçmiş baş direktoru da daha bir neçə şəxslə birlikdə əvvəllər bu korrupsiya sövdələşməsində şübhəli bilinib, amma onlara qarşı rəsmi ittiham irəli sürmək üçün yetərli sübutlar olmayıb. Ancaq sübutların yetərsiz olması o deməkdir ki, bunlar həmin iş üzrə onların günahını sübut etmək üçün yetərli deyildi.
2017-ci ildə Stokholm dairə məhkəməsi bu korrupsiya sövdələşməsi üzrə şübhəlilərdən birinə-“Bombardier” şirkətinin satışlar üzrə rusiyalı meneceri Yevgeni Pavlova bəraət verib. Sonra o, Rusiyaya qayıdıb və iş 2020-ci ilin fevralında apellyasiya məhkəməsinə veriləndə İsveçə qayıtmaqdan imtina edib. Prokuror Edlund bildirir ki, Pavlova bəraət verilməsi rüşvətxorluq haqda qanunun düzgün tətbiq edilməməsi nəticəsində baş vermişdi.
Məhz Azərbaycan məmurları ilə rüşvət qalmaqalına görə Dünya Bankı 2018-ci ildə “Bombardier” şirkətinin yer alacağı layihələri maliyyələşdirməkdən imtina etdiyini rəsmən bildirib. Şirkətin İsveç nümayəndəliyi bu qalmaqaldan sonra Fransanın “Alstom” şirkətinə satılsa da onun da Dünya Bankının maliyyələşdirdiyi hər hansı layihələrdən çıxarılacağı riski qalır.
Xatırladaq ki, həmin korrupsiya sövdələşməsinin baş verdiyi dövrdə Azərbaycan Dəmir Yolları o vaxtkı Nəqliyyat Nazirliyinin tərkibində idi . Dəmir yollarına nəqliyyat naziri Ziya Məmmədovun müavini statusunu da daşıyan Arif Əsgərov rəhbərlik edirdi.
Nəqliyyat Nazirliyi ilə bağlanmış müqaviləyə əsasən “Bombadier” şirkəti Bakı-Böyük Kəsik dəmir yoluna siqnalizasiya sisteminin quraşdırılmasını həyata keçirməliydi.
Həmin korrupsiya sövdələşməsi əsasında 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilib, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülüb. Belə ki, «Ebilock-950″ siqnalizasiya avadanlığı əvvəlcə Londonda qeydiyyatdan keçmiş ”Multiserv Overseas” adlı offşor şirkətə satılıb, daha sonra həmin şirkət avadanlığı 5.5 dəfə baha Azərbaycana ötürüb. Bu sxem sayəsində azərbaycanlı məmurlar cəmi 100 milyon dollara yaxın “otkat” əldə ediblər.
Azərbaycan hökuməti adından şirkətlə danışıqları aparan əsas şəxs sabiq nəqliyyat naziri Ziya Məmmədov olub. Onun adı axtarış zamanı Bombardier-in İsveç ofisindən müsadirə edilmiş sənədlərdə yad olunur. İstintaqın versiyasına görə, Azərbaycan rəsmiləri müqavilələrin bağlanması müqabilində nəqliyyat şirkətinin İsveç şöbəsindən rüşvət alırdılar.
Bu korrupsiya qalmaqalı müqavilənin bağlanmasından bir neçə il sonra İsveç KİV-lərinin də yer aldığı beynəlxalq araşdırmaçı jurnalistlər qrupu tərəfindən ortaya çıxarılmışdı. “Bombardier” şirkətinin Kanadada yerləşən baş ofisinin bu sövdələşmədə iştirakına dair hər hansı dəlil olmasa da 2017-ci ildə şirkətin baş icraçı direktoru Pyer Boduen istefa verməli olmuşdu.
“Bombardier” şirkəti ilə Azərbaycan Nəqliyyat Nazirliyinin keçmiş rəhbərliyinin korrupsiya sxemində adı keçən “Trans Siqnal Rabitə” MMC şirkəti isə 2019-cu ilin avqustunda “könüllü ləğvini” elan edib. Şirkətin “Bombardier” lə 340 milyon dollarlıq müqavilədəki payı 40 milyon dollara yaxın olub.
"Trans-Siqnal-Rabitə" MMC-nin hüquqi ünvanı (2008-ci ilin aprel ayında Füzuli rayonunun Böyük Bəhmənli kəndində Elxan Zohrab oğlu Əliyev tərəfindən təsis edilib) Bakı şəhəri, Qaradağ rayonunun Lökbatan kəndindəki mənzillərdən biri idi. Bu mənzildə bir neçə digər hüquqi şəxs qeydiyyata alınıb ("Meqabayt" MMC, "Genser-Panel" MMC, "Real-Biznes-R" MMC, "Universal-2009" MMC, "Simurq 2009" MMC, "Titan 2009" MMC və "DİA-A" MMC). Bunların bəzilərinin adları dövlət satınalmalarında çəkilir.
Ziya Məmmədov isə Azərbaycanın ən korrupsioner məmur-oliqarxlarından biri olub və nazir işlədiyi vaxt onun ailəsinin nəhəng biznes imperiyası mövcud idi. İndi isə keçmiş nazir, özünün dediyi kimi, Ucar rayonunda mal-qara saxlamaqla “birtəhər dolanamağa” çalışır...
Virtualaz.org
Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024