Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (24-02-2021, 12:42)
Ziyalıların Prezident Administrasiyasına məktubunun “əmması” çıxdı - AÇIQLAMA

Ziyalıların Prezident Administrasiyasına məktubunun “əmması” çıxdı
Millət vəkili, akademik, 30-u professor olmaqla, 100-dən çox alim, incəsənət xadimi, ümumilikdə mindən artıq ziyalı Bakının əcnəbi dillərin “işğalından” azad edilməsi üçün Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevaya müraciət ünvanlayıb.

Müraciətdən sitat: “Milli-mənəvi dəyərlərin qorunmasında müstəsna rol oynayan, millətin varlığını təsdiq edən ana dilimiz hazırda Bakı küçələrindən sıxışdırılıb. Yad dillərdə yazılmış, insanların narazılığına səbəb olan, əsəbləri tarıma çəkən reklamlar, plakatlar, lövhələr doğma paytaxtımızda baş alıb getməkdədir”.

Həmçinin qeyd edilib ki, Bakının dil mənzərəsi, xoşagəlməz durumla bağlı Azərbaycan Yazıçılar Birliyinin sədri, Dövlət Dil Komissiyasının sədr müavini Anar Rzayevə, Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə xanım Paşayevaya, Bakı küçələrində “Azərbaycanda dövlət dili haqqında” Qanuna riayət edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyətinə - Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova, 100-dən artıq millət vəkilinə müraciət ünvanlanıb.

Qeyd edək ki, Azərbaycanda reklamların dili ilə bağlı dəfələrlə müzakirələr aparılıb. “Dövlət dili haqqında” Qanuna əsasən, Azərbaycan ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili olmalıdır. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və s.) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər. Lakin onların tutduğu sahə Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir. Lakin bu bir faktdır ki, xüsusən paytaxt Bakıda demək olar ki, əksər reklam və elanlar əcnəbi dildə yazılır. Bəzən bunu onunla izah edirlər ki, “bütün brend malların adları öz dillərində yazılmalıdır” və sairə.

Bəs məlum müraciət öz nəticəsini verəcəkmi?

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışdıq. Qurumdan “Yeni Müsavat”a bildirildi ki, hələlik bu müraciətdən xəbərsizdilər: “Müraciət daxil olduqdan sonra məsələyə münasibət bildirəcəyik”.

Dövlət Dil Komissiyasının sədr müavini, Xalq yazıçısı Anar Rzayev də qeyd etdi ki, ona ünvanlanan müraciətdən xəbərsizdir: “Bu müraciətdən xəbərsizəm. Çünki internet resurslarına girmirəm, evdə olduğum üçün heç qəzetlərə də baxmıram. Müraciətdən xəbərim olmasa da, deyə bilərəm ki, buna qədər bir neçə dəfə bu barədə mənə müraciət olunmuşdu. O zaman da deyirdim ki, sizin indi müraciət etdiyinizi mən 20 il bundan əvvəl Milli Məclisdə qaldırmışam. Həmin vaxt səslənən iradlardan biri də o idi ki, ölkədəki reklamlar, dükan və müəssisələrin adları mütləq şəkildə Azərbaycan dilində olmalıdır. Daha sonra bir dəfə də mənə bu barədə müraciət olundu və mən eyni şeyləri təkrar etdim. İndi də bildirirəm ki, ana dilinə hörmət elə ilk növbədə şəhərdə gəzərkən küçələrdə gördüyümüz o yazılardan başlayır”.

Professor Qulu Məhərrəmli də mövzu ilə bağlı danışıb: “Küçə adlarının, reklamların, ünvanların ana dilində yazılmaması, ciddi səhvlərin olması yeni məsələ deyil. Sadəcə olaraq, son vaxtlar əcnəbi dildə yazılan adların sayı çoxalıb. Ona görə də bəzən Bakının mərkəzinə çıxanda ayırd etmək olmur ki, bura Azərbaycanın, yoxsa başqa ölkənin paytaxtıdır. Ona görə bu məsələ bizi narahat edir.

Hələ ötən ilin avqust ayında Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etmişdik. Bizi çox isti qarşıladılar, getdik, görüşdük, iradlarımızı, qeydlərimizi bildirdik. Bizə deyildi ki, müəyyən tədbirlər görüləcək. Lakin ondan sonra çox az nəticə olduğunu müşahidə etdik. Ona görə də ehtiyac yarandı ki, bununla bağlı yüksək dövlət instansiyalarına müraciət edək. Əlbəttə ki, ümid edirik ki, bunun nəticəsi olar. Burada müəyyən nüanslar var. Bəzən sahibkarlar, obyekt sahibləri istəyirlər ki, reklamlar xarici dildə, bir qədər cazibədar olsun, hesab edirlər ki, bununla da daha çox müştərilər cəlb edəcəklər və sairə. Amma bu, milli düşüncə ilə bağlı olan məsələdir. Ona görə biz sahibkarlardan, Azərbaycan dilinin daşıyıcısı olan hər kəsdən umuruq və xahiş edirik ki, dil məsələsində həssas olsunlar. Qanunda bu məsələ tam tənzimlənib. Hesab edirəm ki, yaranmış boşluq məmurlarda, gen daşıyıcılarının özünün düşüncəsindədir. Məlum olduğu kimi, hazırda Reklam Agentliyi yaranıb. Məsələ əsasən bu agentlik tərəfindən tənzimlənməlidir. İnsafən onlar pis başlamayıblar. Belə ki, bacardıqları qədər reklam lövhələrindən tutmuş küçə yazıları reklam materiallarına ciddi yanaşmağa çalışırlar. Lakin lazımi ölçülər, standartlar müəyyən olunmayıb. Sahibkarlar da çalışmalıdır ki, ilk növbədə öz şəxsi maraqlarını, ciblərini deyil, milli məsələni əsas götürsünlər".

Qulu Məhərrəmli bir müddət bundan əvvəl AMEA-nın Dilçilik İnstitutundakı “Qaynar xətt”in fəaliyyətinin dayandırılmasından da söz açıb: “Belə bir vaxtda Dilçilik İnstitutunda 2013-cü ildə qəbul olunmuş, ”Dövlət Proqramı"na uyğun olaraq yaradılmış “Qaynar xətt” sistemi ləğv edilib, onun avadanlığı sökülüb. Deyirlər ki, guya quraşdıracaqlar, lakin hələ də quraşdıra bilmirlər. “Qaynar xətt” sisteminin ləğv edilməsinin özü ciddi məsuliyyətsizlikdir. Dil məsələsinə bu qədər laqeyd yanaşmağın özü bir mənəvi cinayətdir, xalqın dəyərlərinə, onun milli varlığını ifadə edən dilə, onun qayda və normalarına hörmətsizlikdir. Bu baxımdan hesab edirəm ki, hər kəs bu sahədə öz işini görməlidir. Dilçilik İnstitutu tədqiqat institutudur, lakin ona bir sosial funksiya da əlavə olunub. Çünki “Dövlət Proqramı” xüsusi olaraq bir neçə maddədən ibarət konkret vəzifələr müəyyənləşdirib, həmin vəzifələrdən biri də ictimai iaşə müəssisələrində, ticarət obyektlərində Azərbaycan dilinin yazılışında yol verilən səhvlərin aradan qaldırılması ilə bağlı məsələləri ictimaiyyətin diqqətinə çatdırmaqdır. Bunların hamısı bir yerdə ümumi, milli qeyrət tələb edir və insanlar bu məsələyə çox həssas yanaşmalı, dil qaydalarının gözlənilməsinə öz töhfələrini verməlidirlər. Əlbəttə, bunları görməyəndə adam çox məyus olur".
Müraciət siyahısında adı qeyd olunan aktyor Kamran M.Yunisin də mövqeyini öyrənməyə çalışdıq. Aktyor həmin müraciətdən xəbərsiz olduğunu dedi: “İlk ondan başlayım ki, bu müraciətlə bağlı mənim heç bir xəbərim olmayıb. Ola bilsin ki, kimsə mənim adımı həmin siyahıya salıb. Hesab edirəm ki, məndən xəbərsiz olduğu üçün bu düzgün hərəkət olmadığı kimi eyni zamanda da çox düzgün addımdır. Çünki bu çox vacib bir məsələdir. Azərbaycan nə qədər beynəlmiləl dövlət olsa da- necə ki, Gürcüstanda, digər millətçi dövlətlərdə olduğu kimi- biz də öz dilimizə sayğı və hörmətlə yanaşmalıyıq. Ölkəyə gələn qonaq da hər bir sözü Azərbaycan dilində görmək istəyir. Amma mövcud vəziyyət tam əksinədir. Məsələn, hazırda bir binanın önündə dayanmışam. Onun üstündə yazılıb ”herp". Şəxsən mən bilmirəm ki, “herp” nə deməkdir. Əlbəttə ki, ingilis dilində danışan əcnəbi onun mənasını anlayacaq, amma mən yox. Bu, ölkədə yaşayan azərbaycanlıya hörmətsizlik, ölkəyə gələn qonağa isə hörmət deməkdir. Əgər məmləkət öz dilinə, millətinə hörmət etmirsə, deməli, başqa millətə, dilə də hörmət edə bilməz".
Musavat.com
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024