Karusel (17-02-2021, 13:00)
Qarabağ Qazisindən Yevlaxın icra başçısına ittiham...
Vətən müharibəsində ayağını itirən gizir Vasif Nəbiyev indi ailəsini dolandırmaq üçün bazarda meyvə satır.Yevlax rayon İcra Hakimiyyətinin diqqətsizliyindən gileylənən qəhrəman qazimiz şikayətini Moderator.az-a nəql edib:
“1987-ci ildə Kəlbəcərin Hacıkənd kəndində anadan olmuşam. 13 ildir ki, orduda gizir işləyirdim. 2016-cı il Şanlı aprel döyüşlərində və Vətən müharibəsində iştirak etmişəm. Ailəliyəm, iki övladım var. Yevlaxda Qaçqınlar şəhərciyində yaşayıram. Hələ gözləyirəm ki, Müdafiə Nazirliyindən tərxis əmrim gəlsin”. Gizirimiz yaralı əsgərini ərazidən çıxararkən özü də minaya düşüb:
“Sentyabrın 28-də Füzulinin Seyidəhmədli kəndində minaya düşdüm və sağ ayağımı itirdim. Əsgərim Hacıyev Sənan minaya düşdü, onun ayağını bağlayıb çiynimə götürdüm. Daha sonra düşmənin dərin səngərindən dayaz səngərinə çıxan yolda bir kubik qoymuşdular. Orda ayağımı kubikin üstünə qoyan kimi minaya düşdüm”.
Qazimiz indiyə kimi aidiyyatı qurumlardan heç kimin onunla maraqlanmadığını bildirib:
“İndiyə kimi qapımı açan olmayıb. Məcbur qalıb bazarda meyvə satıram. Gündə 2-3 manat çörək pulu çıxır. Yevlax rayon İcra Hakimiyyətinə gedib başçıyla görüşmək istəyirəm. Görürəm ki, başçı maşından düşüb binaya girdi. Deyirəm ki, ona deyin qazi Vasif Nəbiyev gəlib məni qəbul etsin. Gah deyirlər burda yoxdu, gah da görüş yoxdu deyirlər.
Bazarın girişində sol tərəfdə bir balaca otaq var, oranı dükan kimi işlətmək istəyirəm. Çalışıram Yevlaxın icra başçısı ilə görüşüb xahiş edim ki, oranı mənə versin, atam arıçıdı, orda arı yeşikləri, ramka və digər ləvazimatlar satıb dolanışığımı çıxarım. İndi açıq havada, soyuqda meyvə satıram və bu isə mənim səhhətim üçün ziyandır”.