Karusel (14-10-2014, 19:43)
İranda Azərbaycan dilində yayımlanacaq telekanal açılır
İzzətullah Zərqami: "24 saat fəaliyyət göstərəcək telekanalda ikitərəfli əməkdaşlıq, mədəni əlaqələr işıqlandırılacaq"
Dünən İran Radio-Televiziya Təşkilatının sədri İzzətullah Zərqami Azərbaycanan səfərinin yekunlarına dair mətbuat konfransı keçirdi. Tədbiri giriş sözü ilə açan İranın ölkəmizdəki səfiri Möhsün Pakayin bildirdi ki, İ.Zərqami Azərğbaycanın rabitə və yüksək texnalogiyalar naziri Əli Abbasovun dəvəti ilə Bakıda səfərdədir. O əlavə etdi ki, İran rəsmisi Azərbaycana səfərinin nəticələrindən çox məmnundur.
"İran Radio-Televiziya Təşkilatı sistemində 160-dan çox telekanal yayımlanır ki, onları dünyanın hər tərəfində izləyirlər" deyən İ.Zərqami isə bildirdi ki, rəhbərlik etdiyi təşkilatın özəlliyi özünün çox sayda filmlər istehsal etməsidir. İ.Zərgaminin sözlərinə görə, məhz Radio-Televiziya Təşkilatının xətti ilə ildə 300, İran İrşad Nazirliyi tərəfindən isə 100 film çəkilir: "Ümumilikdə İranda il ərzində çəkilən 400 film məhz bizim təşkilat tərəfinldən yayımlanır. Özü də bu filmlərin hamısı ölkə daxilində çəkilir. Bütövlükdə İranda ildə 2 min saat həcmində filmlər, 20 min dəqiqəlik isə anomasiya filmləri istehsal olunur. Hansı ki, bir çox ölkələr anomasiya filmlərinin çəkilməsi üçün böyük miqdarda vəsait tələb olunduğundan, onları digər dövlətlərdən almağa üstünlük verirlər. Yeri gəlmişkən, əlavə edim ki, İranda istehsal ounan bütün filmlər milli və islami dəyərlərə əsaslanır".
İ.Zərqami bildirdi ki, onların təşkilatı cəmiyyətin müxtəlif sahələrini əhatə edən veriliş və proqramlar ərsəyə gətirirlər. Bu mədəni, iqtisadi, sosial, ictimai və hətta siyasi də ola bilər: "Məsələn, İranın indiki dövlət başçısı cənab Həsən Ruhani və keçmiş prezident Mahmud Əhmədinejad seçki ərəfəsində məhz bizim telekanalların xidmətindən pulsuz istifadə edib.
İranlı qonaq Azərbaycana səfəri çərçivəsində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, Prezident Admnistrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə və sairlə görüşlərinin çox məhsuldar keçdiyini vurğuladı.
İ.Zərqaminin "Bir neçə gün sonra İranda 24 saat Azərbaycan dilində yayımlanacaq televiziya kanalı açılacaq" xəbəri isə böyük maraqla qarşılandı. O bildirdi ki, televiziya kanalında əsasən Azərbaycanla İran arasındakı əməkdaşlıq, mədəni əlaqələr işıqlandırılacaq: "Əslində İranın Azərbaycandilli vilayətlərində bu gün beş telekanal yayımlanır. Azərbaycan dilində fəaliyyət göstərəcək yeni televiziya kanalı isə bu dilin inkişafına müsbət təsir göstərəcək və orada ölkəmizdə çəkilən teleseriallar, uşaqlar üçün cizgi filmləri, sənədli filmlər yayımlanacaq. Həmçinin bu telekanal Azərbaycan dilinin inkişafına və mədəni əlaqələrimizin güclənməsinə xidmət edəcək".
O ki qaldı telekanalın adının və loqosunun necə, eləcə də rəhbərinin kim olacağına, İ.Zərqami bildirdi ki, yeni sədr bir-iki gün sonra mətbuat konfransı keçirərək bu barədə bütün suallara aydınlıq gətirəcək. Təşkilat sədri əlavə etdi ki, telekanalda Azərbaycanda istehsal olunan islami və milli dəyərləri özündə cəmləyən, faydalı filmlər də nümayiş olunacaq.
Təşkilat sədri qeyd etdi ki, Azərbaycan telekanallarında Hollivud filmlərinin nümayişinə üstünlük verilir: "Halbuki İranda çəkilən filmlər Azərbaycanın adət-ənənəsinə, mədəniyyətinə uyğun gəlir. İstehsal etdiyimiz proqramlardan birgə yararlanmalıyıq. Kinofilmlərin mübadiləsi aparılmalıdır. Azərbaycanlı film mütəxəssisləri ilə müzakirələr apardıq. Rəqəmsal ötürücülərin istehsalında İran böyük işlər görüb. Qərara alındı ki, bu ötürücülərdən birini Azərbaycana göndərək".
İ.Zərqaminin sözlərinə görə, İran "Azərspace-1" peykinin imkanlarından yararlanmaq niyyətindədir: "Səfər çərçivəsində bu barədə ticari danışıqlar aparılıb. İran Azərspace-1-dən alacağı 1 transpont vasitəsilə 12 televiziya və radio şəbəkəsinin yayımlanmasını nəzərdə tutur". O, həmçinin qeyd edib ki, səfəri çərçivəsində birgə yayım komissiyasının yaranması haqqında razılıq əldə olunub.
İranlı qonaq bu günlərdə QMİ sədrinin İranın "Səhər" telekanalının adının dəyişdirilərək "Axşam" qoyulmasının vaxtının çatması barədə dediklərinə də münasibət bildirdi. Dedi ki, onun möhtərəm şeyxlə söhbəti çox səmimi və zarafatlarla keçib. Məhz bu səmimi söhbət əsnasında şeyx həmin sözləri zarafatla deyib. Amma mətbuat bunu şişirdərək sensasiya xatirinə yayıb. İ.Zərqami məsləhət gördü ki, əslində o, belə xəbərlərin yayılmasının əleyhinə deyil. Ancaq gərək xəbərdə deyilənlərin zarafat olduğu qeyd edilsin.
Vüsal Tağıbəyli