Karusel (19-09-2016, 17:23)
"Vaxt gələcək müxalifət erməni bayrağı qaldıracaq" - Deputat
“Azərbaycanın radikal müaxalifətinin fəaliyyəti, son dövrlərdəki çağırışları, mitinqlərdə səsləndirdiyi fikirlər xaricdəki antiAzərbaycan qüvvələrinin, hətta bir qədər də irəli gedərək demək istərdim ki, erməni diaspor təşkilatlarının fikirləri ilə üst-üstə düşür”.
Mediatv.az xəbər verir ki, bu fikirləri azvision.az-a Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə bildirib. Deputat vurğulayıb ki, radikal müxalifət tərəfindən aprel döyüşlərinin mahiyyətinin kiçildilməsi şəhidlərimizin ruhuna hörmətsizlikdir:
“Aprel hadisələrindən sonra Ermənistan prezidenti Serj Sarkisyan işğaldan azad edilən torpaqların onlar üçün əhəmiyyətli yer olmadığını demişdi. İndi isə Azərbaycan müxalifəti bunu təkrarlayır və bildirir ki, aprel döyüşlərinin əhəmiyyəti şişirdilib. Bununla da onların xaricdən müəyyən mərkəzlərin tapşırıqlarını yerinə yetirdiyi ortaya çıxır. Radikalla Azərbaycanın ictimai fikrinə Ermənistanla dostluq, itirilmiş torpaqların geri alınmasına cəhd göstəməmək əzmi aşılayır. Onların mitinqləri referendumla, Azərbaycanın inkişafı ilə bağlı deyil. Onlar xüsusi tapşırığı yerinə yetirərək, Dağlıq Qarabağ, Azərbaycanın müstəqilliyi məsələsidə ciddi itkilərə cəmiyyəti kökləndirmək istəyirlər. Bu baxımdan mitinqləri, çağırışları kütlə arasında maraq doğurmur. Mitinqlərə bir neçə yüz nəfərin gəlməsi Azərbaycan cəmiyyətinin referenduma “hə”, radikal müxalifətə “yox” dediyini sübut edir.
Hesab edirəm ki, bundan sonrakı çağırışlarında onlardan daha şok etiraflar eşidə biləcəyik. Radikallar Ermənistana güzəşt, torpaqlar geri qaytarılmadan qardaşlıq təklifləri də səsləndirəcəklər. Əli Kərimlinin oğlunun ABŞ Konqrensində separatçı Bako Saakyanın oğlu ilə yanaşı oturması, hər ikisinin bir mövqedən Azərbaycan əleyhinə fikirlər səsləndirməsinin kökü bu məsələlərdən qaynaqlanır”.
Millət vəkili bildirib ki, mitinqlərdə dindarlarla ateistlərin qardaşlığına dair səslənən fikirlər kənardan gülünc görünür: “Onlar bu fikirləri ilə inanclı insanları, eyni zamanda bu və ya digər səbəbdən fərqli mövqe tutan insanları təhqir edirlər. Müxaliflər azərbaycanlıları birliyə çağırmırlar, əksinə parçalamağa aparırlar. Əslində onlar inanclı insanların hissiyatı ilə oynayaraq qardaş qanı tökməyə çağırış edirlər. Onlar ölkədə qan tökülməsini istəyirlər. Bu baxımdan hər çağırışları özlərini ifşa edir. Belə mitinqlər bir tərəfdən onların zəifliyinin göstəricisidirsə, digər tərəfdən təfəkkürlərində, ürəklərində gizli saxladıqları hislərin aşkarlanmasıdır. Gah aprel döyüşlərini əhəmiyytəsiz adlandırlar, gah da ateistlərlə dindarları qarşı-qarşıya qoymağa çalışırlar. Vaxt gələcək mitinqlərində Ermənistanın, İŞİD-in, PKK-nın bayraqlarını qaldıracaqlar. Bu heç kim üçün təəccüblü olmayacaq”.