Karusel (22-08-2016, 16:47)
“Fətullah Gülənin Azərbaycandakı tərəfdarlarının hamısını üzə çıxaracağıq” –Novruz Məmmədov
Prezident Administrasiyası rəhbərinin müavini və xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov növbəti dəfə Qərbi tənqid edib.
Mediatv.az: “Azərbaycanın apardığı daxili və xarici siyasət göstərir ki, ona qarşı aparılan qərəzli yanaşmaların heç bir nəticəsi olmayacaq. Ölkəmiz heç bir dövlətin nəzarəti altında olmayıb və bundan sonra da olmayacaq”, – deyə N.Məmmədov jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, “Qərb dairələri, beynəlxalq qurumlar və dövlətlər Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirirlər”. Onun fikrincə, bu, REAL Hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbsilə bağlı bəzi beynəlxalq qurumların verdiyi bəyanatlarda da özünü göstərir: “Bu cür addımlar, ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri heç vaxt nəticə verməyəcək. Azərbaycana qarşı bu ikili standartlardan əl çəkmək lazımdır”, – N.Məmmədov vurğulayıb.
O, Ermənistanda son etiraz aksiyaları zamanı insan hüquqlarının kütləvi şəkildə pozulmasına görə Qərbin bu ölkəni tənqid etməməsindən şikayətlənib. Sonra o bildirib ki, FETÖ- çülərın Azərbaycandakı tərəfdarlarının hamısı üzə çıxarılacaq: “FETÖ təşkilatı bəzi dairələrdən qaynaqlanır və bununla əlaqədar Türkiyə ilə yanaşı, Azərbaycanda da araşdırmalar aparılır. Bu hadisələrin arxasında dayanan qüvvələr heç vaxt Azərbaycanı sarsıda bilməyəcəklər və FETÖçülərin buradakı tərəfdarlarının hamısı üzə çıxarılacaq”, – o bildirib.
““Azərbaycanda bu məsələ ilə bağlı aparılan araşdırmalar göstərir ki, bu təşkilat birbaşa tərəfdarları ilə bərabər, ölkəmizdəki bəzi müxalifət qurumları ilə də əlaqəlidir”, – N.Məmmədov qeyd edib.