Karusel (4-08-2016, 18:16)
MSK seçki dairələrinin tərkibini dəyişir
Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib.
Mediatv.az-ın məlumatına görə, ilk olaraq 26 və 27 iyul 2016-cı il tarixli iclasların protokolları təsdiqlənib. Sonra respublika üzrə dairə seçki komissiyalarının (DSK) tərkibinin yenidən formalaşdırılması məsələsinə baxılıb. Beləliklə, MSK 124 DSK-nın tərkibinin yenidən formalaşdırılması barədə qərar qəbul edib.
İclasda qeyd olunub ki, 90 saylı Ağdaş seçki dairəsinin tərkibi isə Milli Məclisə keçirilən təkrar seçkilər zamanı yenidən təşkil olunub.
Daha sonra seçki (referendum) komissiyalarının səsvermənin nəticələrinə dair yekun protokollarının hazırlanması, sayı, səsvermə bülletenlərinin mətni, forması, sayı, hazırlanması qaydaları, səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması, sayı və hazırlanmasında dair məsələlərə baxılaraq müvafiq təsdiq olunub.
Cari məsələlərin müzakirəsi zamanı MSK sədri Məzahir Pənahov bildirib ki, referendum aktı layihəsinin müqayisəli təqdimatının əks olunduğu xüsusi broşüralar hazırlanıb və ölkə üzrə bütün seçicilərə çatdırılması nəzərdə tutulub.
M.Pənahov vurğulayıb ki, bu seçicilərin referendum aktı barədə aydın məlumat əldə etmələrinə imkan yaradacaq.