Karusel (27-07-2016, 16:14)
Səfir söz atdı: “FETÖ-nün gücü barədə ən düzgün cavabı verəcək tərəf Azərbaycandır”
"Azərbaycanda FETÖ-nün gücü və imkanları barədə ən düzgün cavabı verəcək tərəf Azərbaycandır. Fətullah Gülən hərəkatı barədə onu deyim ki, bu, uzaqdan kifayət qədər məsum görünən, xüsusilə Türkiyəmizin, Azərbaycan kimi bizimlə qardaş olan millətimizin ən həssas nöqtələrini özü üçün sui-istifadə vasitəsinə çevirən bir hərəkatdır".
Mediatv.az-ın xəbərinə görə, bu haqda Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun APA-ya müsahibəsində belə deyib. Səfir qeyd edib ki, FETÖ-çular inancdan istifadə edirlər: “Birincisi Gülənçilər özünü “mühafizəkar, inanclı” bir hərəkat kimi təqdim edir. Bizim millətimiz onsuz da inanclı millət olduğu üçün həmin bu həssas nöqtəni özləri üçün sui-istifadə vasitəsi halına gətiriblər. İkincisi, millətimizin digər həssas nöqtələrindən biri yardıma, xeyir işlərinə möhtac olan şəxslərə dəstək verməkdir. Gülən hərəkatı bu mənada özünü fəal, konstruktiv işlər görən təşkilat kimi aparmağa çalışır. Görünüşdə, çevrəsinə qarşı həssas davranır, təhsilə önəm verir. Bunlar həm Türkiyədə, həm xaricdə getdikləri yerlərdə sözdə məsumanə kimliyi ortaya qoyurlar. Bizim çox fəxr etdiyimiz özəllikləri öz özəllikləri kimi təqdim edirlər. Guya, mədəniyyətlərarası dialoqa çox önəm verirlər. Getdikləri yerlərdə məktəblər açırlar, bacarıqlı uşaqları həmin məktəblərə gətirib, təqaüdlə oxutdururlar. Orada təhsil alanlar bəlli maarifləndirmədən keçir və o məktəbləri bitirdikdən sonra dövlət idarəçiliyində mühüm vəzifələrə gəlirlər. Bununla yanaşı, biznes fəaliyyətləri də mövcuddur. Bu təşkilat üzvləri getdikləri ölkələrdə lokallaşırlar. Beləcə, iqtisadi qazanc və bu fəaliyyətləri dəstəkləyəcək maliyyə imkanları qazanaraq özünü təmin edən çarx halına gəlirlər”-, deyə o bildirib.