Karusel (22-07-2016, 21:16)
“Azərbaycanda Türkiyənin heç bir hərbi bazası yaradılmır” – Ziyafət Əsgərov
“Azərbaycan ərazisində Türkiyənin heç bir hərbi bazası yaradılmır. Cənab prezident sadəcə iyunun 3-də imzalanmış sənədi təsdiq edib”.
Mediatv.az xəbər verir ki, bunu APA-ya Azərbaycan Milli Məclisi sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda təsdiqlədiyi protokolu şərh edərkən deyib. O qeyd edib ki, protokola əsasən, Bakı yaxınlığında bir ərazinin Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə verilməsi hərbi baza hesab olunmur: “İndi NATO-nun təyyarələri Azərbaycan ərazisindən Əfqanıstana uçur. Bizim sülhməramlıları Əfqanıstana aparan Türkiyə təyyarələrinin hərbi pilotları həmin ərazidə istirahət edəcəklər. Burada sadəcə bir neçə otaqdan söhbət gedir, hərbi bazadan yox”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılması haqqında 2016-cı il iyunun 3-də imzalanmış protokolu təsdiq edib.