Karusel (3-12-2015, 17:37)
Elmar Məmmədyarov alman həmkarı ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Belqradda keçirilən ATƏT Nazirlər Şurasının 22-ci iclası çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.
Mediatv.az-a XİN-dən verilən məlumata görə, görüş zamanı nazirlər Almaniyanın ATƏT-ə sədrlik dövrü üçün gündəliyi və prioritetləri ətrafında fikir mübadiləsi aparıblar. E. Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi barədə son vəziyyətlə bağlı həmkarına məlumat verərək, münaqişənin həlli prosesində ATƏT-in fəallıq göstərməsinin vacibliyini vurğulayıb və bu xüsusda, Almaniyanın ATƏT-ə sədrliyi dövründə mühüm töhfə verə biləcəyinə ümidvarlığını ifadə edib.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.