Karusel (26-10-2015, 14:16)
Nazirlik Hacı İbrahimə niyə “yox” dedi?
Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Avesta Konsern"in prezidenti Hacı İbrahim Nehrəmlinin "Xəzər adaları" layihəsinin tikintisinə rəy verməkdən imtina etməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Nazirliyin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova “Qafqazinfo”ya açıqlamasında bildirib ki, burada əsas amil odur ki, sözügedən şirkət tikinti işlərinə başlamazdan əvvəl müvafiq sənədləri, o cümlədən ətraf mühitə təsirin qiymətləndirilməsi sənədini mövcud qanunvericiliyə əsasən Ekologiya və Təbbi Sərvətlər Nazirliyi ilə razılaşdırmalı idi: “Lakin bu sənədi “Avesta” şirkəti işlərə başladıqdan xeyli sonra nazirliyə təqdim edib. Nəticədə ilkin vəziyyət öyrənilməyib, o cümlədən ətraf mühitə hansı təsirlərin olacağı, dənizin ilkin vəziyyəti, o cümlədən tikinti ilə əlaqədar dənizin akvatoriyasına dəyəcək təsirlər və ziyan öyrənilməyib. Bütün bunlar əvvəlcədən razılaşdırılmadan, öyrənilmədən şirkət tərəfindən işə başlanıldığına görə nazirlik rəy verməkdən imtina edib”.