Karusel (27-06-2015, 17:45)
BMT-nin yaradılmasından 70 il keçir
San-Fransiskoda Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinin imzalanmasının 70-ci ildönümü şərəfinə tədbirlər keçirilib.
Hafta.az BMT-nin xəbərlər mərkəzinə istinadla bildirir ki, BMT düz 70 il bundan əvvəl, İkinci Dünya müharibəsinin dəhşət və dağıntılarından sonra məhz bu şəhərdə yaradılıb.
Yubiley tədbirində çıxış edən BMT-nin baş katibi Pan Gİ Mun bildirib ki, BMT-nin Nizamnaməsi bəşəriyyəti daha yaxşı həyata aparan yolu göstərən kompasdır.
1945-ci ildə San-Fransiskoda 50 ölkənin nümayəndələrinin iştirakı ilə yeni dünya nizamının təməlini qoyan təşkilatın Nizamnaməsinin hazırlanmasına həsr edilmiş beynəlxalq konfrans keçirilib.
70 ildən sonra BMT-nin baş katibi həmin Nizamnamənin imzalandığı “Fairmont San Francisco” mehmanxanasına gəlib. Pan Gi Mun, San-Fransisko şəhərinin meri Edvin Li və Amerika Konqresinin Nümayəndələr Palatasında demokratların lideri Nensi Pelosi şəhər meriyasında Nizamnamənin tarixinə həsr olunmuş anım mərasimində iştirak ediblər. BMT başçısı hamını və hər kəsi daha davamlı və hamı üçün məqbul dünya nizamı qurulmasına nail olmağa çağırıb.
Pan Gi Mun San-Fransiskodakı çıxışında xatırladıb ki, Nizamnamə üzərində aparılan işdə üç mindən çox adam iştirak edib. Pan Gi Mun deyib: “Bu adamlar arasında o vaxt orta məktəbin yuxarı sinfində oxuyan Ellen Manyin Nüman adlı bir qız da vardı. Onu ispan dilindən tərcüməçi kimi işləməyə dəvət etmişdilər. Çox şadam ki, xanım Nüman bu gün burada, bizimlədir. Gəlin onu birlikdə alqışlayaq”.
Baş katib daha sonra deyib: “Nümayəndələr Hitlerin intihar etməsi, Dahaunun azad olunması və Avropada qələbə haqda həyəcanlı xəbərlər fonunda işləyirdilər. Lakin San-Fransiskoda aparılan işin qələbə ilə başa çatacağına heç kəs təminat vermirdi”.
O vurğulayıb ki, bu gün biz BMT ideyasını adi bir məsələ kimi qəbul edirik, lakin onun yaranması üçün, dövlətlər arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün çox böyük qüvvə sərf edilib.
“Nümayəndələr intensiv danışıqlar yolu ilə öz arzularını gerçəkləşdirə bildilər”, - deyən BMT rəhbəri daha sonra əlavə edib ki, parçalanmış dünya Nizamnamə qəbul ediləndən sonra bərpa olunmaq yolunu tapdı.
Pan Gi Mun daha sonra vurğulayıb ki, BMT hər gün ac insanları yedizdirir, qaçqınları məskunlaşdırır, uşaqlar arasında ölümcül xəstəliklər əleyhinə vaksinləşdirmə tədbirləri aparır. Təşkilat irqindən, dinindən, milliyyətindən, cinsindən və ya seksual oriyentasiyasından asılı olmayaraq bütün insanların hüquqlarını qoruyur.
BMT-nin müstəmləkəçiliyə və irqçiliyə qarşı mübarizədə uğurlarını xatırladan Pan Gİ Mun bu təşkilatın sülhyaratma fəaliyyəti, müasir dövrün çağırışları və vəzifələri barədə də danışıb. O, ümidvar olduğunu bildirib ki, bəşəriyyət birləşəcək və hamı üçün daha təhlükəsiz və daha sabit gələcək yaradılması naminə daha böyük əzmlə çalışacaqdır.
Pan Gi Mun xatırladıb ki, BMT-nin Nizamnaməsi: “Biz, gələcək nəsilləri bəşəriyyətə sözlə deyilə bilməyən bəlalar gətirmiş müharibənin müsibətlərindən xilas etmək əzmində olan Birləşmiş Millətlərin xalqları...” sözləri ilə başlanır.
Pan Gi Mun deyib: “BMT-nin 70 illiyi bizim ümumi gələcəyimiz üçün böyük əhəmiyyət kəsb edəcək mühüm qərarlar hazırlanması ilinə təsadüf edilib. İndi ölkələr yeni davamlı inkişaf proqramı üzərində işləyir və iqlim dəyişmələrinə dair mühüm sazişə nail olmaq istiqamətində irəliləyirlər. Bizim məqsədimiz dünyanı dəyişməkdir. Biz dünyanı səfalətdən xilas edə biləcək birinci nəsil və planetdə istiləşmənin ən pis nəticələrinin qarşısının alınması üzrə tədbirlər görmək iqtidarında olan sonuncu nəsilik”.