Karusel (31-05-2015, 15:48)
İran Azərbaycan tur operatorlarını Kiş adasına dəvət edir
İranda səfərdə olan bir qrup azərbaycanlı jurnalist Kiş adası Azad İqtisadi Zonasının direktor müavini Məhəmməd Xudayi ilə görüşüb.
Mediatv.az xəbər verir ki, M. Xudayi azərbaycanlı jurnalistlərə Kiş adası Azad İqtisadi Zonası haqqında ətraflı məlumat verib.
O, bildirib ki, il ərzində Fars körfəzində yerləşən Kiş adasına 2 milyona yaxın turist gəlir: “4 milyon nəfər insanı qəbul etməyə gücümüz çatır. Biz Kişi təzə-təzə tanıtmağa başlamışıq. Kiş adasında vergi, gömrük yoxdur. Eyni zamanda, Kişdə qadınlar üçün ayrı, kişilər üçün ayrı çimərliklər mövcuddur. Onu da xüsusi qeyd etmək istəyirəm ki, Dubayla müqayisədə Kişdə qiymətlər çox münasibdir. Həm də Dubay çox dəyişilib. Ancaq Kiş öz təbii gözəlliyini qoruyub saxlayıb. Kişin dənizi akvarium kimidir, başqa yerlərdə dənizin dibini Kişdəki kimi asanlıqla görə bilməzsiniz. Kişdə tarixi yerlər də çoxdur."
O əlavə edib ki, hazırda Kişdə 45 mehmanxana fəaliyyət göstərir. 11 alış-veriş mərkəzi var. 14 mehmanxananın tikintisi aparılır. Bütün bunlar hamısı halal turizmə daxildir. Bu məsələyə xüsusi diqqət etmək lazımdır.
M. Xudayinin sözlərinə görə, Bakıdan Kiş adasına aviareysin açılması istiqamətində “Azərbaycan Hava Yolları” ilə danışıqlar aparılır: “Azərbaycanlılarla bizim müştərək dilimiz var. Azərbaycanlılar da Kişdə rahat istirahət edə bilərlər. Biz sizin tur operatorları Kişə dəvət edirik. Azərbaycanlılar üçün Kiş adasına viza da istəmirik. Çox münasib qiymətlərlə onlar burada rahat alış-veriş edə bilərlər. Bizim İstanbula, Dubaya aviareyslərimiz mövcuddur. İnşallah, çox istəyirik ki, Azərbaycandan, Bakıdan Kişə aviareys olsun. Bu barədə AZAL-la danışıqlar aparırıq. Biz buna ancaq sevinərik. Bizim “Kiş Air” şirkətimiz fəaliyyət göstərir. Bizim beynəlxalq hava limanına hər gün 45-50, bəzi zamanlarda hətta 60 təyyarə eniş edir. İranın hər yerinə hər gün buradan uçuş var. Azərbaycanlı turistləri Kişdən Dubaya, İsfahana, Təbrizə də apara bilərik”.
M. Xudayi qeyd edib ki, azərbaycanlı turistlərə yüksək səviyyədə xidmət etmək niyyətləri var: “Otel tikintisində və müxtəlif sahələr üzrə Azərbaycan bura sərmayə yatıra bilər”.