Karusel (29-04-2015, 18:21)
Metroda reklam necə qoyulacaq?
Bakı Metropolitenində reklam lövhələrinin qiymətləri onun yerləşdiyi yerə görə müəyyənləşəcək. Bu sözləri “Mediatv.az”-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, yenidən bərpa ediləcək reklam lövhələri hər stansiyada platforma və yol divarında, keçiddə, eskalatorun yanındakı divarlarda quraşdırılacaq: “Bu yerlərin hər birinin öz qiyməti var. Yerləşmə mövqeyinə, sərnişin sıxlığı çox olan stansiyaya və ölçülərə görə qiymətlər də dəyişir. Məsələn, 1x1.5 m ölçülü reklamlar sərnişin sıx olan stansiyada bir ay üçün yol divarında 150 manat, eskalatorun yanında keçiddə isə 135 manatdır. Reklam məsələsində əsas məqam vasitəçilərin olmaması ilə bağlıdır. Reklam verən şirkət, qurum birbaşa Metropolitenlə müqavilə imzalayır”.
Reklamların yenidən bərpa edilməsinin zəruriliyinə gəlincə isə, N. Paşayev qeyd edib ki, reklamlar demək olar ki, dünyanın bütün ölkələrində var: “Biz metroda reklamları ləğv edərkən bildirmişdik ki, həmin reklamlara quraşdırıldığı gündən heç bir xidmət, qulluq göstərilməmişdi. Eyni zamanda pərakəndəlik var idi və lövhələr insanları rahatsız edən yerlərdə və formada idi. Biz isə bu prosesi yeni və fərqli formada həyata keçirəcəyik. İndi yerləşdiriləcək reklamlar daha müasirdir, led işıqlıdır. Hətta gələcəkdə müasir texnologiyalara əsaslanan elektron avadanlıqlardan da istifadə etməyi düşünürük”.