Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (19-03-2015, 12:26)
Azərbaycan böhrandan necə çıxsın?

Azərbaycan böhrandan necə çıxsın?

Dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar yaranmış maliyyə qıtlığı problemlərə yol açır

 

Xüsusilə, dövlət büdcəsinin icrasında yaranmış çətinliklər, qiymətlərin kəskin bahalaşması, ixtisarlar, manatın ucuzlaşması vətəndaşları narahat edir. Neftin qiymətinin qalxmayacağı, yaxud da daha da ucuzlaşacağı halda atılacaq addımlarla bağlı ekspertlərin rəyləri də ürəkaçan deyil. Belə ki, vəziyyətdən çıxış yolu kimi investisiya xərclərinin azaldılması və dövlət strukturlarının sayının azaldılaraq, ixtisarlar aparılması təklif olunur. Bu addımların hər ikisi nəticədə işsizlərin sayının artmasına səbəb ola bilər. 
Mediat.AZ xəbər verir ki, Ümid partiyasının sədri, deputat İqbal Ağazadə bizimyol.info saytına bildirib ki, bu variantların heç biri çıxış yolu deyil. 
"Hesab edirəm ki, bunların heç birini həyata keçirməyə ehtiyac yoxdur. Çünki büdcənin 50 faizdən artığı Dövlət Neft Fondundan transfertdir. Yerdə qalan hissəsi  - gömrükdən daxil olma 18 faiz, vergidən daxil olma 38 faiz və sairdir. İnvestisiya qoyuluşunda həmin xərclər yenə daxil olacaq. Burada əsas məsələ növbəti il üçün strategiya hazırlamaqdır. İndiki mərhələdə əhali, büdcə itirə bilər, manat qiymətdən düşər, bu, ayrı bir siyasətdir. Söhbət büdcəyə münasibətdən gedirsə, neftin qiymətinin aşağı düşməsi 250-300 milyon manat vəsaitin itirilməsi demək olacaq. Bu rəqəm neftin indiki qiymətinə uyğun olaraq belədir. Çünki neftdən gələn gəlir büdcəyə birbaşa daxilolma deyil. Yəni ilk olaraq Neft Fonduna daxil olur, sonra büdcəyə transfert edilir. Ona görə də indi uzunmüddətli strategiya qurmaq istəyirlərsə, Azərbaycan yeni iqtisadi doktrina qəbul etməlidir. Bu doktrinanın mahiyyəti başqa olmalıdır. Azərbaycanın neftdən asılılığını azaltmaq üçün yeni, gerçək istehsal sahələrinə keçilməli və həvəsləndirmə metodlarından istifadə edilməlidir" - deyə deputat vurğuladı. 
"Xaricdən məhsulu gətirib Azərbaycanda qablaşdırmaq daxili istehsal deyil"
İqbal Ağazadə əlavə etdi ki, Azərbaycanda qiymətlərin qalxmasının sadə səbəbi var: ölkədə istehsal olunan məhsulun miqdarı göstərilən qədər deyil.  Məhsul yarımfabrikat şəkildə Azərbaycana gətirilir və burada ancaq qablaşdırma həyata keçirilir. Bunu isə Azərbaycan məhsulu kimi təqdim etsələr də, elə deyil. Ona görə də Azərbaycan məhsullarının tam istehsalını və dövlət sifarişli, qismən dövlət tənzimləməli məhsulların istehsalını həyata keçirmək lazımdır. Bu, həm də bazarın qorunması baxımından lazımdır.  Məsələn, kənd təsərrüfatı məhsulları istehsal və ixrac edənlərə dövlət tərəfindən 18 faiz güzəşt edilməlidir. Dövlət büdcəsindən ərzaq təminatı alan strukturların yalnız daxili bazardan məhsul almasını formalaşdırmaq üçün dövlət sifarişi həyata keçirilməlidir. Məsələn, gündəlik 300.000-dək şəxs dövlət büdcəsindən ərzaq təminatı alır. Bura ordu, həbsxana, xəstəxanalar, qocalar evləri və s. aiddir. Bu adamların ərzağının sifarişi yerli bazara olmalıdır. Amma hazırda o məhsulların heç biri yerli bazarın deyil. Ət məhsullarından tutmuş, kartofa, yağa, mərciməyə qədər hamısı xaricdən alınır. Yaxud yarımfabrikat şəklində alınaraq burada qablaşdırılır. Bunlar daxili istehsala yönəldilərsə, normal iş yeri və qazanc mənbələri əldə olunar. Bundan sonra büdcəyə əlavə daxilolmalar olacaq və büdcədən asılılıq yavaş-yavaş aradan qaldırılacaq. Sənayenin fərqli sahələrini inkişaf etdirmək üçün də yeni layihələr ortaya qoymaq olar. Hazırkı layihələr ancaq Azərbaycanın daxilinə hesablanıb. Məsələn, kənd təsərrüfatı sahəsi üzrə Belarusla müqavilə imzalanıb, bütün ehtiyyat hissələrini gətirərək, burada yığırlar. Ancaq bu traktor istehsalı deyil. Elə məhsul istehsal etmək lazımdır ki, daxili bazarla yanaşı, yaxın ölkələrə, Gürcüstan, Türkiyə, yeri gələndə İran bazarına da çıxa bilsin. Bunun üçün daha çox Avropa mənbələrinə üz tutmaq lazımdır. Azərbaycan hökuməti bununla bağlı ciddi strateji planlar ortaya qoya bilmir". 
İqbal Ağazadə azad rəqabət mühiti yaratmağın vacibliyini qeyd edir: "Rəqabət Məcəlləsi işə düşməlidir, monopoliya aradan qalxmalıdır, manatın təbii qiymətinin müəyyən olunması məsələsi ortaya çıxmalıdır. Süni manat qiyməti müəyyən etmək, yaxud da "sən qiyməti qaldırma" deyib antiinhisar komitəsinin kimisə cəzalandırması, valyutadəyişmə məntəqəsinə basqı göstərmək ki, "sən bunu bu qiymətə satacaqsan"  və sair, belə siyasət olmur və nəticəsi də yoxdur". 
Manatın dəyəri neftin qiymətindən asılıdır
Əhalini ən çox narahat edən məsələlərdən biri də manatın yenidən kəskin ucuzlaşması ilə bağlı verilən proqnozlarla bağlıdır. Bu barədə ekspertlər, deputatlar manatın kəskin şəkildə olmasa da, mərhələli şəkildə devalvasiya ediləcəyini bildirirlər. Mərkəzi bankın sədri Elman Rüstəmovun dediyi fikirlər də dəqiq nəticəyə gəlməyə əsas vermir. O, bildirib ki, situasiyaya uyğun olaraq hərəkət ediləcək. "Bu məsələ təkcə bizdən yox, tərəfdaş olduğumuz ölkələrdən, onlarla həyata keçirdiyimiz layihələrdən, o cümlədən neftin qiymətindən asılıdır. Situasiya bu cür davam edərsə, manatın kursunda ciddi dəyişiklik olmayacaq" deyə baş bankir bildirib. Bu isə o deməkdir ki, neftin ucuzlaşmasına uyğun olaraq manatın yenidən ucuzlaşması mümkündür.  
İqbal Ağazadə hesab edir ki, Azərbaycan manatı neftdən asılıdır. "Azərbaycan neftinin dəyəri dünya bazarında necə olacaqsa, manatın da dəyəri elə olacaq." - deyə İ.Ağazadə bildirdi.
"Manatın ucuzlaşması banklara ciddi zərbə vuracaq"
Elman Rüstəmov parlamentdəki çıxışında həmçinin bəzi bankların bağlanacağı ilə bağlı xəbərlərə münasibət bildirərək Mərkəzi Bankın məcmu kapitala olan tələbini yerinə yetirməyən banklarla xüsusi kapitallaşma proqramı imzalandığını bildirib. O, qeyd edib ki, belə bir həssas məqamda bankların bağlanması ilə bağlı qərar bazara mənfi təsir edə bilərdi: "Bəzən bankların batacağı ilə bağlı fikirlər səsləndirilir. Bu fikirlər populist, məsuliyyətsiz fikirlərdir. Bank sistemində heç bir problem yoxdur. Banklarda kifayət qədər kapitallaşma gedib. Biz sabitləşdirici tədbirlər görmüşük və bu siyasəti davam etdirəcəyik" - deyən baş bankir manatın ucuzlaşması ilə bağlı yaranmış vəziyyətdə, dollarla kredit götürənlərə güzəşt edilməsi məqsədilə banklara kreditlərin vaxtını uzatmağı və faiz dərəcələrini aşağı salmağı məsləhət görüb.
Deputat İqbal Ağazadə isə hesab edir ki, manatın ucuzlaşması müəyyən problemlərə səbəb olacaq. "Problemli kreditlər olacaq. Bu, bir faktdır, amma onu nə dərəcədə tənzimləmək olacaq? Bankların müştəriləri azalacaq, bank kreditlərinin verilməsində ciddi problemlər yaranacaq. Çünki iş olmayanda əhali də kredit götürməyə meylli olmur. Çünki ölkənin maliyyə bazarı sabit deyilsə, iş adamı pulu necə götürsün? O bilmir ki, riski nə qədərdir. Ona görə də banklara müraciətlər çox az olacaq. Banklar bunu düşünməli və tənzimləmənin yollarını aramalıdırlar. Xarici valyuta ilə kreditverilmə faizləri aşağı salınmalıdır. İndiki halda xarici valyuta ilə kreditlər 18-26 faizlə verilirsə, bu faiz 8-10 faizə endirilməlidir" - millət vəkili bildirdi.
Azər Mehtiyev: "Bank faizlərinin aşağı salınması gözlənilmir"
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin rəhbəri Azər Mehtiyev isə Elman Rüstəmovun çıxışına münasibət bildirərkən deyib ki, banklara göstəriş, təklif verməklə, xahiş etməklə nəyəsə nail olmaq, mühiti dəyişmək mümkün deyil. İqtisadçı qeyd edib ki, bankların öz resurslarını necə əldə etməsi reallığını dəyərləndirmək lazımdır: "Kommersiya banklarının resurslarının dəyərinin nəyə bərabər olduğuna diqqət etmək lazımdır. Ona da diqqət etmək lazımdır ki, bunun müqabilində onlar krediti hansı faizlə verə bilərlər.
Ölkədə əmanətlərin cəlb edilməsinin ən aşağı dərəcəsi 12 faizdir, bunlar da sığortalanan əmanətlərdir. Sığortalanmayan əmanətlərin faiz dərəcələri isə daha yüksəkdir.
Belə vəziyyətdə banklar heç bir halda öz gəlirini də bunun üzərinə qoyaraq kredit təqdim etməz" - deyə ekspert modern.az-a bildirib. 
O, faiz dərəcələrinin aşağı salınması üçün yeganə mənbənin büdcə olduğunu diqqətə çatdırıb: "Mərkəzi Bankın mərkəzləşdirilmiş şəkildə bu il banklara təqdim etdiyi kredit resurslarının həcmi böyük deyil. Əgər Mərkəzi Bank özü daha ucuz faizlərlə kommersiya banklarına kredit resursları təqdim edərdisə, bunun təsir imkanı olardı. Nəticədə kommersiya banklarının qarşısına hansısa tələbləri qoymaq olardı.
Bu gün Azərbaycanda kredit faizlərinin aşağı salınmasına imkan verən yeganə mənbə dövlət büdcəsindən güzəştli kreditlər üçün ayrılan vəsaitlərdir. Bunların da həcmi məhduddur və bank kreditlərində xüsusi çəkiyə malik deyil. Bu baxımdan qarşıdan gələn inflyasiyalı dövrdə bank faizlərinin aşağı salınmasını gözləməyə dəyməz".
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024