Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (4-03-2015, 12:56)
Haqverdiyev və Hacıbəyov haqda maraqlı faktlar

Haqverdiyev və Hacıbəyov haqda maraqlı faktlar

Azərbaycanın ictimai-siyasi, ədəbi-bədii xadimləri ilə bağlı ən yaxşı anları, tarixi şəxsiyyətlərin həyatı barədə maraqlı xatirələri onların nəsillərinin davamçıları - qohumları, nəvə-nəticələri yaddaşlarında saxlayırlar

 

Onlar şahidi olduqları maraqlı xatirələri, yaxud valideynlərindən, nənə-babalarından eşitdikləri rəvayətləri gələcək nəsillərə ötürürlər. Görkəmli yazıçımız, dramaturq, pedaqoq, ədəbiyyatşünas Əbdürrəhimbəy Haqverdiyevin və dünyaşöhrətli bəstəkarımız Üzeyir Hacıbəyovun nəslinin davamçılarından olan Elmina Cəbrayıllı da belə şəxslərdəndir. Yaxın günlərdə ömrünün 78-ci baharına qədəm qoyacaq E.Cəbrayıllı ilə görüşüb, onun Azərbaycanın iki dahi şəxsiyyəti ilə bağlı xatirələrini dinlədik.
Mediatv.AZ publika.az-a istinadən Elmina Cəbrayıllının Üzeyir Hacıbəyovla bağlı xatirələrini, eləcə də Əbdürrəhimbəy Haqverdiyev barədə doğmalarından eşitdiyi rəvayətləri təqdim edir.  
 
Mənzilin girişində Üzeyir Hacıbəyovdan yadigar qalmış asılqanı – buynuzu qoruyub saxlayan Elmina Cəbrayllının yaşadığı ev Haqverdiyev, habelə digər şəxsiyyətlərdən qalmış əşyalarla, fotolarla zəngindir.
 
“Əbdürrəhimbəy nənəmi külfəti ilə birgə Bakıya gətirib”
 
1937-ci ildə Bakıda dünyaya gələn Elmina Cəbrayıllının sözlərinə görə, əsilləri Şuşa şəhərindəndir: “Biz məşhur Cavanşir xanın 6-cı nəslindənik. Sonradan kasıblamış bəylərdən olan babam Murtuza bəy əvvəllər aptek işlədirmiş. Bu, Şuşanın yeganə böyük apteki imiş. Dünyasını dəyişdikdən sonra övladları onun sənətini davam etdiriblər. Nənəm Sənəm xanım Əbdürrəhimbəy Haqverdiyevin bacısı, Üzeyir Hacıbəyovun xalasıdır. Bu mənada Üzeyir bəyin xalası nəvəsi olduğumdan onunla bağlı xatirələr bu günə kimi yadımdadır”.
 
Onun qohum-əqrəbaları bir sıra səbəblər üzündən sonradan Bakıya köçməyə məcbur olublar: “Əbdürrəhimbəy Haqverdiyev barədə  anamdan və nənəmdən eşitdiklərimi yadımda saxlamışam. O vaxtlar uşaqdım. Nənəm danışırdı ki, Əbdürrəhimbəy onu bacısı kimi çox istəyirmiş. Babamın rəhmətə getdiyini eşidəndə Əbdürrəhimbəy nənəmi böyük külfəti ilə birgə Bakıya gətirib.
 
Nənəm həm Əbdürrəhimbəy, həm də Üzeyir bəy haqqında çox danışardı. Həmişə deyərdi ki, onlar kimi vətəni, xalqı sevən insan çox az tapılar. Hər ikisi çox yaxşı, qayğıkeş adamlar olub. Üzeyir bəy də, Əbdürrəhimbəy də insanlara kömək etməkdən zövq alıblar. Onlar nənəmə də çox yardım ediblər, əl tutublar”.
 
Özünün də dediyinə görə, dahi bəstəkar Üzeyir bəy onun musiqiçi olmasını istəyirmiş: “O, mahnı oxumağıma kömək edir, səsim üzərində işləyirdi. Onda hələ 9-10 yaşım vardı. Səsim yaxşı olduğundan, mənimlə maraqlanar, daim qayğı göstərərdi. Öyrətdiklərinin bəziləri indi də yadımdadır.
 
Sənəm nənəm Əbdürrəhimbəylə maraqlı xatirələri danışardı. Onlardan çoxunu hələ də sevə-sevə xatırlayıram. Deyirdi ki, Əbdürrəhimbəy diqqətcil adam imiş. Nənəmlə görüşəndə maraqlı söhbətlər edirmiş. Əbdürrəhimbəy Sənəm nənəmin yaddaşında çox gözəl insan kimi qalmışdı. Həmişə deyərdi ki, Haqverdiyev haqqında saatlarla danışsam da, yorulmaram. Nənəm həmişə Əbdürrəhimbəydən söhbət açanda hamımız maraqla oturub onu dinlərdik”.
 
“Əbdürrəhimbəy qadının əlindən tutmaq da istəyir”
 
Günlərin bir günündə Əbdürrəhimbəy  Azərbaycan Dram Teatrından çıxıb, keçmiş "Basin" küçəsi ilə işdən qayıdanda qarşısında asta addımlarla yeriyən qədd-qamətli bir çadralı qadın diqqətini cəlb edir: “Nədənsə qadına qarşı marağı artır və onun ardınca getməyə başlayır. Qeyd edim ki, nənəm çox incə və gözəl qadın olub. Sənəm nənəm həm Qərb, həm də Şərq üslubunda geyinməyi xoşlayırmış. Ona görə də küçədə insanların diqqətini cəlb edirmiş. Deyirdi ki, küçəylə addımlayanda arxadan kiminsə dalımca gəldiyimi hiss etdim. Amma dönüb baxmır, fikir vermirdim. Nənəm həmin küçə ilə Təzəpir Məscidinə aparan yola tərəf addımlayıb. Əbdürrəhim bəy isə onun arxasınca gəlməkdə davam edib. Nənəm evinə çatar-çatmaz küçənin qarşı tərəfinə keçib ki, yaşadıgı mənzilə daxil olsun. O, evinə çatanda addımlarını yeyinlədib. Əbdürrəhimbəy də yerişini sürətləndirib ki, ona daha da yaxınlaşsın”.
 
Bacı-qardaş ilk baxışdan bir-birini tanımayıblar: “Nənəm onun arxasınca düşən kişinin kimliyi ilə maraqlansa da, dönüb baxa bilmir. Onlar indiki Mirzə Fətəli Axundovun adını daşıyan küçənin tininə çatanda, nənəmlə onu arxadan təqib edən kişi arasında məsafə daha da qısalır. Əbdürrəhimbəy Sənəmin elə onun yaşadıgı evə istiqamət aldıgını görüb, qadına bir qədər də yaxınlaşır. Qadın qapıya çatıb, binanın dəhlizinə daxil olanda Əbdürrəhimbəy yenə ondan əl çəkmir. Hətta yaxınlaşıb, qadının əlindən tutmaq da istəyir. Elə bu an nənəm geri dönüb, gözlənilmədən bayaqdan onu təqib edən kişinin üzünə sillə vurur. Amma onu təqib edən adamın qardaşı olduğunu görəndə bir anlıq təəccüblənir: "Sən niyə belə edirsən? Bıy, ə, qırışmal, bacına sataşmaq istəyirdin? "- deyir. Nənəm xatırlayır ki, Əbdürrəhimbəy bacısını tanıyanda onu qucaqlayıb bağrına basır, üzündən öpür. "Bu Sənəm bacıdır ki! Vallah, səni tanımadım. Yerişin, davranışların məni çaşdırdı, çox gözəl addımlayırsan" - deyə gülümsünür. Nənəm isə ona etiraz edir: “Lap tutaq ki, yerişim yaxşıdır. Özgə qadın olsaydım, mənə sataşmalıydın? Sənə kim bu ixtiyarı verib?”
 
Hər ikisi belə məzəli hadisəyə o ki var gülüblər: “Nənəm həmişə deyərdi ki, bilmirdim bu olaya kədərlənim, yoxsa sevinim?”.
 
“…bunu başıma oyun açdığına görə almışam”
 
Elmina Cəbrayıllının görkəmli şəxsiyyətlər haqqında eşitdikləri bununla yekunlaşmır: “Nənəmin ən çox xatırladığı maraqlı olaylardan biri də əvəlikli plov hadisəsidir. Sənəm xanım çox gözəl yemək bişirirmiş. Ümumiyyətlə mənim qohumlarım əvəlikli plovu o dövrdən çox seviblər. Günlərin bir günündə Əbdürrəhimbəy evə gəlib nökərə tapşırır ki, get, Ketsxoveli küçəsinə, Üzeyir bəyə de, bacın əvəlikli plov bişirib, kəklikotu çay dəmləyib, səni qonaq çağırır. Yeri gəlmişkən, deyim ki, o vaxt qohumlarımız əvəlikli plovu həm də naxoş, qarnı xəstə adamlar üçün dəmləyiblər. Üzeyir bəy nökərdən qonaq çağırıldığını eşidəndə fikirləşib ki, yəqin, Sənəm naxoşlayıb. O, evə  gəlir, şlyapasını buynuzdan asır: “Qonaq gələn Üzeyir bəy evə daxil olanda bəzi qohumlarının burada olduğunu görür. Onlar mehribancasına görüşüb hal-əhval tuturlar. Həyəcanlanmş qonaq "Bəs, Sənəm bacım hardadır? Xəstələnib?” – deyə soruşanda Əbdürrəhimbəy cavab verir ki, narahat olma, odur, Sənəm bizə süfrə hazırlayır. Əbdürrəhimbəy isə stolun üstündəki yelpiyi göstərib, Sənəm nənəmlə bağlı əhvalatı ona nəql edir.
 
Sən demə, qonaqların evə yığışmasının səbəbkarı nənəm imiş. Əbdürrəhimbəy  dükandan yelpiyi Sənəm nənəm üçün alıb. Həmin məclisdə deyir ki, bunu küçədə mənim başıma oyun açdığına görə almışam. Məclisə qonaq çağırılanların hamısı uğunub gedirlər. Əbdürrəhimbəy əlavə edib ki, Sənəm xanım çox ora-bura qaçır. Yelpiyi həm də ona görə aldım ki, yorulanda tərini soyutsun”...
 
Bunu nəql edəndən sonra Elmina xanım evinin girişində bugünədək saxladığı buynuzlu asılqandan danışır: “Bu asılqan mənə Üzeyir bəyi və Əbdürrəhimbəyi xatırladır. Nənəmin sözlərinə görə, hər ikisi papaqlarını buynuzdan asardılar. İndi həmin buynuzu mənzilimin girişindən asmışam. Bu mənə onlardan qalmış yadigarlardan biridir”.
 
Üzeyir bəy həmin buynuzu Elmina Cəbrayıllının anasına bağışlayıb. O isə qızına  hədiyyə edib.
 
“Üzeyir bəy məni görcək saçlarımı sığalladı,  üzümdən öpdü”
 
Dahi bəstəkar Üzeyir Hacıbəyov Elmina Cəbrayıllını özüylə ədəbi-bədii tədbirlərə aparmağı sevirmiş: “Bir dəfə Üzeyir bəy nənəmə dedi ki, usagı geyindir, onu teatra aparacağam. Onda təxminən 8-9 yaşım vardı. Məni teatra aparıb bir yerdə oturtdu. Tapşırdı ki, burdan tərpənmə. Özü isə gedib qonaqlarla, rəsmi şəxslərlə görüşdü. Üzeyir bəyin başı teatra elə qarışmışdı ki, harada olduğumu unudub, bir az sonra məni axtarmağa başlayıb. Ona deyiblər ki, nəvəniz burda əyləşib. Üzeyir bəy məni görcək gülümsündü. Saçlarımı sığallayıb üzümdən öpdü. Evə gətirəndə yolda mənimlə xeyli zarafatlaşdı. O, uşaqlara qarşı çox mehriban idi. Həmişə mənə “sən mənim nəvəmsən” – deyərdi. Hərdən də mənimlə rus dilində danışardı”.
 
Üzeyir Hacıbəyov bir dəfə Elmina Cəbrayıllını indi “beşmərtəbə” deyilən yerin yaxınlığında yaşayan qohumlarından birinin evinə aparıb ki, qoca qadın evdə tək qalmasın, həm də ona evi təmizləməyə, silib-süpürməyə, yemək bişirməyə kömək etsin, evdə darıxmasın: “Təəssüf ki, indi  həmin xanımın adını unutmuşam. Yaşımın az olmasına baxmayaraq, ev işlərində ona kömək etməyə başladım. Qadın mənə dedi ki, qal evimdə, hər gün mənə kömək et. Cavab verdim ki, qoy Üzeyir bəy gəlsin, əgər razılıq versə, qalıb sizə kömək edərəm. Hacıbəyov dalımca gəlmədi. Amma zəng edib mənimlə maraqlandı. Buna görə də bir neçə gün həmin qocanın evində qalmalı oldum. Qadın onun evində qalmağıma elə sevinirdi ki... Mənimçün yer düzəltmək istəyəndə imtina etdim ki, lazım deyil, özüm düzəldərəm. Bir neçə gün sonra Üzeyir bəy arxamca gəlib məni evimizə apardı”.
 
“Onu səhnəyə Hacıbəyov dəvət etmişdi”
 
Üzeyir Hacıbəyov erkən yaşlarında atalarını itirmiş ailənin övladları ilə maraqlanır, onların  qayğısına qalır: “O, evimizə tez-tez gəlir, anamla söhbətləşirdi. Çünki atam yox idi. Atam Soltan Cəbrayıllı  Daxili İşlər Nazirliyində çalışırdı.  Lakin sonradan repressiya dalğasının qurbanı oldu. Sovet hökuməti atama "xalq düşməni" damğası vurub, dəmir barmaqlıqlar arasına saldı. Mən onun həbsxanaya düşməsindən bir neçə ay sonra dünyaya gəlmişəm. Atamı Azərbaycandan sürgün etdilər. O, həbs olunandan sonra anam Ali Sovetdə işləyib bizi dolandırmağa başladı, fars və ərəb dilləri üzrə tərcüməçi işlədi, o zamankı Azərbaycan Dövlət Universiteti məsafə baxımından yaxın olduğundan, anam həmin ali məktəbdə dərs deyirdi.
 
Problemlərimizin bir qisminin həll edilməsinə Üzeyir bəy yardımçı olurdu. O, təkcə bizim yox, digər doğmalarımızın da qayğısına qalırdı. Xalam Məhbubə Abdullabəyova Bakıda ilk dəfə “Ərəbzəngi”ni oynayanlardan olub. Onu səhnəyə Üzeyir bəy dəvət etmişdi. Bir gün Üzeyir bəy bizə gəldi. Nənəmə dedi ki, icazə ver, Məhbubəni aparım, “Ərəbzəngi”ni səhnə arxasından oxusun. Artıq səhnəyə çıxacaq adamların hamısı, tamaşanın təşkilati işləri hazır idi. Nənəm razılıq verdi. Xalamın ifası Üzeyir bəyin elə xoşuna gəlmişdi ki, Məhbubəni ikinci ali təhsil almaq üçün Moskvaya göndərdi. Hacıbəyovun sayəsində xalam növbəti ali təhsilini alıb Bakıya qayıtdı.
 
Sonradan bildim ki, getdiyim mərasim Üzeyir bəyin hüzrü imiş
 
Nənəm, hərdən də anam bizi Üzeyir bəyin konsertlərinə aparardı. Bir gün yenə məni böyük məclislərdən birinə apardı. Amma bu, şənlik məclisi deyildi. Çünki hamı hüzn içində idi. Onda hələ bir çox şeyləri dərk etmirdim. Sonradan bildim ki, getdiyim məclis Üzeyir bəyin vəfatı ilə əlaqədar təşkil olunmuş hüzr tədbiri imiş...
 
Haqverdiyevin əsərlərini çox oxumuşam. Amma yaş öz işini görür deyə, bəziləri yadımdan çıxıb. O ki qaldı Üzeyir bəyin musiqilərinə, onları dinlədikdə Hacıbəyovla bağlı bütün xatirələr gözlərimin önündə canlanır. Xaricə çox səfərlər edirəm. Hansı ölkəyə gedirəmsə, həm Haqverdiyevin, həm də Üzeyir bəyin şəkillərini, əsərlərini özümlə aparır, Azərbaycandan kənardakı dostlarıma bu tarixi şəxsiyyətlər haqqında söhbət açıram. Fəxr edirəm ki, belə qohumlarım olub...
 
Haqverdiyevin orijinal əsərləri evimdə məhv oldu
 
Əbdürrəhimbəydən bizə çox yadigar qalmışdı. Həmin hədiyyələrin, antikvariat əşyaların bir qismini muzeylərə bagışladım. Bir dəfə evimizdə yanğın baş verdi. Əşyaların bir qismi  yanıb külə döndü. Evdə Sənəm nənəmdən də çox şey yadigar qalmışdı. Əbdürrəhimbəy və Üzeyir bəylə bağlı Sənəm nənəmdən qalmış şəkillərin, məktubların demək olar hamısı, o cümlədən Haqverdiyevin bəzi orijinal əsərləri məhv oldu. Habelə bir sıra antikvar əşyalarımız külə döndü”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024