"Dövlət Neft Şirkəti (SOCAR) də daxil olmaqla 4 iri dövlət şirkətinin maliyyə nəticələrinin əhəmiyyətli dərəcədə yaxşılaşması müşahidə olunur, bu meyl güclənir".
"Mediatv.az" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, ötən müddətdə Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyəti çərçivəsində dövlət şirkətlərində korporativ idarəetmə islahatlarına start verilib.
"Hazırda bu şirkətlərin fəaliyyətinin maliyyə nəticələrinin yaxşılaşdırılmasına və şəffaflığın artırılmasına yönəlmiş kompleks fəaliyyət planı həyata keçirilir. Bu günə qədər 9 şirkətdə Müşahidə Şurası yaradılıb, birinin tərkibi dəyişdirilib. Holdinqin idarəetməsinə verilmiş 8 dövlət müəssisəsinə beynəlxalq məsləhətçilər cəlb edilməklə hüquq, maliyyə, vergi və kommersiya sahələrində fəaliyyət nəticələrinin diaqnostikası aparılıb. Hazırda 3 şirkətdə bu proses tamamlanmaqdadır. Diaqnostika əsasında təkmilləşdiriləcək sahələr və həll ediləcək məsələlər üzrə tədbirlər planı hazırlanır. Portfel şirkətlər üzrə korporativ strategiyaların hazırlanması, illik və ortamüddətli səmərəlilik göstəriciləri və maliyyə dayanıqlığının artırılması üzrə hədəflərin müəyyən olunması,habelə divident siyasətinin hazırlanması tədbirlər planının mühüm istiqamətlərini təşkil edir", - deyə o, qeyd edib.
"Holdinqin İdarəetməsinə verilmiş dövlət şirkətləri ölkə iqtisadiyyatının təməl müəssisələridir. Bu şirkətlərdə idarəetmə sisteminin təkmilləşdirilməsi, şəffaflığın və iqtisadi səmərənin yüksəldilməsi , rəqabət qabiliyyətinin artırılması, maliyyə durumu və dayanıqlığın yaxşılaşdırılması əsas vəzifə olaraq müəyyənləşdirilib", - deyə M.Cabbarov əlavə edib.